Accessibility links

Qasımovların Tehran konsertinin üçüncü günü mübahisəli keçdi


Alim Qasımov və Fərqanə Qasımova Tehranın Vəhdət sarayında
Alim Qasımov və Fərqanə Qasımova Tehranın Vəhdət sarayında

Konsertin son günündə Fərqanə Qasımovanın səhnəyə çıxmasına icazə verilməyib

İranın öndə gedən sənətçilərinin geniş alqışını qazanan Alim Qasımov və qızı Fərqanənin üç günlük Tehran konsertinin son günü qalmaqalla başa çatıb. Polis müdaxiləsi, Fərqanə Qasımovanın səhnəyə çıxmasına qadağa və “Qarabağ bizimdir, bizim olacaq” şüarının səslənməsi yerli mətbuatda işıqlandırılıb.

Xəbər agentliklərinin yaydığı məlumata görə, yanvarın 11 və 12-də ata ilə qızın birgə konserti Tehranın Vəhdət sarayında sadəcə musiqi sevərlərin deyil, İranın usta sənətçiləri tərəfindən də heyranlıqla qarşılanıb. Qasımovların möhtəşəm ifasını türkcə bilməyənlər də zövqlə dinləyib.

Lakin, konsertin üçüncü günündə Alim Qasımov səhnəyə tək çıxıb.

Şəhram Naziri və Alim Qasımov
Şəhram Naziri və Alim Qasımov

İran dövlətinin rəsmi xəbər agentliyi İRNA-ya istinadən, ilk iki gecədən fərqli olaraq, yanvarın 13-də Fərqanə Qasımova, eləcə də Tehranın nəfəs musiqi alətləri orkestri səhnəyə gəlməyib və bir saat yarım gecikmə ilə heyranlarının qarşısına çıxan “Şərqin Bülbülü” sənətini sadəcə bir tarzənin müşayiəti ilə ifa edə bilib.

Şərqi Azərbaycan vilayətində fəaliyyət edən Anac adlı internet qəzeti üçüncü gecə cəmiyyət arasından “Qarabağ bizimdir, bizim olacaq” şüarının səslənməsi ilə Vəhdət sarayında siyasi atmosferin yarandığını yazıb.

Dövlətin rəsmi mətbuat orqanı Fərqanə Qasımovanın səhnəyə çıxmamasının səbəbini açıqlamayıb, ancaq, İLNA xəbər agentliyinin yazdığına görə, Alim Qasımov ortaya çıxan gecikmə və qızının səhnəyə çıxmadığı üçün cəmiyyətdən üzr istəyərək İran qanunlarına hörmətlə yanaşdığını, amma, dünyanın heç bir yerində qadınlarla belə davranılmadığını ifadə edib.

Anac-ın yazdığına görə, dünya şöhrətli müğənni həmçinin keçən il İran Azərbaycanının şəhərlərində konsertinin ləğvi ilə bağlı narahatlığını Vəhdət sarayındakı cəmiyyətlə paylaşıb.

Məşhur aktrisa Fatma Mötəmid Arya Qasımovların konsertində
Məşhur aktrisa Fatma Mötəmid Arya Qasımovların konsertində

Bəzi qəzetlər isə İran polisi ümumi məkanlara nəzarət bölməsinin (Əmakin) qadın sənətçinin səhnəyə çıxmasını önlədiyini yazıb. Fərqanə Qasımova özü bu məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandırmayıb.

Tehran konserti əsnasında kürd cəmiyyətinə mənsub məşhur iranlı müğənni Şəhram Naziri Alim Qasımova hədiyyə təqdim edərək Şərq Bülbülünün sənətini yüksək qiymətləndirib. Alim Qasımov konsertə gələn bir çox iranlı tanınmış yazar, usta musiqiçi və məşhur kino ulduzları o cümlədən, Mahmud Dövlətabadi, Fatma Mötəmid Arya, Gülab Adinə, Pərviz Pərəstuyi və Atəş Təqipur tərəfindən alqışlanıb.

XS
SM
MD
LG