Accessibility links

İlham Əliyev: Donald Tramp böyük hörmətə layiqdir


Prezident İlham Əliyev və Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçıları
Prezident İlham Əliyev və Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçıları

Prezident İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edib. Qəbul zamanı prezident Əliyev jurnalistlərin suallarını cavablandırıb. AZƏRTAC dövlət agentliyinin yaydığı məlumatı ixtisarla təqdim edirik:

Uşaqlarınız siyasətlə məşğul olacaq?

İsveçin “TT” agentliyinin baş icraçı direktoru Yonas Olof Erikson prezident Əliyevdən soruşub: Mənim iki uşağım var. Onların 14 və 12 yaşı var. Onlar Stokholmda yaşayırlar. Mənim Sizə sualım var, cənab Prezident, əgər mənim uşaqlarım mənim yolumu davam etsəydilər və jurnalist peşəsini seçsəydilər bu, mənim üçün çox sevindirici hal olardı. Sizin uşaqlarınıza gəldikdə, cənab Prezident, Siz uşaqlarınızın siyasətlə məşğul olacaqlarını, Sizin və atanızın davamçısı olacaqlarını gözləyirsinizmi?

Prezident İlham Əliyev: Bu, onların istək və planlarından asılıdır. Düşünürəm ki, hələ onlar öz fəaliyyətindən razıdırlar. Onlar mədəni və sosial məsələlərdə çox fəaldırlar. Yeri gəlmişkən, onların ikisi, həmçinin media ilə də bağlıdır. Mənim böyük qızım uzun illərdir ki, Azərbaycanı Rusiya və beynəlxalq auditoriyaya təqdim edən “Baku” jurnalının baş redaktorudur. Jurnal iki dildə - ingilis və rus dillərində çap olunur. Siz bu jurnalı internetdə görə bilərsiniz. Mənim ikinci qızım da jurnalistika ilə bağlı məsələlərlə məşğuldur. O, jurnalist təhsili almışdır. O, Azərbaycanın zəngin tarixə malik olan müasir ölkə kimi tanınması istiqamətində sənədli filmlər üzərində çalışır və digər tədbirlərdə iştirak edir. Mənim oğlum tələbədir. Onun gələcək seçimi onun özündən asılıdır. O, Bakıda universitetdə iqtisadiyyat üzrə təhsil alır. Beləliklə, bu, onların qərarı olacaq. Azərbaycan hər kəs üçün bərabər imkan yaradan ölkədir. Əgər onlar öz gələcəyini siyasətlə bağlamaq istəsələr, bu, onların seçimi olacaq.

Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırsınız?

Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim Minçev: “Formula-1”dən sonra Siz Azərbaycanda gələcəkdə Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırsınızmı?

Prezident İlham Əliyev: Əslində, növbəti Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədlik irəli sürmək fürsəti bizdə var idi. Lakin düşündük ki, hazırda biz bunu etməyək. Çünki Avropa Oyunları demək olar ki, Yay Olimpiya Oyunları səviyyəsində keçirilmişdi. Gələn il bizdə İslam Həmrəyliyi Oyunları və böyük uğur qazanmış, çoxlu diqqət cəlb edən “Formula-1” Qran-prisi keçiriləcək. “Formula-1”in 500 milyonluq auditoriyası var. Ola bilsin, burada Olimpiya Oyunları ilə paralellik aparmaq olar. Olimpiya Oyunları 2-3 həftə ərzində keçirilir, sonra isə yekunlaşır. “Formula-1” yarışları isə hər il keçirilir və davam edir. “Formula-1” və Avropa Oyunlarından sonra biz Azərbaycana gələn turistlərin sayında artımı müşahidə edirik. Xüsusilə məhz ona görə ki, “Formula-1” şəhər halqasında keçirilmişdi. Beləliklə, insanlar təkcə yarışı deyil, şəhəri də izləmək imkanı qazandılar və onlar yeni məkanları görmək və kəşf etmək istəyirlər.

Formula-1-ə 10 il ev sahibliyi edəcəksiniz?

Maksim Minçev: “Formula-1” yarışlarına gələcək 10 il ərzində ev sahibliyi edəcəksiniz?

Prezident İlham Əliyev: Müddətlə bağlı məndə heç bir əminlik yoxdur. Lakin bilirəm ki, 5 illik müqavilə bağlanmışdır və sonradan o, uzadıla bilər. Yalnız üç şəhər halqası var. Bunlar Bakı, Sinqapur və Monakodur. Yalnız üç.

Prezidentin jurnalistlərə sualı var

Klayv Marşal: Burada dünyanın hər yerindən insanlar var - Cibuti, Meksika, Koreya, Avstraliya, ABŞ, Kanada və Rumıniyadan. Sizin bizə vermək istədiyiniz sual varmı?

Prezident İlham Əliyev: Fikirləşirəm ki, verəcəyim sual hamımız, xüsusilə də jurnalistlər üçündür. Bu sual ABŞ-dakı son prezident seçkiləri ilə bağlıdır. ABŞ-ın bütün aparıcı qəzetləri, o cümlədən “Vaşinqton Post”, “Nyu-York Tayms”, xəbər agentlikləri və başqaları xanım Klintonun qələbəsini proqnozlaşdırırdılar və ümumiyyətlə, mətbuatın bu məsələni necə işıqlandırması bizə məlumdur. Lakin nə baş verdi? Onların hamısı yanlışlığa yol verdi, yoxsa onların qiymətləndirməsi siyasi motivasiya daşıyırdı? Seçkilərin mətbuatda işıqlandırılmasına müəyyən göstərişlər verilməsi ilə bağlı siyasi müdaxilə var idimi? Yoxsa həmin mətbu orqanlar proqnozda çox böyük yanlışlığa yol verdilər və müəyyən mənada onlara olan etimadı itirdilər. Təbii ki, ABŞ-ın burada iştirak edən nümayəndəsi bu sualı birinci cavablandıra bilər.

"Bəzi ölkələrdən fərqli olaraq ABŞ-da bilmirsən ki, seçki nə ilə nəticələnəcək"

Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski: Fikrimcə, bu, müəyyən dərəcədə sübut edir ki, bu, demokratiyadır və insanlar seçki məntəqəsinə gedərək öz seçimlərini edirlər. Bəzi ölkələrdən fərqli olaraq ABŞ-da bilmirsən ki, seçki nə ilə nəticələnəcək. ABŞ-da doğrudan da seçkilər keçirilərkən bilmirsən kim qalib gələcək və seçkilərin nəticələri bəzi xəbər agentliklərini çaş-baş saldı. Bir çox agentliklərin xəbərləri diqqəti latın amerikalılarının, afroamerikalıların səs verdiyi bəzi ştatlara yönəltmişdi və onlar görmədilər ki, Tramp qalib gələcək. Onlar görmürdülər ki, iqtisadi cəhətdən çətinlik çəkən təbəqələr Trampa səs verəcək. Lakin deyə bilərəm ki, hər hansı bir namizədi dəstəkləmək və ya ona ziyan vurmaqla bağlı heç bir xüsusi səbəb yox idi. Tam əksinə, ədalətli qaydada, mübahisəli bir mühitdə işıqlandırmağa çalışırdılar. Misal üçün, bir gün Associated Press Klinton haqqında tənqidi yazı dərc etmişdi və biz Trampı dəstəkləyənlərdən xeyli cavablar almışdıq. Ertəsi gün Tramp haqqında tənqidi yazı yazdıqda eyni axın Klintonun tərəfdarlarından daxil olmuşdu. Fikrimcə, bu, hamı üçün gözlənilməz oldu. Bəlkə də sorğu məlumatlarına həddən artıq etibar edirdik və onların etibarsız olduğu ortaya çıxdı. Lakin siyasi nəzarət yox idi.

"Donald Tramp seçkilərə görə ancaq özünə borcludur"

Jose Antonio Vera Gil: Cənab Prezident, mən İspaniyanın EFE xəbər agentliyinin prezidentiyəm. Sizin Tramp haqqındakı şəxsi fikrinizi öyrənmək istərdim.

Prezident İlham Əliyev: Şəxsi fikrim çox müsbətdir. Keçirilən sorğulara və Amerikanın aparıcı media qurumlarının gözləntilərinə baxmayaraq, ona qarşı aparılan aqressiv kampaniyaya baxmayaraq, Amerika xalqı ona böyük dəstək göstərdi, o, seçkilərdə qalib gəldi. Bu seçkilərə görə o, ancaq özünə borcludur. O, böyük hörmətə layiqdir. Ümid edirik ki, əvvəlki illərdə ABŞ ilə Azərbaycan arasında inkişaf edən əlaqələr onun prezidentliyi dövründə uğurla davam edəcək. Əməkdaşlıq üçün bir çox sahə, o cümlədən siyasi, iqtisadi, enerji və başqa sahələr var. Dünyada da onun siyasəti üçün çox böyük gözləntilər var. Bunun üçün də Azərbaycan olaraq ona uğurlar arzulayırıq və düşünürəm ki, Azərbaycan xalqı seçkilərdə baş verənləri qiymətləndirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG