Accessibility links

AXCP sədri Qənimət Zahidin ailə üzvlərinə qarşı təzyiqləri pisləyir


Azərbaycan Xalq Cəbhəsi Patiyasının (AXCP ) sədri Əli Kərimli Qənimət Zahidin ailəsinə və qohumlarına təzyiqlərə münasibət bildirib.

O, Facebook səhifəsində yazır ki, Şamaxının Meysəri kəndinə gedib, Qənimət Zahidin 87 yaşlı anası Xədicə xalanın qapısını döyənləri, onun əhvalını soruşanları şübhəli şəxs qismində araşdırmağa başlayıblar.

“Bu yaşlı qadını faktiki polis nəzarətinə götürüblər. Amma bununla bitmir, Qənimət bəyin digər qohumlarına qarşı daha ciddi repressiyalar başlayıb”.

Əli Kərimli yazır:

“İyulun 18-də Qənimət bəyin Meysəridə (Şamaxı) yaşayan qardaşı oğlu Tural Zahidov Şamaxı polisinə aparılıb. Onu şərləyərək, 30 sutka həbs cəzası veriblər. Bu gün isə Qənimət bəyin daha bir qardaşı oğlu Rüfət Zahidovu Yasamal rayonunda işlədiyi şirkətdən DİN-in Narkotiklərlə Mübarizə İdarəsinə aparıblar. Yəqin ki, indi ona sifarişə uyğun olaraq cinayət işi düzüb-qoşurlar. Bu gün eyni zamanda Şamaxının Qurdtəpə kəndində Qənimət bəyin əmisi oğlu Rövşən Zahidovu da saxlayaraq, 25 sutka inzibati həbs cazası veriblər. Məlumatlar gəlir ki, ailənin digər üzvləri də təhlükə qarşısındadır.

Məsələ aydındır. Qənimət bəydən redaktoru olduğu “Azadlıq” qəzetində, xüsusilə də müəllifi olduğu “Azərbaycan saatı” proqramında tirajladığı həqiqətlərin qisasını alırlar. Siyasi rəqibin söylədiklərinə, etdiklərinə görə onun ailə üzvlərindən, yaxın qohumlarından qisas almaq iyrənc və yalnız geridəqalmış Şərq diktaturalarına xas olan keyfiyyətdir.

Deməli, Qənimət bəyi bunlar da dinləyirmiş. Hər proqramda danışdığı, tirajladığı həqiqətlərin hakimiyyəti necə ifşa etdiyinin fərqində imişlər. Amma proqramlarına çox baxsalar da, Qənimət bəyi yaxşı tanımayıblar. Tanısaydılar, bilərdilər ki, heç bir təzyiq Qənimət bəyi doğru bildiyi mübarizə yolundan döndərə bilməz.

Siz belə hərəkətlərinizlə xalqın olan-qalan rəğbətini də itirəcəksiniz. Qənimət bəyi isə susdura bilməzsiniz, amma qəzəbləndirə bilərsiniz. Yadınızdadır, “Azərbaycan saatı”nın əməkdaşlarını bir-bir tutmağa başlayanda, yazmışdım ki, elə etməyin, Qənimət bəy özü proqramlara aparıcılıq etmək məcburiyyətində qalsın? Eşitmədiniz və Qənimət bəy kameranın qarşısına özü şəxsən keçəsi oldu. Proqramlara Qənimət bəyin özünün aparıcılıq etməsindən uduzan hökumət olmadımı? İndi də yazıram ki, Qənimət bəyi onsuz da susdura bilməyəcəksiniz, amma onu daha da qəzəbləndirə bilərsiniz, bu da sizə sərf etməz, günahsız adamlardan əl çəkin.

Heç bir qırmızı xətt, filan tanımırlar. Ölkəyə də, özlərinə də, öz yaxınlarına da necə pislik etdiklərinin fərqində deyillər. Gözlərini pul və hakimiyyət ehtirası örtüb. Yalnız xalqın bütün təbəqələrinin müxtəlif formalarda ifadə olunan etirazları bu təhlükəli tendensiyanı durdura bilər. Hakimiyyət belə amansız və əxlaqsız hərəkətləri ilə hamımızı seçim qarşısında qoyur. Baş verənlərə biganə qalmaq, susmaq isə mümkün deyil. Belə yerdə etiraz etmək hamımızın borcudur!”, deyə AXCP sədri qeyd edir.

İyulun 18-dən başlayaraq Fransada mühacirətdə olan Azadlıq qəzetinin baş redaktoru və "Azərbaycan saatı" televiziya proqramının rəhbəri Qənimət Zahidin qardaşı oğlu və əmisi oğlu həbs edilib, digər əmisi oğlu isə saxlanılıb.

Rəsmi orqanlar hələ həbslərə və saxlanmaya münasibət bildirməyib.

XS
SM
MD
LG