Accessibility links

Bloq: Alyaskada Nigaranlıq


“Bu ştatın bankdakı pulu əksər kiçik ölkələrin pulundan çoxdur. Ucsuz-bucaqsız vadilərində neft hasil edən şirklətlərin sayəsində ştatın xəzinəsində 50 milyard dollar pul toplanıb. Ştat sakinləri nə satış vergisi, nə də gəlir vergisi ödəyir. Üstəlik hər oktyabr ayında hökumətdən $2000 həcmində çek alırlar. Sadəcə Alyaskada yaşadıqlarına görə…” Atlantik məcmuəsində yazan Alana Semuelsin sözlərinə görə nəhayət bolluq mövsumu başa çatmaqdadır. Neft qiymətlərində kəskin eniş ştatın gəlirlərində bütün ağrı-acısı ilə əks olunur. Neftin barrelində hər $5 dollar ucuzlaşma ştat büdcəsinə $120 milyona başa gəlir, deyə Alyaska Xəzinə Departamentinin kommissarı Randall Hoffbeck müşahidə edir.

Alyaskanın ən iri şəhəri Anchorage-da Dördüncü Xiyaban
Alyaskanın ən iri şəhəri Anchorage-da Dördüncü Xiyaban

Ştatın ümumi büdcəsinin 90 faizi illər boyu neft gəlirlərindən qaynaqlanıb, Semuels yazır. Onun sözlərinə görə bu yaxınlarda rəqəm 85 faizə enib, amma hər şeyə görə neft gəlirlərinə hesab aparan alyaskalılar üçün yolların salınmasına, universitetlərin inşasına öz ciblərindən pul vermək qəribə görünür. Onlar buna öyrəşməyiblər. “İnsanlar dövlət xidmətlərinə görə heç nə ödəməməyə vərdiş ediblər,” Hoffbeck bildirir. “Bu düşüncəni dəyişmək çətin olacaq.”

2012-ci ildən bəri ştatın ümumi fond gəlirləri 6 milyard, yəni 81 faiz azalıb. Bundan əlavə Standard & Poor Alyaskanın maliyyə perspektivini “sabit”-dən “neqativ”-ə endirib. “Hamı dərk edir ki, belə davam edə bilməz. Bu həcmdə kəsirlərlə irəli getmək qeyri-mümkündür,” deyə Alyaska Universitetinin iqtisadiyyat üzrə professoru Gunnar Knapp bildirir. İlə 2.2 milyard dollar qazanan ştat hazırda 6.1 milyard xərcləyir. Ya ştat daha çox pul qazanmalıdır, ya da xərclərini azaltmalıdır, deyə Semuels dilemmanı təsvir edir.

Hər il neft pulundan dividentlərin alyaskalılara paylanması iqtisadiyyatda alıcı bumu ilə müşayiət olunur. Kimi paltaryuyan maşın, kimi soyuducu, kimisi isə maşın alır. Bizneslər istehlakçılara Xüsusi Divident Satışları adı ilə tanınan endirimlər təklif edir.

Ştat rəhbərliyi həqiqətən çətin seçimlərlə üzləşir. Demokratik toplumda sərt büdcə ixtisarları həyata keçirmək siyasi liderlərdən xüsusi məharət tələb edir. Belə ki, pulu kəsilən hər bir sektorun işçi heyəti və bu işçi heyətinin təmsil etdiyi elektorat mövcuddur. Məsələn, aprel ayında təhsil büdcəsində planlaşdırılan ixtisarlar müəllim və tələbələrin ştat parlamenti qarşısında etiraz aksiyasına səbəb olmuşdu. “Alyaska Nyu Hempşirdən sonra yeganə başqa ştatdır ki, burada gəlir və satış vergiləri yoxdur. Vergi tətbiq etmək gəlirləri artırmağın ən cəld yoludur,” Semuels yazır. “ Amma Respulikaçı qanunvericilər hər hənsi yeni verginin tətbiq olunmasından öncə xərcləmədə ixtisarlar tələb edirlər

Qarşıdan gələn illərdə büdcədəki boşluqları doldurmaq üçün neft fondunda 50 milyard dollar var. Amma qanuna əsasən ştat fondda olan pulu yox, yalnız fondun qazandığı pulu xərcləyə bilər. Bu qazanclar hər il təqribən 2-3 milyard dollar təşkil edir. Amma indiyədək ştat rəhbərliyi bu pulu xərcləməkdən çəkinib. Qazanılan pul Qazanc Ehtiyat Fonduna qoyulur ki, burada toplanılan vəsait hazırda 7 milyarddır. 1982-ci ildən başlayaraq Alyaskada yaşayan hər kişi, qadın və uşağa göndərilən pul da məhz bu fonddan qaynaqlanır. Hər il neft pulundan dividentlərin alyaskalılara paylanması iqtisadiyyatda alıcı bumu ilə müşayiət olunur. Kimi paltaryuyan maşın, kimi soyuducu, kimisi isə maşın alır. Bizneslər istehlakçılara Xüsusi Divident Satışları adı ilə tanınan endirimlər təklif edir.

Alyaskalılara verilən illik dividentlərin azaldılması, yaxud ümumiyyətlə ləğv edilməsi təklifi sərt ictimai müqavimətlə qarşılanır. Bunu həyata keçirəcək heç bir siyasətçi seçkilərdə səs toplamağa ümid apara bilməz. “Vergiləri artırmaqdan daha ən qeyri-populyar ölçü divident çeklərindən oğurlamaq olardı,” deyə Kaplan bildirir. Jurnalist Semuels sadə alyaskalılarla küçələrdə bu mövzuda qeyri-elmi şəxsi sorğu apardıqda, dividentlərin dövlətə təhvil verilməsinə bir nəfər də də olsun tərəfdar tapmayıb. “Bir ki, onlar bu fonda əl qoydular, onda hamısını xərcləyəcəklər,” deyə Wasilla sakini Suzie Swanner jurnalistə bildirir.

ABŞ Alyaskanı 1867-ci ildə Rus İmperiyasından $7.2 milyon dollara alıb.
ABŞ Alyaskanı 1867-ci ildə Rus İmperiyasından $7.2 milyon dollara alıb.

Amma ucuzlaşan neft qiymətləri ilə hazırkı büdcəni olduğu kimi saxlamağın çətinliyini dərk edənlər də var. Evsizlər üçün sığınacağın icraçı direktoru Lisa Sauder yay ərzində evsizlər arasında ölənləri sayının çoxaldığını müşahidə edir. Onun dediyinə görə sığınacaqlara ayrılan pulların azalması ştatın ən yoxsul təbəqəsinə təsir göstərməkdədir. Alyaskanın başqa ucqar guşələrindən mərkəzi Anchorage şəhərinə axışan bəzi adamlar evlərin baha olduğundan yaşamağa yer tapa bilmirlər. “Məncə biz aysberqun ucuna toxunmuşuq, vəziyyət qorxuludur,” deyə Sauder həyəcanını gizlətmir.

Böhranın təsirlərini azaltmaq, onunla ayaqlaşmaq üçün Alyaska qubernatoru Bill Walker bir neçə ölçünü nəzərdən keçirir. “O, başa düşür ki, kombinasiya halında əlavə gəlir, davamlı ixtisarlar, hazırkı pulun xərclənmə üslubu ştatın gələcək təhlükəsizliyini təmin etmək üçün vacibdir,” deyə qubernator sözçüsü Katie Marquette bildirir. Bunun üçünsə insanlar arasında təşviqat aparmaq, onları məlumatlandırmaq və ən əsası, enən gəlirləri qarşılamaq üçün tələb olunan çətin addımların mühümlüyünə inandırmaq lazımdır. “Bu, gələcək üçün yaxşı məşq olardı,” Semuels yazır. “Alyaska həmişəlik neftə arxalana bilməz, ştat əvvəl-axır gəlir gətirməyin yeni formalarını tapmalıdır. Neft gəlirlərindən gələn qazanclardan da asılı qalmaq asan olmayacaq.” Alyaskanın nefti olmayan başqa ştatların təcrübələrinə üz tutmasına məqbul variant kimi baxanlar var. “Amma hələlik əksər alyaskalılar ötən xoş çağlardan nə qədər çox mümkünsə yapışmağa üstünlük verirlər.”

XS
SM
MD
LG