Accessibility links

Aleksandr Murinson: Qarabağda hadisələrin inkişafına Rusiya və İran təsir göstərir


Suriya və İraqda İslam Dövləti qrupu tərəfindən zorakılıqlar Yaxın Şərq regionunu bütövlükdə, o cümlədən İsrail-Fələstin sülh prosesi perspektivlərini təhlükə altına alır. ABŞ-ın regionda ən yaxın müttəfiqlərindən biri olan İsrailin qonşu ərəb-müsəlman ölkələri ilə münasibətləri yox səviyyəsindədir. İsrailin ənənəvi müttəfiqi olan Türkiyə ilə də münasibətləri gərgindir. Begin-Sədət Strateji Araşdırmalar Mərkəzinin təhlilçisi Aleksandr Murinson regionda mövcud durum, İsrail-ərəb və İsrail-Azərbaycan münasibətlərini Amerikanın Səsinə müsahibədə şərh edib.

Dilşad Əliyarlı: İslam Dövləti qrupunun əməliyyatlarını genişləndirməsi ilə Yaxın Şərqdə zorakılıqlar və gərginliyin artdığı müşahidə edilir. Bu mövcud durumda İsrailin mövqeyi nədən ibarətdir?

Aleksandr Murinson: İŞİD İsrail üçün ciddi təhlükədir. Lakin İran kimi onun mövcudluğuna təhlükə təşkil etmir. İsrail İŞİD-ə bölgədə oyunçulardan biri kimi baxır. Suriyada hadisələrin dinamikası İsrailə öz təsirini göstərir. Lakin İsraili narahat edən mühüm məsələ İŞİD-in İsrailin regionda strateji baxımdan ən mühüm müttəfiqi olan İordaniyaya hücum etmək istəyidir. İŞİD İsraillə mövcud olmayan sərhədi keçib işlərə müdaxilə etməyənə və İordaniyaya hücum etməyə cəhd göstərməyənə qədər İsrail İslam Dövləti qrupuna qarşı heç bir addım atmayacaq. İsrail əslində humanitar yollar vasitəsilə bəzi yaralı döyüşçülərin daşınmasında iştirak edib. Özü də onların hansı tərəfdə, hökumət qüvvələri, ya da İŞİD-in və Nusra cəbhəsinin də daxil olduğunu müxalif qüvvələr tərəfində döyüşdüyü sual edilməyib. İsrail xəstəxanalarında bir neçə yüz yaralı döyüşçü və mülki vətəndaş var. Dediyim kimi, İsrail buna regional oyunçularından biri kimi baxır və hadisələri diqqətlə izləyir. İsrail İranın Hizbullah kimi müttəfiqini öz sərhədlərində əsas düşmən kimi qəbul edir.

"Azərbaycan neftinin əhəmiyyəti böyükdür. Bilirsiniz ki, hazırda neftin 40 faizi hələ də Türkiyə vasitəsilə İsrailə nəql edilir"-Aleksandr Murinson

Dilşad Əliyarlı: İsrail Birləşmiş Ştatların regionda hər zaman ən yaxın müttəfiqlərindən biri olub. Lakin İsrailin özünün ərəb-müsəlman ölkələri arasında müttəfiqi yoxdur. Əvvəllər onun regionda ən yaxın müttəfiqi Türkiyə idi. İndi İsrailin tərəfdaşı kimi hansı ölkəni göstərə bilərsiniz?

Aleksandr Murinson: Ərəb baharı və Türkiyə ilə münasibətlərin ciddi şəkildə soyuması ilə bu ölkələrdən biri indi İordaniyadır. İsrailin təhlükəsiziliyi üçün İordaniyanın əhəmiyyəti olduqca böyükdür. Misirdə Əbdül Fəttah Əl-Sissinin prezident seçilməsi ilə Misirin əhəmiyyəti artır. Bu iki ölkə arasında iqtisadi əməkdaşlıq da mövcuddur. Yeni aşkar edilmiş qaz yataqlarından qazın əsas etibarilə Avropaya nəql ediləcəyi düşünülürdü. Amma artıq İordaniya və Misirlə təbii qazın bu ölkələrə nəqlinə dair müqavilələr bağlanıb. Misirdə maye qaz ixrac üçün orada obyektlərə nəql ediləcək. İordaniyada isə bu ölkə daxili enerji şəbəkəsi üçün nəzərdə tutulub. Bu iqtisadi ələqələr regionda kimin daha mühüm partnyor olduğuna işarə edir.

Dilşad Əliyarlı: Siz İsrail və Azərbaycan arasında münasibətləri necə qiymətləndirirsiniz? İki ölkə arasında tərəfdaşlıq münasibətlərinin səviyyəsi sizi qane edirmi?

Aleksandr Murinson: Azərbaycanla münasibətlər İsrail üçün çox mühümdür. Azərbaycanın beynəlxalq enerji şəbəkəsinin təmsil olduğu Xəzər bölgəsində yerləşməsi və İsrailin əsas düşməni olan İranın bu bölgədə olması Azərbaycanı İsrail üçün strateji baxımdan maraqlı edir. Azərbaycan neftinin əhəmiyyəti böyükdür. Bilirsiniz ki, hazırda neftin 40 faizi hələ də Türkiyə vasitəsilə İsrailə nəql edilir. Bu da təbii ehtiyatların təchizatı baxımından çox mühümdür. Bu əlaqələrdə daha bir amil təhlükəsizlik sahəsində əməkdaşlıqdır. Buraya Azərbaycanın Ermənistanla münaqişədə hərbi qabiliyyətinin artırılması daxildir. Bu da Azərbaycanın marağındadır. Çünki Azərbaycan Qarabağ münaqişəsində Ermənistanla qarşıdurma yaransa müasir silah arsenalına malik olmaq istəyir.

"İran və Azərbaycan arasında münasibətlərin yaxşılaşmasına baxmayaraq, İranı Azərbaycanın strateji tərəfdarı adlandırmaq olmaz"-Aleksand Murinson

Dilşad Əliyarlı: Həm İsrail, həm Azərbaycanın yerləşdiyi region münaqişəli bölgələrdir. Bu münaqişələrin həllini tapacağı və insanların davamlı sülh əldə edəcəyinə hansı ümidlərlə baxırsınız?

Aleksandr Murinson: Regionda Rusiya və İran kimi strateji oyunçular münaqişələrin həlli perspektivlərinə təsir edir. İranın İsrailə qarşı ritorikası düşmən xarakteri daşıyır. İran və Azərbaycan arasında münasibətlərin yaxşılaşmasına baxmayaraq, İranı Azərbaycanın strateji tərəfdaşı adlandırmaq olmaz. Elə Qarabağda təmas xəttində hərbi toqquşmaların bərpası, hər iki tərəfdən atışmalar və hərbi personalın itkilər verməsi və ümimiyyətlə Qarabağ münaqişəsində hadisələrin dinamikasına Rusiya və İran təsir göstərir. Mən Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında toqquşmaların bərpası, Azərbaycanın hava hövzəsini pozmuş Ermənistan silahlı qüvvələrinin vertolyotunun vurulub salınması kimi hadisələrİ yerli faktorlarla deyil, qlobal faktorlarla əlaqələndirirəm.

"Regionda Rusiya və İran kimi strateji oyunçular münaqişələrin həlli perspektivlərinə təsir edir"-Aleksandr Murinson

Dilşad Əliyarlı: Yaxın Şərqdə sülh perspektivlərini necə görürsünüz?

Aleksandr Murinson: İsrail fikrimcə, daha çox regional həll yoluna üz tutacaq. Bu o deməkdir ki, İsrail Fələstin idarəsinin Həmasla birlik hökumətinin qarşısını ya almaq istəmədiyi, ya da bunu etməyə qadir olmadığına inanır. Bu İSƏ siyasi proses üçün başlanğıc ola bilməz. İsrail beləliklə müəyyən razılaşmalar əldə etmək üçün Səudiyyə Ərəbistanı, bəlkə Körfəz ölkələri və İordaniyanın qarant olacağı regional həllə nail olmağa çalışacaq. Qəzza hadisələrindən sonra İsrail öz əhalisini müdafiə etmək üçün beynəlxalq oyunçuların təminatına arxalana bilmədiyini gördü. Hər şey ola bilər, həm müsbət, həm də mənfi baxımdan. Amma mən o qədər nikbin deyiləm. İŞİD-in təbliğatı bütün dünyada müsəlmanlar üçün cəlbedici görünür. Amma maraqlıdır ki, İsrail əhalisinin 1,5 milyonunun ərəblər təşkil edir. Hesablamalara görə, İŞİD bu əhali arasında yalnız 50 nəfəri özünə cəlb edə bilib və İsrailin özündə qrupun nəzarət etdiyi ərazilərə keçmək istəyən yalnız 10 nəfər həbs edilib. Hadisələrin inkişafı onu göstərir ki, İsrailin ərəb əhalisi bu dini münaqişədə iştirak etməyə meylli deyil.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG