Accessibility links

Altay Göyüşov: Cumhuriyyət liderlərinə diqqət onların gördüyü işlərə adekvat deyil


Altay Göyüşovla müsahibə
please wait

No media source currently available

0:00 0:09:39 0:00

1919-cu il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının birinci ildönümü ABŞ prezidenti Vudro Vilson başda Əlimərdan bəy Topçubaşov olmaqla Paris konfransına qatılan Azərbaycan nümayəndə heyəti ilə görüşüb. Bu, Azərbaycan Xalq Cumhuriyyətinin beynəlxalq miqyasda müstəqil dövlət kimi tanınmasında mühüm tarixi hadisələrdən biri hesab edilir. Tarixçi alim Altay Göyüşov Amerikanın Səsinə müsahibədə Birləşmiş Ştatlar və Azərbaycan arasında münasibətlərin tarixi və Azərbaycan Cumhuriyyətinin xarici siyasətini şərh edib.

Altay Göyüşov istiqlaliyyətini yenicə qazanmış Azərbaycanla dünya siyasətində aparıcı rol oynamağa başlayan ABŞ-ı yaxınlaşdıracaq əsas məqamları qeyd edib: “Əsas məqamlardan biri Amerika prezidenti Vilsonun müharibənin sonunda məşhur 14 maddəlik prinsiplərlə çıxış etməsi idi ki, burada xalqların öz müqəddəratını təyin etməsi aparıcı amillərdən birinə çevrildi. Bu da Azərbaycanı Vaşinqtona, ABŞ-a ümidlə baxmağa vadar edirdi. Sözsüz ki, Parisdə olan Azərbaycan nümayəndə heyəti də Vaşinqtonla yaxınlaşmaq üçün bu istiqamətdə, yəni yeni yaranmış dövlətin dəstəklənməsi üçün onunla yaxınlaşmağa maraq göstərirdi.”

"Parisdə olan Azərbaycan nümayəndə heyəti də Vaşinqtonla yaxınlaşmaq üçün bu istiqamətdə, yəni yeni yaranmış dövlətin dəstəklənməsi üçün onunla yaxınlaşmağa maraq göstərirdi.”-Altay Göyüşov

Tarixçi alim ABŞ rəsmiləri ilə yeni yaranmış Azərbaycan Respublikasının nümayəndələri arasında ilk görüşlərdən danışıb: “Mənim yadıma gələn ilk görüş İstanbuldakı konsulla Topçubaşov arasında olmuşdu. Məzəli bir görüş olmuşdu. Əslində, o, Azərbaycanı zorla tanıtdıra bilmişdi. Sonrakı görüş isə artıq bilirsiniz, Vilsonla olan görüşdür. Bu görüş haqda çox danışılır, çünki orada nümayəndə heyəti Vilsonu təəcübləndirə bilmişdi. Vilsonun özünün dili ilə desək, o, tamamilə onunla eyni düşüncəyə malik olan, dünya siyasətinə, demokratiya, insan haqları məsələlərinə onunla eyni gözlə baxan nümayəndə heyətini qarşılaşmışdı. Və bu dövlət müsəlman dövlətini, ilk müsəlman demokratik dövlətini təmsil edirdi. Sonrakı dövrdə Azərbaycan özünün tanıtdırılması üçün Vaşinqtonda müəyyən işlər görməyə başlayır. Hətta 1919-cu ildə Nyu-Yorkda Azərbaycan Cumhuriyyəti haqqında böyük bir məqalə də çap olunur. Yəni bu istiqamətdə ilk addımlar atılırdı, amma prosesi başa çatdırmaq mümkün olmadı və ortada problemlər də mövcud idi.”

"Vilsonun özünün dili ilə desək, o, tamamilə onunla eyni düşüncəyə malik olan, dünya siyasətinə, demokratiya, insan haqları məsələlərinə onunla eyni gözlə baxan nümayəndə heyətini qarşılaşmışdı."-Altay Göyüşov

Altay Göyüşov Rəsulzadə hökumətinin xarici siyasətin forlamlaşmasına təsir göstərən əsas amilləri qeyd edib:”O dövrdə cumhuriyyət ideyasının meydana gəlməsində Avropada formalaşan romantik milliyyətçilik ideyalarının çox ciddi təsiri olub. O dövrdə milli dövlətin yaradılması, eyni zamanda, Azərbaycanda millətin özünün formalaşdırılması, modernləşdirilməsi, yeni formada millətin yaradılması prosesi həyata keçirilib. Bu ideyalar da 17-ci, 18-ci əsrlərdən sonra Avropada gedən maarifçilik ideylarının təsiri altında baş verib. Aydın məsələdir ki, quruluş etibarilə bu cumhuriyyət ideyası, milli dövlət ideyası məhz Avropadan götürülən düşüncə tərzi idi. Üstəgəl quruluş etibarilə, yəni demokratik respublika, parlament respublikasına çevrilməsi, bu da həmçinin Avropadan gələn, Qərbdən gələn ideya idi. Bu nöqteyi-nəzərdən, Azərbaycanın o dövrdə dünyaya baxışı özü-özlüyündə Qərblə yaxnlaşmanı, Qərbin ideyalarının əxz olunmasını, orada olan bir çox proseslərin Azərbaycana tətbiq edilməsi məsələsini gündəmə gətirirdi.”

"Təəssüf ki, bu gün müəyyən səbəblərdən, siyasi səbəblərdən Azərbaycanda tarixə obyektiv baxışın həyata keçirilməsi o qədər də asan deyil. Ona görə də hadisələrə obyektiv qiymət verilməsi, onlardan adekvat dərslərin çıxarılması və bu irsin möhkəmlənməsi üçün işin aparılması bizim gözlədiyimiz səviyyədə deyil."-Altay Göyüşov

Tarixçi alim Azərbaycanda dünyanın bir sıra ölkələrindən əvvəl olaraq qadınlara seçki hüququnun verilməsini qeyd edərək, Azərbaycan dövlətinin apardığı bu ishalatlardan danışıb: "Bu proses elə gedirdi ki, bu prosesi aparan Azərbaycan Cumhuriyyətinin arxasında böyük bir yük yox idi, ənənə adlanan böyük yük yox idi ki, onlara bu prosesi həyata keçirməyə mane olsun. Buna görə də müəyyən dərəcədə Avropanın bəzi ölkələrindən də irəli gedə bilmişdilər. İdeyanın əsasında oturan sözsüz ki, Avropada baş verən, maarifçilik dövründən sonra başlanan milli dövlət ideyası, romantik millətçilik və eyni zamanda, demokratik dövlət quruluşu, yəni parlament respublikası, mütləqiyyətə son qoyulması və s., bu, istər-istəməz Azərbaycanı Qərbə baxmağa vadar edirdi.”

Altay Görüşov Məhəmməd Əmin Rəsulzadə irsinin gələcək nəsillərə öyrədilməsinin əhəmiyyətini vurğulayıb: “Bu, olduqca vacib məsələdir. Amma bunun öyrədilməsi üçün tarixə obyektiv baxış lazımdır. Təəssüf ki, bu gün müəyyən səbəblərdən, siyasi səbəblərdən Azərbaycanda tarixə obyektiv baxışın həyata keçirilməsi o qədər də asan deyil. Ona görə də hadisələrə obyektiv qiymət verilməsi, onlardan adekvat dərslərin çıxarılması və bu irsin möhkəmlənməsi üçün işin aparılması bizim gözlədiyimiz səviyyədə deyil. Bunun üçün tarix obyektiv şəkildə öyrənilməlidir. Yəni, Cumhuriyyət nədir, nəyin əsasını qoydu, necə formalaşdı? Azərbaycan millətinin özünün tarixinin formalaşmasına obyektiv qiymət lazımdır. Bunlar hamısı olandan sonra Cumhuriyyətin irsinin öyrənilməsi istiqamətində işləri mütəşəkkil şəkildə, dövlətin arxasında durması ilə həyata keçirmək mümkündür. Bu gün bu işi aparanlar var. Bu, daha çox ictimaiyyətdən gələn məsələlərdir. Dövlətin bu işdə rolu istənilən, gözlənilən kimi deyil.”

Altay Göyüşov Cumhuriyyət liderlərinə diqqətin onların gördüyü işlərə adekvat olmadığını qeyd edib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG