Accessibility links

Alexandros Petersen: ABŞ Cənubi Qafqazda izləyici mövqedən çıxış edir


Alexandros Petersen: ABŞ Cənubi Qafqazda izləyici mövqedən çıxış edir
Alexandros Petersen: ABŞ Cənubi Qafqazda izləyici mövqedən çıxış edir

Henry Jackson Cəmiyyətinin araşdırmalar üzrə direktoru Alexandros Petersen Amerikanın Səsinə verdiyi müsahibədə ABŞ-Azərbaycan əlaqələrindən və ümümən Amerikanın Cənubi Qafqazda yürütdüyü siyasətdən söz açıb. Cənab Petersen-nin sözlərinə görə regionda müəyyən mənada izləyici mövqedən çıxış edən edən Amerika hazırda daha çox ərəb dünyasında cərəyan edən hadisələrə diqqət yetirir.

Sual: Obama adminsitrasiyasının gəlişi ilə bəzi təhlilçilər ABŞ-ın Cənubi Qafqazdakı nüfuzunun azaldğını müşahidə etmişdilər. Siz hazırda ABŞ-ın Cənubi Qafqazdakı fəaliyyətini necə dəyərləndirirsiniz?

Cavab: Bunu haradasa geriyə addım adlandırmaq olar. ABŞ regionda aktiv fəaliyyət göstərmək əvəzinə regionu yaxından izləyir. Buna qismən səbəb odur ki, Dövlət Departamentinin üzərində xeyli çalışdığı Türkiyə-Ermənistan yaxınlaşması iflasa uğradı, və hazırda bu proses irəli getmir. Konkret həmin məsələdə Azərbaycanla əlaqələr yaxşı tənzimlənmədi. Bu təcrübənin ardınca bir neçə əsas məsələdə, o cümlədən Dağlıq Qarabağ sülh prosesi və hətta 2008-cildə müharibədən çıxmış Gürcüstanla münasibətlərə gəldikdə də müəyyən geri çəkilmə müşahidə olunur. ABŞ regionu yaxından izləyir, lakin orada aktivlik göstərmir.

Sual: Son günlərdə neft qiymətləri xeyli yüksəlib. Azərbaycan kimi neftlə zəngin ölkələr bu qiymət artımından bəhrələnirlər. Siz Amerikanın regiondakı enerji siyasətinə necə baxırsınız?

Cavab: ABŞ-ın regiondakı məhdud fəaliyyətinin əsas istiqamətlərindən biri enerji siyasətidir. ABŞ-ın region üzrə xüsusi elçisi Richard Morningstar regionda xeyli fəal olub və fəallığını davam etdirir. ABŞ cənubi enerji dəhlizinin reallığa çevrilməsinə can atır. Bu işdə çoxlu məyusluqlar, yubanmalar olub və indinindn özünədək də cənub layihələri sırasında NABUCCO, ITGI yaxud başqa boru kəmərlərindən hansına üstünlük veriləcəyi aydın deyil. ABŞ bu layihənin reallaşdırılması üçün çox səy göstərir, çünki bu, Avropanın təhlükəsizliyi üçün mühümdür. O biri tərəfdən Azərbaycan və Xəzər dənizinin şərq sahilində yerləşən dövlətlərlə enerji münasibətlərində diversifikasiya da nəzərdə qalır.

Sual: ATƏT Minsk qrupu uzun müddət Dağlıq Qarabağ münaqişəsində vasitəçilik edib. Təəssüf ki, bu günədək ortada real nəticə yoxdur. Siz Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərini necə görürsünüz?

Cavab: Təəssüf ki, Dağlıq Qarabağ məsələsinə gəldikdə, “dalana dirənmək” ifadəsini işlətməsək də əsaslı proqresin olmaması göz qarşısındadır. Müsbət haldır ki, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza region üzrə geniş təcrübəyə malikdir. ATƏT Minsk qrupunun sabiq həmsədri ki, o, Azərbaycanda söz sahibləri ilə münaqişənin çözülməsinə doğru yaxından işləyə bilər. Lakin sözün açığı, Minsk qrupunun həmsədrləri arasında da, regionda da, Avropa ölkələri arasında da müəyyən yorğunluq his olunur. Bu həm münaqişənin həllinin çətin olması, həm də Türkiyə-Ermənistan yaxınlaşmasında yol verilən səhvlərlə bağlıdır. Regiondan kənar aktyorlar arasında məsələyə qarışmaq üçün iştah azdır. Bu isə o deməkdir ki, əsas məsuliyyət Azərbaycan və Ermənistan liderləri üzərinə düşür ki, onların da arasında ciddi fikir ayrılıqları var. Biz elə bir məqamdayıq ki, hər hansı qısa dönəmli proqres görmək istəyiriksə, təşəbbüs Bakı və Yerevandan gəlməlidir.

Sual: Azərbaycanın siyasi azadlıqlar və demokratiya üzrə göstəriciləri tez-tez tənqid olunur. Son aylarda Şimali Afrika və Yaxın Şərqdə baş qaldıran inqilab dalğası fonunda ABŞ hökuməti Azərbaycanla əlaqələrində demokratiyanın prioritetləşdirilməsi sahəsində nə kimi işlər görə bilər?

Cavab: Zənnimcə, hazırda ABŞ-ın başı Liviyaya qarışıb. Habelə Misir, Tunis, Bəhreyn və Yəməndə cərəyan edənlər də başlıca narahatlıq mənbələridir. Burada ABŞ istədiyimiz qədər demokratik olmayan liderlərlə münasibətlərini müəyyənləşdirməyə çalışır. Hələlik bu qayğılar Yaxın Şərqdən kənara çıxmayıb. Lakin yəqin ki, çıxacaq. Və Azərbaycana da qarşıdan gələn həftələr və aylarda maraq çoxalacaq. Eləcə də Ermənistana. Azərbaycandakı situasiyaya gəldikdə, hesab edirəm ki, ABŞ-ın hazırda görə biləcəyi başlıca işlər sivil cəmiyyəti inişaf etdirmək, ədliyyə islhatlarına səy göstərmək və jurnalistlərin öz peşə fəaliyyətlərini yerinə yetirməsi üçün onlara təlim keçməkdən ibarət ola bilər. Amerika gələcək Azərbaycanın daha demokratik olması üçün çox işlər görə bilər. Amma hazırkı məqamda Bakıdakı hökumətlə qarşıdurmaya getmək ABŞ maraqları üçün qeyri-məhsuldar olardı.

XS
SM
MD
LG