Accessibility links

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Ros Vilson Corctaun universitetində ABŞ-Azərbaycan strateji tərəfdaşlığı mövzusunda məruzə edib


ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Ros Vilson Corctaun universitetində ABŞ-Azərbaycan strateji tərəfdaşlığı mövzusunda məruzə edib

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Ros Vilson Corctaun universitetində ABŞ-Azərbaycan strateji tərəfdaşlığı mövzusunda məruzə edib

Hazırda universitetdə dərs deyən səfir Vilson ikitərəfli münasibətlərin bugünkü səviyyəsi, inkişaf və geriləmələrin səbəblərini şərh etdi, gələcək perspektivlər barədə danışdı.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Ros Vilson Corctaun universitetdə ABŞ-Azərbaycan strateji tərəfdaşlığı mövzusunda məruzə edib. Tədbir Vaşinqtondakı Azərbaycan Araşdırmalar mərkəzi və Corctaun universitetinin təşəbbüsü ilə keçirilib.

Hazırda universitetində dərs deyən səfir Vilson ikitərəfli münasibətlərin bugünkü səviyyəsi, inkişaf və geriləmələrin səbəblərini şərh etdi, gələcək perspektivlər barədə danışdı.

Ros Vilson müstəqillik yolunda Azərbaycanın uğurlarından bəhs etdi və ABŞ-la münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını qeyd etdi. Onun sözlərinə görə, 1995-cı illə müqayisədə 2007-ci ildə Azərbaycanda ümumdaxili məhsulun həcmi 7 dəfə artmış və beləliklə, Azərbaycan dünyanın iqtisadi cəhətdən ən yüksək sürətlə inkişaf edən ölkəsi olmuşdur. Lakin o bununla yanaşı bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin çözülməməsi və Azərbaycan torpaqlarının hələ də işğal altında qalması ölkənin inkişafı qarşısında maneə olaraq qalır. Ros Vilson münaqişəsinin nizamlanması istiqamətində inkişaflar və gərginliklərin olduğunu, danışıqlar prosesində problemlərin qaldığını bildirdi. Onun sözlərinə görə, Buş administrasiyası ABŞ-ın münaqişənin həllində səylərini gücləndirməyə çalışdı, lakin 2001-ci ildə əldə edilmiş bu səviyyədən sonra geriləmə müşahidə olundu.

Ros Vilson demokratiya və insan hüquqları sahəsində inkişaflar və geriləmələrin olduğunu bildirdi. O, ikitərəfli münasibətlərdə gərginlik yaradan məsələ kimi insan hüquqlarını göstərdi və korrupsiyanın böyük problem olaraq qaldığını bildirdi. Lakin əlavə etdi ki, Azərbaycan prezidenti İlham Əliyev demokratiyanın əhəmiyyətini başa düşür.

Azadlığı müdafiə aktına 907-ci əlavənin saxlanmasının ABŞ-Azərbaycan münasibətlərinə mane olduğunu bildirən səfir Vilson 2001-ci ildə 11 sentyabr hadisələrindən sonra münasibətlərdə yeni dövrün yarandığını əlavə etdi. Onun sözlərinə görə, Azərbaycan ABŞ-a dəstək göstərdi və yaranmış yeni bir şəraitdə 907-ci əlavənin müvəqqəti olaraq qüvvədən salınması mümkün oldu.

Səfir Vilson ABŞ-Azərbaycan münasibətlərinin bugünkü durumunu şərh edərək, bir sıra məsələlərin hələ də həllini tapmadığını bildirdi. O, ilk növbədə, ölkədə bir ildən artıqdır səfirin olmamasını göstərdi, lakin bildirdi ki, bunu ABŞ-ın ölkəyə diqqətinin azalması kimi qəbul etmək lazım deyil.

O bu ilin iyun ayında Azərbaycana səfəri zamanı rəsmi dairələrdə ABŞ-la bağlı narazılıqların ona çatdırıldığını bildirdi. Bunlar arasında o, Azərbaycan prezidentinin Vaşinqtonda nüvə sammitinə çağırılmaması, “Washington Post” qəzetində çıxan məqalə və ABŞ-ın Türkiyə-Ermənistan yaxınlaşmasında rolu məsələlərini göstərdi.

Səfir Vilsonun bildirdiyi kimi, ABŞ Azərbaycanı ikitərəfli münasibətləri bütün əsas istiqamətlərdə inkişaf etdirmək istədiyinə əmin etməlidir. O dedi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində ciddi addımın atılması, iqtisadiyyatın digər sahələri, xüsusilə də kənd təsərrüfatının inkişaf etdirilməsi, bununla yanaşı, ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrinə şimaldan təchizat yolunun genişləndirilməsində Azərbaycanın rolunun artırılması ölkənin inkişafına müsbət təsir göstərə bilər. Ros Vilsonun sözlərinə əsasən, Azərbaycan öz növbəsində xarici investorlar üçün lazımi şəraiti yaratmaq üçün qanunun aliliyi prinsipinin bütün səviyyələrdə təmin olunmasına çalışmalıdır.

Səfir Ros Vilson çıxışından sonra auditoriyaya toplaşanların suallarını cavablandırdı.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG