Accessibility links

Amerika, ATƏT, Amnesty International müxalifət fəallarının həbsindən narahatdır


Amerika, ATƏT, Amnesty International müxalifət fəallarının həbsindən narahatdır

Amerika, ATƏT, Amnesty International müxalifət fəallarının həbsindən narahatdır

ABŞ ədliyyə hakimiyyətini bu hökmlər barədə hər bir apelyasiya şikayətinin Azərbaycan Konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun şəkildə baxılmasını təmin etməyə çağırır.

Səbayel Rayon Məhkəməsinin müxalifət fəalları barəsində azadlıqdan məhrumetmə hökmü beynəlxalq və yerli təşkilatlar, o cümlədən ABŞ tərəfindən təəssüflə qarşılanıb.

Amerikanın Azərbaycandakı səfirliyinin məlumatında deyilir ki,

ABŞ Səbayel Rayon Məhkəməsinin Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlının bu il aprelin 2-də baş vermiş dövlət əleyhinə etirazların planlaşdırılması və təşkililə ictimai asayişin pozulması barədə gizli razılığa gəlmə ittihamı ilə həbs olunması barədə 3 oktyabr tarixli qərarından təəssüflənir. “ABŞ həmçinin, eyni məhkəmənin Sahib Kərimov, Babək Həsənov, Zülfüqar Eyvazlı, Arif Alışlı, Elşən Həsənov və Elnur İsrafilovun oxşar ittihamlarla məhkum olunması barədə 25 avqust qərarından da təəssüflənir”.

Səfirlik, Amerikanın Azərbaycan hökumətinə bütün vətəndaşların sərbəst toplaşmaq və söz azadlığına hörmət etmək kimi Konstitusiya və beynəlxalq öhdəlikləri olduğunu xatırladır. “Eyni zamanda, Birləşmiş Ştatlar ədliyyə hakimiyyətini bu hökmlər barədə hər bir apelyasiya şikayətinin Azərbaycan Konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun şəkildə baxılmasını təmin etməyə çağırır. Bu öhdəliklər azərbaycanlıların öz ölkələrinin demokratik mədəniyyətinin, proseslərinin və qurumlarının daha dərin inkişafına yardım etmək üçün mövcuddur”, - deyə məlumatda qeyd edilir.

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay Səbayel Rayon Məhkəməsinin çıxardığı hökmdən narahat olduğunu bildirib.

O, Müsavat.com saytına deyib ki, ATƏT-in Bakı ofisi siyasi fəallar Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlının 2 aprel nümayişində iştirakları ilə əlaqədar məhkum olunmasından narahatdır: “Ümid edirik ki, apelyasiya məhkəməsi məsələyə Azərbaycan Konstitusiyası və ittiham olunan şəxslərin hüquqları, xüsusilə də effektiv hüquqi təmsilçiliyə dair ATƏT öhdəliklərinə tam uyğun olaraq baxacaq”. ATƏT-in Bakı ofisi inanır ki, Azərbaycan xalqı ifadə və dinc toplaşmaq azadlıqları da daxil olmaqla fundamental hüquq və azadlıqlardan tam faydalanmağa layiqdir.

“Azərbaycan hakimiyyəti aprelin 2-də Bakıda keçirilən dinc aksiyada iştiraka görə həbs edilən müxalifət fəallarını dərhal azad etməlidir”. Bu barədə Amnesty International beynəlxalq hüquq - müdafiə təşkilatı mitinqin 10 iştirakçısını azadlıqdan məhrum etmiş Bakı məhkəmələrinin qərarı ilə bağlı bildirib.

“Bu gün Azərbaycanda tənqidi səslər boğulur. Hökumət müxalifətin ağzını yummağa çalışır və ümid edir ki, bu, digərlərini də etiraz aksiyalarında iştirakdan çəkindirəcək. Müxalifətçilər siyasi islahatlar və hökumətdəki korrupsiyanın pislənməsi çağırışları ilə keçirilən dinc aksiyada iştiraka görə həbsə alınıblar. Hökumətin və prezident Əliyevin əleyhinə çıxış edən müxalifətçinin və ya istənilən şəxsin sistematik təqib olunmasına və həbsinə son qoyulmalıdır”, - deyə Amnesty International-ın Avropa və Mərkəzi Asiya üzrə direktoru Nikola Dakvort bildirib.

Amnesty International fikir azadlığı hüququnu dinc həyata keçirdiyinə görə həbs olunanları vicdan məhbusları hesab edir. Bəyanatda qeyd olunur ki, 2011-ci ildə avtoritar və korrupsiyaya uğramış hökumətə qarşı çıxmaq cəhdlərinə cavab olaraq uydurma ittihamlarla cinayət işlərinin sayı xeyli artıb. Həmin şəxslərin əksəriyyəti ədalətsiz məhkəmə çəkişmələrinin əsasında məhkum edilib.

Xatırladaq ki, aprelin 2-də müxalif İctimai Palata Bakının mərkəzində - Fəvvarələr meydanı və onun həndəvərində sanksiyalaşdırılmamış etiraz aksiyası keçirib. 14 nəfər aksiya iştirakçısı Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə məhkum edilib.

XS
SM
MD
LG