Accessibility links

Elin Süleymanov: Azərbaycan hər zaman “İpək Yolu”nun ayrılmaz hissəsi olub



Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Vaşinqtonda Dinlərarası və Mədəniyyətlərarası Dialoq üzrə Rumi Forumunda məruzəsi zamanı Azərbaycanın “İpək Yolu” sisteminin mühüm və ayrılmaz hissəsi olduğunu deyib. Səfir “Azərbaycan-Avrasiyada “İpək Yolu”nun mərkəzi” mövzusunda məruzəsində regional nəqliyyat və ticarət yolları üzərində yerləşən Azərbaycanın müstəqilliyini bərpa etdiyi 20 il ərzində regionda enerji və infrastruktur layihələrinin inkişafına verdiyi töhfələrdən danışıb. “Biz əvvəlcədən başa düşürdük ki, bizim uğurumuz regionun uğuru deməkdir, Azərbaycanın inkişafı üçün bütünlükdə regionun inkişafı mühümdür”-deyə səfir bildirib.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərini müasir dövrün İpək Yolu adlandıran Elin Süleymanov bu layihələrin regionun bütün inkişaf dinamikasını dəyişdirdiyini vurğulayıb. “Burada söhbət neft və qazdan getmir, əsas məsələ regional əməkdaşlıqdan ibarətdir. Layihələr regionun inkişaf istiqamətini dəyişdi, Türkiyə və Gürcüstanla münasibətlərə yenilik gətirdi. Layihələr regional təhlükəsizliklə yanaşı, Avropanın təhlükəsizliyinə xidmət edir”-deyə Elin Süleymanov bidirib.

Məruzə zamanı səfir Elin Süleymanov Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer ayıraraq, Azərbaycan regionun tərəqqisində və qonşuları ilə münasibətlərin inkişafında maraqlı olduğunu qeyd edib. Lakin səfir münaqişənin nizamlanmamasının bütünlükdə regionun inkişafı qarşısında əsas maneə olduğunu əlavə edib. O, BMT-nin qəbul edilmiş qətnamələrinə hələ də əməl olunmadığını xüsusi vurğulayıb.

Tarixi İpək Yolu üzərində olan Azərbaycanın regional əməkdaşlıq prinsiplərinə sadiq qaldığını deyən səfir Elin Süleymanov “Biz keçmişə deyil, gələcəyə üz tutmuşuq” deyə bildirib.

Tədbirdə iştirak edən Azərbaycan Milli Məclisinin üzvü Asim Mollazadə Azərbaycanın regionda mədəniyyətlər və xalqların əməkdaşlıq ənənəsini davam etdirməyə çalışdığını qeyd edərək, İpək Yolunun təkcə enerji deyil, ideyalar birliyi olduğunu deyib. Asim Mollazadə Amerikanın səsinin sualını cavablandıraraq, ABŞ-ın Azərbaycanın Avrasiyada rolu ilə bağlı mövqeyini şərh edib: “Mən xatırlatmaq istəyirəm ki, Amerika Birləşmiş Ştatlarının Senatında 90-cı illərdə cənab Sem Braunbekin dəstəyi ilə İpək Yolu layihəsi təsdiq olunmuşdu. Müvafiq sənəd qəbul olunmuşdu. Təbii olaraq bir strateji müttəfiq və tərəfdaş kimi Amerika Birləşmiş Ştatları Azərbaycana bu sahədə zamanında kifayət qədər dəstək verib. Biz bu strategiyanı gerçəkləşdirmək üçün ən önəmli amillərdən biri olan regionda sülh və əmin-amanlığın bərpasına Amerika Birləşmiş Ştatlarından ciddi dəstək gözləyirik. Minsk qrupunun həmsədri kimi Amerika Birləşmiş Ştatlarının fəal diplomatiyasını gözləyirik və bununla yanaşı Xəzər hövzəsinin enerjisi, nəqliyyat sahəsində, kommunikasiyalar və informasiya sistemlərinin qurulması sahəsində də biz Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq edirik və təbii istərdik ki, bu, daha geniş əməkdaşlıq olsun. Amma ən önəmli, bu gün bizim üçün təxirəsalınmaz bir amil tezliklə Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərpa olunmasıdır və biz çox istəyirik ki, beynəlxalq təşkilatların qətnamələri, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri 20 il sonra da olsa, tezliklə icra edilsin, çünki Azərbaycan bölgədə sülh və əmin-amanlıq yaradılandan sonra bizim bölgənin məhz strateji İpək Yolu sisteminin formalaşmasında daha sürətlə irəliləyə bilər.”

Rumi Forumu dinlər və mədəniyyətlərarası dialoqun təşviq edilməsi, bütün dünyada demokratiya və sülhün möhkəmləndirilməsi, habelə təhsil və informasiya mübadiləsi aparılması məqsədilə 1999-cu ildə yaradılıb.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG