Accessibility links

Əlirza Ərdəbilli: İran əhalisi digər məzhəblərə qarşı tolerantdır [Audio]


Əlirza Ərdəbilli

Əlirza Ərdəbilli

Güneyli siyasi şərhçi bölgədə baş verən dini qarşıdurmaları analiz edir

Əlirza Ərdəbilli İran İslam Respublikasının süqutu təqdirində ölkədə dini zəmində qarşıdurmaların baş verəcəyini hesab etmir. Onun fikrincə, şəriətçi hakimiyyət altında yaşamaq İran əhalisini dünyəviləşdirib.

Güneyli jurnalist və siyasi şərhçi Amerikanın Səsinin regionda cərəyan edən qanlı məzhəb savaşlarını analiz etməklə yanaşı, dövlətlər və siyasi hərəkatlarda dünyəviliyin (laiklik) önəmi ilə bağlı sualları cavablandırıb.

Diktator hakimiyyətlər bir qapaq kimi toplumda mövcüd olan problemlərin üstünü örtürlər. Bu qapağın götürülməsi ilə həmin problemlər də ortaya çıxır və belə hadisələrə yol aça bilir.

Əlirza Ərdəbilli bölgədəki dünyəvi-diktator hakimiyyətlərin yıxılmasından sonra məzhəbi savaşların ortaya çıxmasını normal bir hal kimi dəyərləndirir.

“Diktator hakimiyyətlər bir qapaq kimi toplumda mövcüd olan problemlərin üstünü örtür. Bu qapağın götürülməsi ilə həmin problemlər də ortaya çıxır və belə hadisələrə yol aça bilir,” deyə Əlirza Ərdəbilli bölgədə baş verən məzhəbi savaşlar, eləcə də İraq və Şam İslam Dövləti kimi qrupların ortaya çıxış səbəblərini izah edir.

Onun fikrincə, İraqda sünni ərəblərin hakimiyyət tərəfindən təcrid edilməsi də bu hadisələrin ortaya çıxmasında önəmli rol oynayıb.

Ərdəbilli İran İslam Respublikasının çökdüyü təqdirdə ölkədə hadisələrin məzhəb mehvərində irəliləməyəcəyinə inandığını söyləyir. Onun dediyinə görə, hakimiyyətlərin dini dəyərlər üzərində siyasət yürütməsi toplumun dünyəviləşməsinə səbəb ola bilər.

Güneyli jurnalist bu istiqamətdə Türkiyə ilə bağlı bir araşdırmaya işarə edib. Onun dediyinə görə, Avropada aparılmış bu araşdırma İslamçı kimi tanınan AKP hakimiyyətində Türkiyə əhalisinin daha da dünyəviləşdiyini göstərir.

Güneyli yazar həmçinin İraqda yaşayan ərəblər və türkmənlərin siyasi qruplaşmalarda kürdlərin əksinə milli kimlikləri ilə deyil, bəlkə şiə və sünni kimi meydanda olmalarının səbəbləri haqqında öz düşüncələrini paylaşıb.

“Çünki Səddam hakimiyyətində şiə cəmiyyətlər şiə olduqları üçün basqıya məruz qalırdılar, kürdlər isə kürd olduqları üzündən,” deyə o, əzilən cəmiyyətlərdə kimliyin ən çox təzyiq altında olan cəhətinin üzə çıxdığına diqqət çəkir.

Amma siyasi şərhçi İranın gələcəyini fərqli şəkildə analiz edir.

“İranda xalqların ən çox dil haqlarına qarşı basqı tətbiq edilib.Dini hakimiyyətin ölkədə tətbiq etdiyi siyasətlər xalqı dünyəviləşdirir,” deyə o söyləyir.

“Sadəcə Güney Azərbaycanda deyil, bütöv İran əhali arasında qeyri-şiə cəmiyyətlərə qarşı tolerantlıq var,” deyə Əlirza Ərdəbilli İranda məzhəbi tolerantsızlığın ümumiyyətlə xalq arasında deyil, hakimiyyətdə mövcüd olduğunu vurğulayır.

XS
SM
MD
LG