Accessibility links

Aldadılan müştərilər etiraz aksiyaları keçirib


Aldadılan müştərilər etiraz aksiyaları keçirib

Aldadılan müştərilər etiraz aksiyaları keçirib

Hüquq müdafiəçisi bildirib ki, tikinti şirkətlərinin hamısı dövlət qeydiyyatından keçib. Amma, hökumət şirkətlərin vətəndaşlar qarşısında götürdüyü öhdəliklərə nəzarət etməyib.

“Kamran B.Ə” MMC mənzil- tikinti şirkətinin aldatdığı çoxsaylı müştərilər paytaxt Bakının 3 müxtəlif ərazisində etiraz aksiyası keçirib. İlk aksiya ATV telekanalının qarşısında olub.

Müştərilər şirkəti təbliğ edən video-çarxın telekanalda yayımlanmasına etirazlarını ifadə edib. ATV-nin rəhbərliyi aldadılan müştərilərin təmsilçilərini qəbul edərək onlara efir verməyə hazır olduğunu bildirib.

İkinci aksiya “Xəzər TV”nin önündə keçirilib. Müştərilər bu kanalda da tikinti şirkətinin reklam olunmasına etiraz edib. Etirazçıların qarşısına çıxan “Xəzər TV”nin rəhbərliyi telekanalda bu şirkətlə bağlı hər hansı reklam yayımının olmasını inkar edib. “Xəzər TV”nin önündə polis aksiyaya müdaxilə edib, vətəndaşların əllərində olan dövlət başçısı İlham Əliyevin, mərhum dövlət başçısı Heydər Əliyevin plakatları alınıb. Media mənsublarına peşə fəaliyyətini həyata keçirməyə maneçilik törədilib.

Sonra aksiya iştirakçıları müştərilərin aldadılması üzrə işin təhqiqatını aparan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin binası qarşısında etiraz edib.

Hüquq müdafiəçisi Ələkbər Məmmədov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, son illər müxtəlif tikinti şirkətləri vətəndaşları aldadıb. “Belə ki, iki mindən çox insan tikinti şirkətlərinə tikiləcək mənzillərinin müqabilində milyonlarla manat vəsait ödəyib. Amma, tikinti şirkətləri öhdəliklərini yerinə yetirməyib və vətəndaşların mənzillərini tikib təhvil verməyib. Hətta elə şirkətlər var ki, eyni mənzili bir neçə müştəriyə satıb”.

Hüquq müdafiəçisi hesab edir ki, hökumət aldadılmış vətəndaşlar qarşısında məsuliyyət daşıyır. “Bu tikinti şirkətlərinin hamısı dövlət qeydiyyatından keçib. Amma, hökumət şirkətlərin vətəndaşlar qarşısında götürdüyü öhdəliklərə nəzarət etməyib və ya ev tikilməmişdən mənzillərin satılmasına görə məsuliyyətin kim daşıdığını müəyyən etməyib. Hazırda vətəndaşları aldatmış şirkətlərin icraçı direktorları həbs edilib. Amma, bunun aldadılmış insanlara faydası yoxdur. Hökumət mənzilsiz və pulları fırıldaq yolu ilə əlindən alınmış vətəndaşların hüquqlarının bərpası üçün addımlar atmalıdır. Şirkətlərin əmlakı müsadirə edilməli və vətəndaşların pulları qaytarılmalıdır”, - deyə o qeyd edib.

Xatırladaq ki, aldadılmış müştərilər noyabrın 4-də də paytaxtın müxtəlif ərazilərində etiraz aksiyası keçirməyi planlaşdırır.

XS
SM
MD
LG