Accessibility links

Ali Məhkəmə gənc blogerin kasasiya şikayətini təmin etməyib


Ali Məhkəmə gənc blogerin kasasiya şikayətini təmin etməyib
Ali Məhkəmə gənc blogerin kasasiya şikayətini təmin etməyib

Amnesty İnternational Cabbar Savalanı vicdan məhbusu elan edib.

Azərbaycan Ali Məhkəməsində İmran Hacıqayıbovun sədrliyi ilə gənc fəal, Xalq Cəbhəsi Partiyasının üzvü Cabbar Savalanın kasasiya şikayətinə baxılıb. Bu barədə Turan Agentliyi məlumat yayıb.
Şikayət cənab Savalanın qanunsuz narkotik maddə saxlamaqda ittiham olunaraq 2,5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə Sumqayıt Apelyasiya Məhkəməsinin qərarından verilib.

Vəkil Asabəli Mustafayev fəalın özünün prosesdə iştirakının təmin olunmasını tələb edib. Buna cavab olaraq hakim bildirib ki, koloniyaya bildiriş göndərilib. Lakin vəkil qeyd edib ki, Savalana bu barədə məlumat verilməyib və onun məhkəmədə iştirakına şərait yaradılmayıb. Sonra vəkil deyib ki, kasasiya şikayətində əvvəlki məhkəmə instansiyasının qərarının ləğvi və Savalana bəraət verilməsi tələb olunur.

İbtidai istintaq və məhkəmələr Savalanda olan narkotik maddənin mənşəyini müəyyən etməyib. Bundan əlavə, istintaq zamanı gənc fəalın şəxsi toxunulmazlığı pozulub. Həmçinin məhkəmələr müdafiə tərəfinin çoxsaylı vəsatətlərini təmin etməyib.

Vəkilin fikrincə, Savalana qarşı Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə çəkişməsi hüququ və diskriminasiyasının qadağan olunması barədə 6 və 14-cü maddələri pozulub.
Lakin prokuror Mahir Abbasov bunun əleyhinə çıxaraq əvvəlki ittihamları dəstəkləyib. 10 dəqiqə davam edən məşvərətdən sonra hakim elan edib ki, Savalanın barəsində hökm qüvvədə qalır və dəyişmir.

Cabbar Savalanın zalda iştirak edən qohumları və tərəfdarları bu qərarı hiddətlə qarşılayaraq “Azadlıq!” şüarını səsləndirib. Kortəbii aksiya məhkəmə binasının qarşısında da davam edib. Savalanın tərəfdarları şüarlar səsləndirərək kiçik yürüş ediblər. Polis aksiyaya müdaxilə etməyib.

Cabbar Savalan fevralın 5-də saxlanılıb. Polis onu 0,17 qram tiryək saxlamaqda ittiham edib. Lakin yerli və beynəlxalq hüquq müdafiəçiləri əmindirlər ki, Savalana qarşı cinayət işi onun sosial şəbəkələrdə siyasi fəaliyyəti ilə əlaqədardır.
Amnesty İnternational Cabbar Savalanı vicdan məhbusu elan edib.

XS
SM
MD
LG