Accessibility links

Aleks Vatanka: İrandakı Yaşıl Hərəkatın özəyində demokratik dəyərlər durur


Aleks Vatanka: İrandakı Yaşıl Hərəkatın özəyində demokratik dəyərlər durur
Aleks Vatanka: İrandakı Yaşıl Hərəkatın özəyində demokratik dəyərlər durur

Biz Qərbdə analitiklərin Yaşıl Hərəkatın zəiflədiyini deməsinin şahidiyik. Arqument bundan ibarətdir ki, hərəkat tükənib. Hesab edirəm ki, bu səhv yanaşmadır. 2009-cu ilin yayında İran əhalisinin böyük hissələri küçələrə axışaraq rejim əleyhinə çıxdılar. Həmin əhali heç hara getməyib. Onlar hələ də İrandadır. Düzdür, onlar bu gün küçələrdə deyil. Amma narazılıq hələ də qalır. Və hərəkat bu narazılıqdan qidalana bilər. Həmçinin, liderlər də oradadırlar.Onlar hələ də ölkədə islahatların mühümlüyü haqda danışırlar. Onlar növbəti inqilabın baş verəcəyi haqda xəbərdarlıq edirlər.

Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunun mütəxəssisi Aleks Vatanka Amerikanın səsinin Azərbaycan xidmətinə verdiyi müsahibədə İranda islahatçı hərəkatın ümidverici potensiala malik olduğunu deyib. İran üzrə ekspertin dedyinə görə, Yaşıl Hərəkatın qələbəsi İranda milli azlıqların rifahına və ölkənin xarici siyasətinə müsbət dəyişikliklər gətirə bilər.

Sual: Belə görünür ki, son aylarda Yaşıl Hərəkatın aktivliyi azalıb. Onun fəaliyyətləri haqda çox eşitmirik. Yaşıl Hərəkatın hazırkı durumunu necə səciyyələndirirsiniz?


Cavab: Doğrudur ki, biz Qərbdə analitiklərin Yaşıl Hərəkatln zəiflədiyini deməsinin şahidiyik. Arqument bundan ibarətdir ki, hərəkat tükənib və onun gələcək üçün heç bir xeyri yoxdur. Hesab edirəm ki, bu səhv yanaşmadır. Əgər biz başlıca amillərə baxsaq görərik ki, 2009-cu ilin yayında İran əhalisinin böyük hissələri küçələrə axışaraq rejim əleyhinə çıxdılar. Həmin əhali heç hara getməyib. Onlar hələ də İrandadır. Düzdür, onlar bu gün küçələrdə deyil. Və bunun səbəblərini soruşmaq olar. Ola bilsin ki, 2009-cu ildə mövcud olan infrastruktur orada deyil. Amma narazılıq hələ də qalır. Və hərəkat bu narazılıqdan qidalana bilər. Həmçinin, liderlər də oradadırlar. Mirhüseyn Musəvi, Mehdi Kərrubi və Məhəmməd Xatəmi hələ də oradadırlar. Onlar hələ də ölkədə islahatların mühümlüyü haqda danışırlar. Onlar növbəti inqilabın baş verəcəyi haqda xəbərdarlıq edirlər.


Sual: İran çoxmillətli ölkədir. Qeyri-farsların mühüm kəsimini azərbaycanlılar təşkil edir. Lakin yaşıl hərəkat zamanı bir çox azərilər evdə oturdular. Azərilər arasında demokratik hərəkata qoşulub-qoşulmamaq haqda qızğın debat cərəyan edirdi. Siz qeyri-farsların demokratik hərəkatdakı rolunu necə görürsünüz?


Cavab: Siz haqlısınız: İran çoxmillətli ölkədir və milli azlıqlar İran əhalisinin 45 faizini təşkil edir. Lakin İran və İranda yaşayanların siyasi ideologiyasına gəldikdə bunu konkret səciyyələndirmək çətindir. Bu rejimin özəyini təşkil edənlər, rejim loyalistləri, Xamanei və ondan aşağıdakılar etnik azəridilər. Bu məsələyə etnik bucaq gətirəndə belə çıxır ki, farslardan ibarət rejim azərilərdən ibarət islahatçılara qarşı vuruşur. Bu, isə həqiqətə uyğun deyil. Onu da qeyd edim ki, İranın azərilər yaşayan hissələri tarixən proqressiv olublar. 1906-cı ildə Konstitutsiya hərəkatı məhz Azərbaycanda baş qaldırmışdı. 2005-ci il seçkilərində azərilər böyük səslə milliyətcə azəri olan islahatçı namizədə səs verdilər. Hətta bu faktları da nəzərə alaraq siyasi debata gəldikdə etnik məsələnin olduğunu iddia etmək azdırıcıdır. Ələlxüsus bu arqumentin azərilərə şamil edilməsi problematikdir, çünki azərilər həm də şiədirlər. Kürdlər və bəluclar kimi qeyri-şiə azlıqlara gəldikdə, məsələ bir qədər fərqlidir. Lakin azərilər özlərinə ilk öncə şiə, daha sonra isə azəri kimi baxırlar. Amma kürdlər kürddür. Bu fərqi nəzərə almaq faydalı olardı.


Sual: Sirr deyil ki, İranın ideoloji radikalzmi özünü bu ölkənin xarici siyasətində də büruzə verir. Siz İranın Cənubi Qafqaz, ələlxüsus Azərbaycanla bağlı siyasətini necə qiymətləndirirsiniz?


Cavab: Mən deyərdim ki, üzdə bu, praqmatik elementlərə əsaslanan siyasətdir. Məsələn, başlıca məqsəd kimi ticarətin artırılması göstərilir. Gürcüstanla İran arasında viza rejiminin ləğvi buna bir misaldır. Azərbaycanla İran arasında da ticarət əlaqələri genişlənməkdədir, xüsusilə də təbii qaz mübadiləsi sahəsində. Ortada praqmatik əməkdaşlıq nümunəsi var. Amma eyni zamanda tərəflar arasında qarşılıqlı şübhələr mövcuddur. Onlar bu barədə çox danışmırlar, amma Əliyevlər ailəsi uzun müddət İranın Azərbaycanın daxili işlərinə qarışmasına narahatlıqla yanaşıb. O biri tərəfdən, İran rejimini Azərbaycan-İsrail təmasları qıcıqlandırır, və İran hökuməti rəsmi Bakının İslami dəyərlərə bağlı olmamasından narahatdır. Bu narahatlıq iranlı ayətullaların Azərbaycanda hicabla bağlı yaranan mübahisə haqda bəyanatlarında da nəzərə çarpır. Üzdə sanki hər şey yaxşıdır, amma dərində çoxlu şübhələr mövcuddur.


Sual: İranda Yaşıl Hərəkatın qələbəsi İranda azərbaycanlılarla rəftara necə təsir göstərə bilər? İslahatçılar bəyan edirlər ki, onlar bütün insanların arzularını əks etdirirlər. Onların qələbəsi xarici siyasətə necə təsir göstərəcək?


Cavab: Hesab edirəm ki, hər iki baxımdan qələbənin nəticələri müsbət olacaq. Əgər siz islahatçı liderlərin son onillikdə dediklərinə qulaq asmısınızsa, onlar qeyri-fars, qeyri-şiə millətlərə yaxşı münasibət göstərilməsinin tərəfdarı olublar. Bu səbəbdən də onlara ölkəni periferiyalarında həmişçə yaxşı səs veriblər. İslahatçı hərəkatın özəyində demokratik dəyərlər dayanır. Əgər bu, belədirsə, onda inqiliabi ritorika bir kənara qoyulacaq. Əgər siz İranın qonşusunuzsa və bu ölkənin ekspansionist məramlarından və ideoloji davranışından narahatsınızsa, onda hərəkatın qələbəsi sizin narahatlıqları azaldacaq. Hələ seçki kampaniyası dönəmində Mirhüseyn Musəvi Əhmədinejada təkrar-təkrar deyirdi ki, onun hökuməti xaricdə dost qazana bilməyib və o, özü qalib gəldiyi təqdirdə İranın xarici siyasət kursunu dəyişəcək. Belə bir dəyişikliyi İranın bütün qonşuları alqışlayacaq.

XS
SM
MD
LG