Accessibility links

Bu gün Ali Məhkəmə keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin şikayətini təmin etməyib.

O, qanunsuz narkotik maddə saxlamaq ittihamı ilə 3 il azadlıqdan məhrum edilib.

Bu barədə Turan-a keçmiş nazirin vəkili Əfqan Məmmədov bildirib.

Onun sözlərinə görə, müdafiə tərəfi Ali Məhkəmədən N.Quliyevə bəraət verilməsini xahiş edib.

Bundan öncə N.Quliyev irəli sürülən ittihamları rədd edərək onları uydurma, prosesin özünü isə sifarişli adlandırıb.

N.Quliyev 2014-cü il avqustun 8-də Novxanı qəsəbəsində həbs edilib. İstintaq müəyyən edib ki, onun bağında avtomat və əl qumbarası, şəxsi avtomobilində isə tapança tapılıb.

N.Quliyevin həbsindən sonra tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov bildirib ki, keçmiş nazir 2013-cü il prezident seçkiləri ömcəsi ona məsləhətlər verdiyinə görə təqib olunur.

R. İbrahimbəyov əmindir ki, N.Quliyev dramaturqa göstərdiyi dəstəyə görə cəzalanıb.

1993-1995-ci illərdə N.Quliyev xarici iqtisadi əlaqələr naziri postunu tutub, sonra ölkəni tərk edib.

90-cı illərin sonlarından 2000-ci ilin əvvəlinə kimi Acariya prezidenti Aslan Abaşidze ilə birlikdə çalışıb. Abaşidze istefa verdikdən sonra Azərbaycan və Türkiyədə bizneslə məşğul olub.

2005-ci ilin oktyabrında N.Quliyev digər yüksək vəzifəli şəxslərlə birlikdə dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs olunub, lakin iki həftədən sonra azad edilib.

XS
SM
MD
LG