Accessibility links

ABŞ-ın Azərbaycandakı səfirliyi səfir Riçard Morninqstarın Azərbaycan rayonlarına səfəri ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar fevralın 21-23-ü tarixində Kürdəmir, Gəncə və Mingəçevirə səfər edib. Səfərin məqsədi mərkəz və qərb reqionların əhalisi ilə görüşmək, bu rayonlarda ABŞ-Azərbaycan əməkdaşlığının səviyyəsi ilə tanış olmaq və bu əməkdaşlığa öz dəstəyini göstərməkdən ibarətdir.

Səfər zamanı cənab Morninqstar Kürdəmir, Gəncə və Mingəçevirin İcra Hakimiyyətlərinin başçıları İrshad Əliyev, Elmar Vəliyev və Niyazi Bayramovla görüşüb və regionlarda iqtisadi inkişaf, eləcə də kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində inkişaf müzakirə edilib.

Səfir Morninqstar Amerika Sülh Korpusunun azərbaycanlı tərəfdaşlarla yerli layihələrdə birgə çalışan könüllüləri ilə görüşüb. ABŞ səfiri həmçinin, Kürdəmir və Gəncə şəhərlərində yerləşən Amerika Mərkəzlərinin fəaliyyəti ilə tanış olub və yerli gənclər qarşısında ABŞ-Azərbaycan əlaqələri ilə bağlı məruzə ilə çıxış edib. O həmçinin Gəncə Aqrar Universiteti, Ziyalı Vətəndaş Mərkəzi və GTM Gənclər Mərkəzlərinə də baş çəkib.

ABŞ səfiri və onun xanımı Feyth Morninqstar səfər zamanı bu regionların zəngin mədəniyyəti ilə də tanış olmaq imkanı qazanıblar. Onlar Gəncə şəhərində yerləşən Xan bağı, Cavad Xan və Nizami Gəncəvi məqbərələrini ziyarət ediblər.
XS
SM
MD
LG