Accessibility links

Əl-Qaidə İraqda Fəllucəyə nəzarəti ələ keçirib


İraqda günlərdir davam edən döyüşlərdən sonra Əl-Qaidə yaraqlılarının Fəllucənin nəzarətini ələ keçirdiyi haqda məlumat verilir.

Təhlükəsizlik qüvvələrinin yüksək səviyyəli nümayəndəsinin Fransa xəbər agentliyinə verdiyi məlumata əsasən, Fəllucənin nəzarəti Əl-Qaidə ilə əlaqəsi olan İraq və Suriyada İslam Dövləti adlı qrupa keçib.

Şahidlər paytaxt Bağdaddan 60 kilometrlik məsafədə yerləşən Ənbər vilayətində hökumət qüvvələrinin mövcudluğuna dair heç bir işarənin olmadığını bildirib.

Cümə günü Əl-Qaidə yaraqlıları Fəllucədə hökumət binaları üzərində təşkilatın bayrağını yüksəltmiş və ərazini müstəqil islam dövləti elan etmişdir.

Şahidlərin sözlərinə görə, yaraqlılar şəhərdə elektrik xətlərini kəsib və sakinlərə generatorlardan istifadə etməmək haqda əmr verib.

Cəzalandırılacağından qorxaraq, adının açıqlanmasını istəməyən yerli jurnalistlərdən biri Washington Post qəzetinə polis və hökumət qüvvələrinin şəhəri tərk etdiyini və Əl-Qaidə yaraqlılarının İraqın milli bayraqlarını yandırdığını deyib.

İraqın qərb bölgələrində döyüşlər Baş nazir Nuri Əl-Məliki qarşısında ölkəni bütov saxlamaya bilməsi və vətəndaş müharibəsinə yol verməməsi üçün ciddi bir sınaqdır.
XS
SM
MD
LG