Accessibility links

AMAY-ın rəhbəri Abdulla Abdullayev həbs edilib


Abdulla Abdullayev
Abdulla Abdullayev

Tanınmış iş adamı külli miqdarda vəsaiti mənimsəməkdə günahlandırılır

“AMAY” MMC-nin rəhbəri, tanınmış iş adamı Abdulla Abdullayev həbs edilib.

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə iş adamı ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

İlkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaitin özü tərəfindən müəyyən edilməklə ayrı-ayrı hüquqi şəxslərin müvəkkil edilmiş kredit təşkilatı olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməsinə nail olaraq həmin vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasında və özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Abdulla Abdullayev hakimiyətə yaxın iş adamı kimi tanınıb. Son illərədək onun rəhbərlik etdiyi “AMAY” MMC ölkədə ən iri və güclü ticarət mərkəzlərindən biri idi.
XS
SM
MD
LG