Accessibility links

Aleksandr İskəndəryan: Azərbaycan və Ermənistan cəmiyyətləri güzəştlərə hazır deyillər


Aleksandr İskəndəryan: Azərbaycan və Ermənistan cəmiyyətləri güzəştlərə hazır deyillər
Aleksandr İskəndəryan: Azərbaycan və Ermənistan cəmiyyətləri güzəştlərə hazır deyillər

Yerevanda qərargahlanan Qafqaz İnstitutunun sədri Aleksandr İskəndəryan hesab edir ki, Azərbaycan və Ermənistan cəmiyyətləri nəzəri baxımdan sülh arzulasalar da, konkret həll yoluna gəldikdə güzəştlərə hazır deyillər. Onun sözlərinə görə, ermənilər Dağlıq Qarabağı müstəqil, azərilər isə regionu Azərbaycanın tərkibində görməkdə qətidirlər.

Sual: Çox sayda ekspertlər, istər Qərbdə istərsə də regionda, Dağlıq Qarabağ münaqişəsini regionun inkişafı üçün ağır yük adlandırıblar. Bu, keçmiş Sovet məkanında ən uzun sürən konfliktdir. Siz bu konfliktin Cənubi Qafqazın inkişafına neqativ təsir göstərməsi haqda fikirləri paylaşırsınızmı?

Cavab: Əlbəttə ki, bunun təsiri var. Abxaziya və Cənubi Ossetiya kmi, Dağlıq Qarabağ münaqişəsi situasiyanı o həddə çıxarıb ki, region anlayışı belə yoxdur. Gürcüstanla Rusiya arasında sərhədlər bağlıdır. Dağlıq Qarabağ üzündən Ermənistanla Azərbaycan, Ermənistanla Türkiyə arasındakı sərhədlər bağlıdır. Dağlıq Qarabağ münaqişəsi üzündən mənim ölkəmin iki ölkə ilə sərhədləri bağlıdır. Bu konflikt region üçün böyük əhəmiyyət kəsb edir. Mən deyərdim ki, indiki durumda Amerika bizə daha yaxındır, nəinki Azərbaycan. Coğrafi baxımdan yox, psixoloji baxımdan. Yerevan küçələrində amerikalı görmək mümkündür, amma azəri yox. Mən burada sizinlə söhbətləşə bilirəm, onlarla başqa ölkəyə gedə bilirəm, amma Azərbaycana gedə bilmirəm. Bu konflikt regionu parçalayıb.

Sual: Siz Ermənistandan gəlirsiniz. Ermənistanda yaşayırsız. Bir cəmiyyət kimi Ermənistanın Azərbaycanla sülhə hazırlığını necə dəyərləndirirsiniz?

Cavab: Bu suala “hə” yaxud “yox” cavabə vermək asan deyil. Nəzəri baxımdan insanlar sülhə hazırdılar. Əgər küçədə kimdənsə sülhə hazır olub-olmadığını soruşsanız, müsbət cavab verər. Amma konkret siyasi mexanizmə gəldikdə, ermənilərin azərilərə təkif etdikləri yaxud, azərilərin ermənilərə təklif etidkləri şərtlər qəbuledilməzdir. Ermənistanda da, Dağlıq Qarabağda da konsensus budur ki, Qarabağ Azərbaycanın tərkibində qala bilməz. Onlar üçün Stepanakertlə Bakı arasında yalnız horizontal münasibətlər mümkündür. Azərilərlə danışsaz, onlar üçün yalnız müxtəlif formalarda muxtariyyat məqbuldur, amma Dağlıq Qarabağın müstəqilliyi yox. Ermənistanda hansı məsələdə konsensus yoxdur? Bu, əlavə torpaqların statusuna aiddir. Bəziləri deyirlər ki, biz Azərbaycana heç nə verməyəcəyik. Amma bəziləri başqa ərazilərin Azərbaycana qaytarılmasına razı ola bilər, əgər Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanısa. Konkret məsələlərə gəldikdə, ehtiyat edirəm ki, cəmiyyətlər kompromisə hazır deyillər.

Sual: Siz tez-tez Azəri həmkarlarınızla bərabər konfranslarda iştirak edirsiniz. Sizcə Azərbaycandan və Ermənistandan olan ekspertlərin, QHT nümayəndələrinin bir araya gəlməsi nə dərəcədə faydalıdır.

Cavab: Düşünmürəm ki, bu, azərilər və ya ermənilər üçün bir o qədər faydalıdır. Biz deyilənləri onsuz da bilirik. Mən Azərbaycandan gəlmiş həmkarlarıma, dostlarıma müxtəlif formatlarada tez-tez qulaq asıram. Zənnimcə bizim dediklərimiz informasiya baxımdan bu regionla məşğul olan başqaları üçün - avropalılar və amerikalılar üçün çox faydalıdır. Münaqişə ilə maraqlanan ekspertlər, akademiklər və dövlət adamları üçün Qafqaz haqda təsəvvür almaq faydalıdır.

Sual: Sizdən bir çətin sual soruşmaq istəyirəm. Siz Cənubi Qafqazı 10 il sonra necə görmək istərdiniz?

Cavab: Bu, çətin sual deyil. Məndən soruşsaz, mən dinc, sərhədləri açıq, azad ticarətin, gediş-gəlişin olduğu bir region görmək istərdim. Əlavə edim ki, mən bunun belə olacağına inanmıram. Hamı regionu firavan və zəngin görmək istəyir...

Sual: Demək, siz bunları görmək istərdiniz. Amma nədənsə pessimistsiz.

Sual. Mən realistəm, pessimist deyiləm. Söhbət burada Minsk qrupdan, həmsədrlədən, ABŞ, Fransa və ya Rusiyadan getmir. Burada söhbət Azərbaycan və Ermənistanda cəmiyyətlərdən, siyasi elitalardan gedir. Onlar kompromisə hazır deyillər. Ermənistanın kompromis adlandırdığı təklif Azərbaycan üçün qəbuledilməzdir. Eləcə də Azərbacyanın kompromis adlandırdığı təklif Ermənistan üçün qəbuledilməzdir. Zənnimcə, qısa və orta dönəmdə vəziyyət belə qalacaq.

XS
SM
MD
LG