Accessibility links

Allahşükür Paşazadə İranın ali dini lideri ilə görüşüb


Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə

Şeyxülislam İranda yüksək səviyyədə görüşlər keçirib. O Xamneyini Bakıya səfərə dəvət edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti İranda səfərdədir. Mayın 19-da o, İranın Təhlükəsizlik Şurasının katibi Səid Cəlili, parlamentin spikeri Əli Laricani və prezident Mahmud Əhmedinecatla görüşlər keçirib.
FARS agentliyi bildirir ki, görüşlərdə iki ölkə xalqlarının tarixi yaxınlığı və qohumluğu qeyd olunub, iqtisadi əlaqələrin canlandırılmasının vacibliyi vurğulanıb.
Ə.Laricani Azərbaycanda dini maarifləndirmənin genişlənməsinə çağırıb. Onun fikrincə, bu, ölkənin inkişafına və möhkəmlənməsinə səbəb ola bilər.
M.Əhmədinecat ilə görüşdə qeyd olunub ki, hər iki ölkə bütün məsələlərdə bir-birini dəstəkləyir.
Şeyxülisalm İranın ali dini lideri Əli Xamneyi ilə də görüşüb.
ANSPRESS agentliyinin məlumatına görə, görüş zamanı Şeyx prezident İlham Əliyevin salamlarını çatdırıb və deyib ki, dövlət başçısının İrana və Xamneyiyə böyük ehtiramı var. Şeyx daha sonda İlham Əliyevin bu fikrini çatdırıb:
“İran və Azərbaycanın dost xalqları arasına girmək, bu münasibətləri pozmaq istəyən qüvvələr hər iki tərəfdə ola bilər. Amma xahiş edirik ki, belə xırda məsələlərə cənab Xamneyi fikir verməsin, biz fikir vermirik”.

Şeyx Xamneyiyə onun Heydər Əliyevlə görüşünü xatırladıb və İlham Əliyevin də İran İnqilabının rəhbərinə böyük ehtiram bəslədiyini deyib.
Azərbaycan prezidentinin birbaşa təşəbbüsü və maddi dəstəyi ilə inşa edilən və təmir olunan məscidlər barədə danışan Şeyxin sözlərinə görə, son 10 ildə 200 məscid tikilib, 80 məscid isə əsaslı bərpadan sonra insanların ixtiyarına verilib. Şeyx bu faktları Azərbaycan dövlətinin, onun rəhbərinin dinə olan münasibəti kimi dəyərləndirib.

Qarabağ müharibəsində İranın köməyini xatırladan Şeyx buna görə minnətdarlığını bildirib.

Agentlik bildirir ki, İran İnqilabının rəhbəri Xamneyi isə Azərbaycanla bağlı aldığı şad xəbərlərdən sevindiyini gizlətməyib, Azərbaycan və İranı bir-birinə bağlayan tellərin çox olduğunu vurğulayıb:
“Siz Tehranda öz evinizdəsiniz. Biz özümüzlə sizin aranızda heç bir məsafə görmürük. Əlaqələrimiz günbəgün güclənməlidir. Bir birimizə daha çox yaxınlaşmalıyıq. Dünyada bizim dostluğumuzu istəməyən qüvvələr var. Onlar çox çalışır ki, bu ölkələrin insanlarını bir-birindən ayırsınlar. Onların qarşısında biz dayanmalıyıq”.

Ayıq olmağı tövsiyə edən Xamneyi deyib ki, yalnız bu halda təfriqə yayanlara qalib gəlmək olar. Xamneyi Azərbaycanın güclü dini keçmişə malik olduğunu qeyd edərək bu gün də ölkədə dini sahədə görülən işlər barədə məlumatlı olduğunu diqqətə çatdırıb. Bundan sonra da bu işlərin davamlı olmasını arzulayıb.

Xamneyi Heydər Əliyevin hələ Naxçıvanda işlədiyi dövrdə İrana səfərini xatırladıb və maraqlı bir hadisəni danışıb.

“O vaxt mənimlə Məşhəddə görüşən Heydər Əliyev dedi ki, Sovet İttifaqı rəhbərliyində işləyərkən çoxlu binalar, zallar və s. tikib, amma məscid inşa etdirməyib. İndi isə məscid tikdirmək istədiyini dedi, özü də bunu farsca dedi. Biz uğur arzuladıq, hətta kömək də etdik”.

Xamneyi millətin güclənməsində dinin rolunu xüsusi qeyd edib və bildirib ki, bu amil milləti içindən güclənir. O, bir daha salamlarını və ürək sözlərini İlham Əliyevə çatdırmağı rica edib, dinin inkişafı yolunda uğurlar arzulayıb.

Azərbaycan Ağsaqallar Şurasının sədri Fəttah Heydərov isə çıxış edərək müsəlman dünyasının ən işıqlı insanlarından biri ilə üzbəüz oturmaqdan məmnun olduğunu söyləyib. Heydər Əliyevlə uzun müddət çalışdığını xatırladan F.Heydərov qeyd edib ki, Heydər Əliyevin ürəyində Allah sevgisi var idi: “Bu sevgi İlham Əliyevə də keçib. Elə bu Allah sevgisi də İlham Əliyevi həmişə qoruyub, xilas edib”.

Xamneyi görüşdə tez-tez Azərbaycan dilinə müraciət edib, bu da ümumi atmosferə istilik və xüsusi ab-hava gətirib.

ANSPRESS bildirir ki, Şeyx Azərbaycan xalqı adından Xamneyidən Azərbaycan dövləti, milləti üçün, Qarabağ məsələsinin həlli üçün namazlarında dua etməyi xahiş edib. Xamneyi isə səmimiyyətlə bunu edəcəyinə söz verib.

Sonda Şeyx Bakının rəsmini İran İnqilabının rəhbərinə təqdim edərkən zarafat da edib:
“Mən Sizi Bakıya dəvət etmişəm, amma gələ bilməmisiniz. Bu dəfə Bakını gətirdim ki, baxıb həvəslənəsiz və gələsiniz”.

Xameneyi dəvəti məmnunluqla qəbul edib. Səmimi keçən görüş elə bu ovqatla da başa çatıb.

Agentlik bildirir ki, Şeyxin başçılıq etdiyi nümayəndə heyətinə Milli Məclisin üzvləri – Fəttah Heydərov, Mübariz Qurbanlı, Eldar İbrahimov, Şəmsəddin Hacıyev, Cavanşir Paşazadə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Sabir Həsənli, İran İslam İnqilabı rəhbərinin Azərbaycandakı nümayəndəsi Ocaq Nejad, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və QMİ-nin təmsilçisi Zülfüqar Fərzəliyev daxildir.

Şeyxin səfəri mayın 18-də başlayıb və hazırda davam edir.

Ekspertlər İran-Azərbaycan münasibətlərində problemlərin mövcudluğunu qeyd edir. Belə ki, 2012-ci ildə Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov İrana səfər edib. Şöbə müdirinin səfərindən bir gün sonra Təbrizdə Azərbaycan vətəndaşı olan iki şair həbs edilib.

Bu il aprelin sonunda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin səfərindən bir gün sonra isə yenə Təbrizdə Azərbaycan Milli Elmlər Akademiyasının elmi əməkdaşı həbs edilib.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan dövlət xadimlərinin səfərlərindən sonra İrana gedib. O səfərindən bir gün öncə prezident İlham Əliyevin iştirakı ilə Şamaxı şəhərində Cümə məscidinin təmir-bərpadan sonra açılışında iştirak edib.

Cümə məscidi 743-cü ildə inşa edilib və islam dünyasının ən qədim məscidlərindən biri sayılır.
XS
SM
MD
LG