Accessibility links

Ələsgər Məmmədli: Media deyil, hökumət cavab verməlidir [Audio-müsahibə]


Media hüququ üzrə ekspert Ələsgər Məmmədli

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli

Media hüququ üzrə ekspert Amerikanın Səsinə müsahibəsində prezidentin köməkçisinin çıxışını şərh edib

Azərbaycan Avropa Oyunları ilə bağlı dünya ictimaiyyətinin gündəminə gəlib. Dünya mediası, Avropa mediası yönləndirilən media deyil. Bu medianı daha çox maraqlı edən onun araşdırmaçı olması, alternativləri insanlara çatdıra bilməsidir. Bu baxımdan Avropa mediası Azərbaycanı gündəmə gətirəndə, onun müxtəlif aspektlərini də gündəmə gətirir. Bu barədə media hüququ üzrə ekspert Ələsgər Məmmədli Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun Azərbaycan mətbuatının 140 illik yubileyi ilə bağlı keçirilən tədbirdə dünya mediasının Azərbaycana qarşı yönləndirilməsi ilə bağlı çıxışına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda insan hüquqları ilə bağlı problemlər var xə xüsusilə 2013-cü ildən sonra media azadlığı və QHT-lərin azad fəaliyyəti ilə bağlı olan problemlər dünya ictimaiyyətinin, xüsusilə dünyanın aparıcı qurumlarının müzakirə mövzusudur.

“Avropa Şurası, Avropa Parlamenti, BMT strukturları, Avropa Məhkəməsi Azərbaycandakı durumla bağlı məlumatlıdır. Dünya mediası bu problemləri tənqidi şəkildə gündəmə gətirir və problemlər həllini gözləyir. Azərbaycan cəmiyyətində problemlərin həllini gözləyən insanlar çoxdur”, o qeyd edib.

Ekspert hesab edir ki, idman yarışları gözəldir.

“Ölkənin idmançılarının tez-tez qələbə çalması, ölkənin bayrağının qaldırılması gözəldir. Amma, digər problemlərin yoxluğunu demək də xoş qarşılanmır. Problemlər var. Bu gün jurnalistlər, QHT liderləri, hüquqşünaslar həbsdədir. Bunların həbsi də heç də obyektiv səbəblərlə bağlı deyil. Əgər daxildə bu problemləri gündəmə gətirənləri susdururlarsa, xarici mediada gündəmə gələcək”, Məmmədli deyib.

Ekspertin fikrincə, ölkədəki yayım mediası reallığı əks etdirə bilməsə də sosial media və on-line mediada alternativ fikrilər kifayət qədərdir.

O hesab edir ki, xarici mediaya cavab vermək medianın funlisyası deyil.

“İstənilən media hadisələri obyektiv işıqlandırmalı, müxtəlif fikirləri cəmiyyətə çatdırmalıdır. Media məsələlərdə tərəf olmalı deyil. Media hadisələri çatdırmalıdır və tərəflər özləri qənatə gəlməlidir. Hökumət onunla bağlı tənqidi fikrilərə özü cavab verməlidir”, o qeyd edib.-03B-

Prezidentin köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan mətbuatının işi bir çox dövlətlərin qəzəbinə səbəb olursa, deməli hər şey düzgün istiqamətdə gedir

“Jurnalistlərimiz müstəqil şəkildə Azərbaycan problemlərinin altına öz çiyinlərini verib qərəzli yazılara tutarlı cavab verə bilirlər. Müasir dünyada o qədər çox standartlar yaranıb ki, Qərb və digər sistemlər obyektiv gerçəkliklə çıxış edərək həqiqəti qəbul etmək istəmirlər. Qərbi təmsil edən transmilli mediada bəlli mərkəzlərin sifarişi əsasında informasiyalar hazırlanır", o qeyd edib.

O deyib ki, hər bir juranlist unutmamlıdır ki, o eyni zamanda xalqı, milləti, dövləti təmsil edir.

“Gündəlik jurnalist fəaliyyətində vətənə bağlılıq hissləri qətiyyən arxa plana keçməməlidir”.

Onun sözlərinə görə, bəzi qüvvələr xalqları millətləri və etnik azlıqları bir-birinə qarşı qaldırdılar.

"Müasir dünyada o qədər çox standartlar yaranıb ki, nə nümunəsini Azərbaycanda yaymağa çalışdığımız Qərb, nə də digər bizə nümunə ola biləcək sistemlər bu gün təəssüf ki, obyektiv gerçəklikdən çıxış edərək vahid standartlar çərçivəsində siyasət həyata keçirmirlər. Bilirik ki, bu gün dünyada baş verən proseslər heç də Qərb və digər mətbuatda yazıldığı kimi cərəyan etmir. Xalqların çoxu heç də terrorist, vəhşi insanlar deyil. Amma son 10 ildə həmin dövlətlərin başına görün nə oyun açıldı. Öz maraqları çərçivəsində müsəlman ölkələrini nə günə qoydular".

Prezidentin köməkçisi qeyd edib ki, bəzi dairələr bu gün dünya ölkələrində siyasi məhbus axtarırlar.

"Siyasi məhbusun bir nömrəli nümunəsi Misirin devrilmiş prezidenti Məhəmməd Mursidir. Demokratik səsvermə yolu ilə öz əhalisinin 50 faizdən çoxunun səsini toplayıb prezident seçilən adam kiminsə maraqlarına cavab vermədiyi üçün bu gün həbsdədir və onu edam etmək istəyirlər. Təəssüf ki, bu gün dünyada çox standartlılığın hökm sürdüyü dövrdə Azərbaycan jurnalistikasının bəzi nümayəndələri də onlara dəstək olurlar. Azərbacan xalqına, dövlətinə qarşı çevrilən əməllərə bu və ya digər yollarla yardım edirlər. Təəssüf edirəm ki, bu gün xarici ölkələrdə məskunlaşan bəzi azərbaycanlı adını, soyadını daşıyan jurnalistlər onların əsas hədəflərinə çevriliblər. Anti-Azərbaycan şəbəkələri formalaşıb ki, onların fəaliyyəti haqqında məlumatlıyıq”.

Ə.Həsənov deyib ki, bu gün Azərbaycan mediasının nümayəndələri kifayət qədər qüdrətə malikdirlər və həmin qüvvələrə sinə gərməyi bacarırlar.

XS
SM
MD
LG