Accessibility links

Vəkil: Leyla Yunus yarıac vəziyyətdə saxlanır [Audio-müsahibə]


Vəkil Əlaif Həsənov
Vəkil Əlaif Həsənov

Əlayif Həsənovun Leyla Yunus və İntiqam Əliyevin saxlanma vəziyyəti ilə balı Amerikanın Səsinə müsahibəsi

Vəkil Əlayif Həsənov Amerikanın Səsinə müsahibəsində həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun saxlanma şəraitinin ağırlığı, onun kamerasında havanın çatışmaması, dərmanlarının verilməməsi, dözülməz münasibət, hüquq müdafiəçisi İntiqam Əliyevin vəkilə təqdim edəcəyi yazılarının senzuradan keçirilməsindən danışıb.

Vəkil Əlayif Həsənovla müsahibə
please wait

No media source currently available

0:00 0:10:29 0:00

Amerikanın Səsi: Siz dünən həbsdə olan hüquq müdafiəçiləri Leyla Yunus və İntiqam Əliyevlə görüşübsünüz. Səhhətləri necədir?

Leyla Yunus kamerada 6 nəfərlə birgə saxlanılır, hansı ki, onların da biri dəfələrlə cinayət törətmiş qadındır.

Əlayif Həsənov: Leyla xanımın səhhətində xeyli problemlər qalıb. Bu problemlər bir qədər də kəskinləşib. Özünün dediyinə görə səhhətinin kəskinləşməsinin səbəbi odur ki, Leyla Yunusa hazırda dərman verilmir. O azadlıqda olanda şəkər xəstəliyindən əziyyət çəkirdi, bir sıra digər xəstəlikləri də var idi. Onun avqustun 5-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə müraciət etməsinə baxmayaraq bu günədək yaxınlarının Leyla xanımı pəhriz yeməkləri ilə təmin etməsinə icazə verilmir. Eləcə də dərmanların verilməsində ciddi şəkildə problem var. Leyla xanımın deməsinə görə hazırda o yarıac vəziyyətdə saxlanır. Bu şübhəsiz ki, onun səhhətinə təsir etməyə bilməz.

Digər tərəfdən ona psixoloji təsirlər var. Məsələn, başqa kameralarda yaradılan şərait Leyla xanımın qaldığı kamerada təmin olunmur. O kamerada 6 nəfərlə birgə saxlanılır, hansı ki, onların da biri dəfələrlə cinayət törətmiş qadındır. Kameranın sahəsi cəmi 12 kvadratmetrdir, havasızdır, ventilyasiya sistemi çox bərbaddır. Həm də onun saxlanma şəraiti elədir ki, qapının arxasında cəmi 4 saxlanma kamerası var. O kameraların üçündə ağır cinayət törətmişlər, bəzilərində isə Qobustan qapalı həbsxanasından gətirilmiş residivistlər saxlanılır. Bütün bunlar Leyla xanıma təsir edir, onun vəziyyəti kritik həddə çatıb.

İkinci tərəfdən Leyla xanımın həyat yoldaşı Arif Yunus da həbs edilib və Arif Yunus barədə heç bir məlumat ala bilmir.

Leyla xanımın həyat yoldaşı Arif Yunus da həbs edilib və Arif Yunus barədə heç bir məlumat ala bilmir.

Hətta Leyla xanımın öz vəsaiti hesabına belə zəruri məmulatları almasına imkan verilmir. Onun həbsxanada bir qədər vəsaiti də var. Tutulan zaman üzərində 43 manatı olub. Həmin pulu tələb etməsinə baxmayaraq özünə vermirlər ki, özü üçün zəruri olan məmulatları alsın. Təbii ki, belə vəziyyətdə saxlanan insanın səhhətinin normal olduğunu demək olmaz.

Amerikanın Səsi: Leyla xanım mediada bəyanat yaymışdı ki, həbsdə ona bir qadın işgəncə verir. Bununla bağlı nə deyə bilərsiniz?

Leyla xanım saxlanan otaq elədir ki, nəfəsliyi həm balacadır, həm də axıradək açılmasına imkan verilmir.

Əlayif Həsəınov: İşgəncə verir məsələsi belədir ki, faktiki olaraq orada Leyla xanıma fiziki xəsarət yetirən yoxdur. Amma başqa kameralarda yaradılan şərait, deyək ki, başqa kameralarda nəfəslik tam açılır, normal nəfəsliyi olan kameralarda insanlar saxlanılır, amma Leyla xanım saxlanan otaq elədir ki, nəfəsliyi həm balacadır, həm də axıradək açılmasına imkan verilmir. Eləcə də başqa kameralarda məhbusların öz hesabına ventilyator və bir qızdırıcı peçin qoyulmasına imkan verilir. Amma Leyla xanımın qaldığı kamerada buna imkan verilmir.

Onunla eyni kamerada saxlanan şəxslərdə belə fikir aşılanır ki, onlar Leyla xanıma görə belə halla rastlaşıblar. Yəni həmin şəxslərin hamısı birgə Leyla xanıma qarşı qoyulur.

Saxlanma şəraiti ilə bağlı Penitensiar Xidmətin bir fikri varsa buyursunlar vəkillərin, hüquq müdafiəçilərinin və Leyla xanımın iştirakı ilə saxlandığı yerə baxış keçirsinlər.

Dünən bununla bağlı yayılan məlumatı Penitensiar Xidmət təkzib edib. Mən istinad edirəm Leyla xanımla görüşümə və onun sözlərinə. Əgər Prnitensiar Xidmət bunu təkzib edirsə, yaxşı olar ki, onun iştirakı ilə bu, araşdırılsın. Saxlanma şəraiti ilə bağlı Penitensiar Xidmətin bir fikri varsa buyursunlar vəkillərin, hüquq müdafiəçilərinin və Leyla xanımın iştirakı ilə saxlandığı yerə baxış keçirsinlər.

Amerikanın Səsi: Vəkillərlə görüşə imkan yaradılırmı? Çətinliklər yoxdur ki?

Əlayif Həsənov: Dünən onu gətirdilər, konfidensial görüşümüzə mane olan bir şey görmədim. Amma Leyla xanım gətiriləndə heç bir əsas olmadan yoxlanır, yəni başqa məhbuslardan fərqli şəkildə yoxlanılır. Dünən mən görüşlə bağlı məktub aparmışdım. Məktub tam qaydasında olmasına baxmayaraq yoxladılar, sonra istintaq və müstəntiqlərlə dəqiqləşdirdikdən sonra məni görüşə buraxdılar. Bu vəkillik fəaliyyətimdə ilk dəfə rast gəldiyim hal idi.

Amerikanın Səsi: İntiqam Əliyevin saxlanma şəraiti, səhhəti necədir? Arzuları, sözü varmı?

İntiqam Əliyev mübariz əhval-ruhiyyədədir.

Əlayif Həsənov: İntiqam müəllim saxlanma şəraitindən o qədər də narazı deyil. Hesab edir ki, o əsassız həbs edilib. Barəsində olan cinayət işinin sifarişli olduğunu düşünür. Amma onun da səhhətində problemlər var. Hesab edir ki, bu problem elə də kritik vəziyyətdə deyil.

Mübariz əhval-ruhiyyədədir. Onu daha çox narahat edən Avropa Məhkəməsində apardığı yarımçıq qalmış işlərdir. Həmin işlərin sənədləri İntiqam müəllimin ofisindən götürülüb, həm də dosyesi aparılmadan götürülüb. Bu gün həmin işlərin baxılma vaxtı yetişir, amma vəkil həbsdədir, sənədlər ortada yoxdur. Bax bu vəziyyət onu xüsusi narahat edir.

Amerikanın Səsi: Leyla xanımın və İntiqam bəyin cəmiyyətə mesajları varmı?

Mesajı bir də budur ki, bu qisas hissi nə Leyla xanımı tutduğu yoldan döndərə bilər, nə onu aqressivləşdirə bilər.

Əlayif Həsənov: Leyla xanımın mesajı konkretdir. Leyla xanım düşünür ki, onu hüquq-müdafiə fəaliyyətinə, Azərbaycanda insan haqlarının durumu ilə bağlı obyektiv və qərəzsiz məlumat verdiyinə və bu məlumat hakimiyyət tərəfindən qıcıqla qəbul edildiyinə görə ondan qisas alırlar. Mesajı bir də budur ki, bu qisas hissi nə Leyla xanımı tutduğu yoldan döndərə bilər, nə onu aqressivləşdirə bilər. O insan hüquqlarının müdafiəsi sahəsində əvvəlki fəaliyyətini davam etdirəcək və ondan heç kim başqa addım atacağını gözləməsin.

Eyni sözləri İntiqam Əliyev barədə də demək olar. O ölkədə başqa həbs olunanların QHT və ictimai sektordan həbs olunanların taleyindən narahatdır. Onların müdafiəsi İntiqam Əliyevi daha çox maraqlandırır, nəinki özünün müdafiəsi.

Bu insanlar bilmək istəyir ki, vəkillərlə konfidensial ünsiyyəti necə olmalıdır. Onlar yazışmaları vəkillərə necə verməlidir.

Həm Leyla xanım, həm də İntiqam bəy Penitensiar Xidmətin saxlanma müəssisəsindən bir məsələnin dəqiqləşdirilməsini istəyir. Bu insanlar bilmək istəyir ki, vəkillərlə konfidensial ünsiyyəti necə olmalıdır. Onlar yazışmaları vəkillərə necə verməlidir. Hazırda istintaq təcridxanasının rəisi hər ikisinə bildirib ki, bütün yazışmalar yalnız onlar tərəfindən oxunandan sonra vəkillərə verilə bilər. Dünən də İntiqam müəllimin yazıları oxunandan sonra vəkillərə verildi. Lakin İntiqam müəllim hesab edir ki, yazıları senzuradan keçirilməməlidir. Buna aydınlıq gətirilməlidir. Bilirsiniz bununla bağlı İntiqam müəllimə töhmət verilib. O vəkilə heç bir xüsusi əhəmiyyəti olmayan qeyd verərkən ona irad tutulub və töhmət elan olunub.

Dünən vəkil Anar Qasımlı bununla bağlı sorğu gətirmişdi, ancaq həbsxananın rəhbərliyi heç bir səbəb göstərmədən vəkilin sorğusunu qəbul etməkdən imtina etdi.

Müəlliflərdən: Öz növbəsində Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi Leyla Yunus və İntiqam Əliyevin saxlanma şəraiti ilə bağlı aşağıdakı məlumatı yayıb:

“Ədliyyə Nazirliyinin Penitensiar xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxslər - İntiqam Əliyev və Leyla Yunusun saxlanma şəraiti barədə bəzi kütləvi informasiya vasitələrində yer almış həqiqətə uyğun olmayan məlumatlara cavab olaraq bildirir ki, hər iki şəxsin saxlanma şəraiti ilə bağlı narazılıqları əsassızdır. Belə ki, müasir standartlara uyğun inşa edilmiş və beynəlxalq müşahidəçilərin də daim yüksək qiymətləndirdikləri Bakı İstintaq Təcridxanasındakı kameralarda hava çatışmazlığı ilə bağlı problem mövcud deyildir. Bütün kameralarda Cəza İcra Məcəlləsinin və Daxili İntizam Qaydalarının tələblərinə uyğun şəkildə təmiz hava axınının mövcudluğu təmin edilir. Bununla yanaşı, hər iki təqsirləndirilən şəxs gəzinti hüququndan istifadə edir.

Qeyd edək ki, İntiqam Əliyev və Leyla Yunus digər təqsirləndirilən şəxslər kimi “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” AR Qanununda nəzərdə tutulan bütün hüquqlardan (telefon danışığı, tibbi yardım, vəkillərlə görüş, gəzinti, sovqat və banderol almaq hüququ) tam həcmdə istifadə etməkdədirlər.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin mütəxəssisləri tərəfindən hər iki şəxsin tibbi müayinədən keçirilməsi təmin edilib. 12 avqust 2014-cü il tarixdə Bakı İstintaq Təcridxanasının rəhbərliyi tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələrinə İntiqam Əliyev və Leyla Yunusa baş çəkmələri üçün şərait yaradılıb. BQXK əməkdaşları tərəfindən həmin şəxslərin saxlanma şəraiti ilə bağlı müəssisə rəhbərliyinə heç bir irad bildirilməyib”, Penitensiar Xidmət bildirir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG