Accessibility links

Amerika-Azərbaycan təhlükəsizlik dialoqu keçirilib (Audio)


Amerika-Azərbaycan təhlükəsizlik dialoqu keçirilib (Audio)

Amerika-Azərbaycan təhlükəsizlik dialoqu keçirilib (Audio)

Müzakirə etdiyimiz mövzuların sırasında beynəlxalq təhlükəsizlik, Avroatlantikada Avropa məsələləri, regional təhlükəsizlik, böhran məntəqələrdə vəziyyətlər, ABŞ-Azərbaycan əməkdaşlığı, o cümlədən terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıq, müxtəlif sahələrdə təhlükəsizlik proqramları, iş birliyi kimi məsələlər olub. O cümlədən, Xəzər dənizində mühüm infrastrukturun mühafizəsi, həmçinin hərbi sahədə və hərbiçilər arasında əməkdaşlığı dərinləşdirilməsi məsələsi diqqət mərkəzində olub.

Bakıda 12-ci Azərbaycan Amerika Təhlükəsizlik dialoqu keçirilib. Müzakirələrdən sonra Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov və Amerika Dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Endryü Şapiro birgə mətbuat konfransı keçirib.

Cənab Əzimov bildirib ki, gündəlikdə duran bütün məsələlər müzakirə edilib. O dialoqu müvəffəqiyyətli adlandırıb. “Geniş və ətraflı müzakirələr faydalı oldu. Təhlükəsizlik sahəsində duran məsələlərin müzakirəsi zamanı konkret təkliflərə baxılıb. Hər iki tərəf, bu görüşdən faydalanacaq. Müzakirə etdiyimiz mövzuların sırasında beynəlxalq təhlükəsizlik, Avroatlantikada Avropa məsələləri, regional təhlükəsizlik, böhran məntəqələrdə vəziyyətlər, ABŞ-Azərbaycan əməkdaşlığı, o cümlədən terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıq, müxtəlif sahələrdə təhlükəsizlik proqramları, iş birliyi kimi məsələlər olub. Olduqca vacib və fəal diskussiyalar nəticəsində ümidvaram ki, nəticələr çıxarılacaq. Dialoqun gələn il Vaşinqtonda keçirilməsi nəzərdə tutulan növbəti raundu üçün heyətlər konkret təklifləri hazırlayacaq və onların reallaşması üçün konkret tədbirlər görməyə hazır olacaq”.

Onun sözlərinə görə, Amerika ilə Azərbaycanı birləşdirən bir çox cəhətlər var. İki dövlət arasında tərəfdaşlığın strateji əhəmiyyəti bəllidir. Strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən əlaqələrin effektivliyi göz qabağındadır. “ Bu həm Xəzər dənizində təhlükəsizliyə, həm terrorizmə qarşı mübarizədə, narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasında, təhlükəsizliklə bağlı müxtəlif hədə və risklərin aradan qaldırılmasında özünü büruzə verməkdədir. Məncə, hər iki tərəf bu konkret müzakirələrdən nəticə çıxarıb konkret addımlar atmaqda qərarlıdır. ”.

Amerika Dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Endryü Şapiro Amerikanın Azərbaycanla çox gözəl təcrübəyə malik strateji tərəfdaşlığının olduğunu deyib. “Biz iki ölkə arasında əməkdaşlığı gücləndirmək işinə sadiqik və bir çox sahələrdə əməkdaşlıq üçün çox böyük potensial mövcuddur. ABŞ və Azərbaycan təhlükəsizlik, enerji, energetika və daxili islahatlar sahəsində ortaq maraqları bölüşür”.

Cənab Şapiro təhlükəsizlik dialoqunun bir sıra mühüm sahələrdə əməkdaşlığı dərinləşdirdiyini diqqətə çatdırıb. “O cümlədən Xəzər dənizində mühüm infrastrukturun mühafizəsi, həmçinin hərbi sahədə və hərbiçilər arasında əməkdaşlığı dərinləşdirib. Azərbaycan terrorizmlə mübarizədə, Əfqanıstandakı sülhyaratma əməliyyatlarında iştirakda, xüsusilə də Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələri üçün hava və quru yükdaşımalarında çox əhəmiyyətli olub. Biz, Azərbaycanın bu fəaliyyətləri həyata keçirməsini, Amerika və qlobal təhlükəsizliyə çoxsaylı töhfələrini çox yüksək qiymətləndiririk. Amerika hökuməti qeyd etdiyimiz ortaq maraqlar üzrə fəaliyyətləri, tərəfdaşlığı gücləndirməyi səbirsizliklə gözləyir”.

Tərəflər jurnalistlərin Amerika-Azərbaycan birgə təlimlərinin təxirə salınmasının səbəbləri barədə sualına cavab verib. Cənab Əzimov bildirib ki, təlimlər texniki səbəblərdən təxirə salınıb.

“Yaxın vaxtlarda bu cür təlimlər keçirilə bilər. Bu sahədə əməkdaşlığın göstəricisi kimi qeyd edə bilərəm ki, yaxın vaxtlarda Azərbaycan hərbiçiləri bir neçə böyük miqyaslı təlimlərdə iştirak edəcək. Bu təlimlər vasitəsi ilə hərbiçilərin hazırlıqlı olması barədə nəticələr çıxarılacaq. Təlimlər əvvəl bir-iki başqa məntəqədə olacaq. Bundan sonra, Azərbaycanda başqa bir təlimlərin keçirilməsi nəzərdə tutulur”.

Öz növbəsində, Endryü Şapiro bildirib ki, texniki və maliyyə baxımından bu görüşdə təlimlərin keçirilmə vaxtını dəqiq təyin edə bilməyiblər.

Dövlət katibinin müavini Amerika hökuməti adından Azərbaycana Əfqanıstana qoşun göndərməsi və şimal paylaşdırma məntəqəsindəki töhfələrinə görə təşəkkür edib. “Amerika prezidentinin Əfqanıstandan qoşunların çıxarılması barədə bəyanatı 2009-cu ildə Əfqanıstana göndərilən qoşunların çıxarılması ilə bağlı idi. Amerikanın Əfqanıstanda mövcudluğu güclü olaraq qalacaq. 2014-cü ildə Əfqanıstanın təhlükəsizlik üzrə məsuliyyəti öz üzərinə götürdüyü keçid dövrünədək orada Amerikanın güclü mövcudluğu olacaq. Bu gün Azərbaycanın bizim Əfqanıstanda fəaliyyətimizi davam etdirməyimizdə iştirak etməsini necə davam etdirməsi ilə bağlı müzakirələr apardıq. Bununla yanaşı, Azərbaycanla daha hansı sahələrdə strateji tərəfdaşlığı davam etdirilməsi ilə bağlı müzakirələr apardıq. Misal kimi, terrorizmlə mübarizə və mühüm enerji infrastrukturlarının mühafizəsinin adını çəkmək olar”.

Araz Əzimov isə bildirib ki, Azərbaycandan Əfqanıstanda töhfələrini davam etdirməsi xahiş edilib. “Bundan başqa, Əfqanıstanda qeyri-hərbi sahədə də Azərbaycanın töhfələri müzakirə edildi. Azərbaycan Əfqanıstanla bağlı bir sıra mülki layihələr həyata keçirir. Buraya Əfqanıstan tələbələri, hökumət, parlament, QHT nümayəndələrinin Azərbaycanda layihələrdə iştirak etməsi daxildir. Azərbaycanın minatəmizləmə işlərində də iştirakı nəzərdə tutulur. O cümlədən, Əfqanıstandakı mövcud durum, ölkə daxilində əmin-amanlığın yaradılması üçün görülən tədbirlər müzakirə edildi. Azərbaycan İslam Konfransı Təşkilatı çərçivəsində və Əfqanıstanda aparılan əməliyyatlar ətrafında yaranana problemlərlə bağlı da töhfəsini verə bilər. Enerji təhlükəsizliyi sahəsində də mühüm məqamlar var ki, Azərbaycan istəyir ki, Amerika yardım etsin və bu yardım ediləcək”.

Amerikanın Səsi radiosunun Xəzərdəki infrastrukturların təhlükəsizliyi ilə bağlı sualının cavabında A.Əzimov bildirib ki, Amerika-Azərbaycan əməkdaşlığının əsas məzmunu Azərbaycanın milli imkanlarının, qabiliyyətlərinin və resurslarının inkişaf etdirilməsidir. “Biz yardımların məqsədini bunda görürük. Azərbaycanın kifayət qədər inkişaf etmiş dövlət qurumları var, onların arasında əlaqələndirmə mövcuddur, məlumat mübadiləsi, əməliyyat-əlaqələndirmə sistemi var. Xəzər dənizində təhlükəsizlik məsələsində də bütün dövlət qurumları əlaqələndirilmiş şəkildə fəaliyyət göstərir. Digər tərəfdən Xəzərin Azərbaycan sektorunda aparılan işlərin məqsədi təhlükəsizliyin təmin edilməsidir”.

Onun fikrincə, təhlükəsizliyin müxtəlif aspektləri var. Bu platforma və infrastrukturların mühafizəsi, ekoloji təhlükəsizlik, sızmaların qarşısının alınması, qanunsuz daşımalara qarşı mübarizə, enerji təhlükəsizliyi və başqa sahələri əhatə edir.

“Bütün bu sahələrdə, haradakı Azərbaycanın ehtiyacı var və Azərbaycan Amerika ilə bu sahədə ümumi anlayış tapır, müxtəlif formalarda və mexanizmlərdən istifadə edərək əməkdaşlıq edə bilərik. Bəzi sahələrdə isə artıq əməkdaşlıq mövcuddur. Xüsusilə, yayılmaların qarşısını almaq, terrorizmə qarşı mübarizə, infrastrukturun mühafizəsi və buna bənzər məsələlərdə artıq bir sıra proqramlar həyata keçirilir. Digər tərəfdən Azərbaycan öz sektorunda təhlükəsizliyin təmin edilməsində qərarlıdır. Amerika isə bu istiqamətdə bizə yardım etməyə hazırdır. Amerikanın əsas marağı Azərbaycanın təhlükəsizliyini təmin etmək qabiliyyətində olmasıdır”.

Öz növbəsində, E.Şapiro bildirib ki, Xəzərdə enerji infrastrukturlarının təhlükəsizliyinin təminatında bir sıra ehtiyaclar var və bu sahədə Amerika Azərbaycanla əməkdaşlıq edə bilər. “Bu sahədə müzakirələr apardıq. Biz Azərbaycanın mühüm enerji infrastrukturuna ola biləcək hər hansı təhdidlərin qarşısının alınması istiqamətində birgə fəaliyyətləri davam etdirməyi nəzərdə tuturuq”.

Dövlət katibinin köməkçisi raket əleyhinə müdafiə ilə bağlı yaxşı müzakirələr keçirildiyini bildirib. O , Amerikanın Səsi radiosunun sualının cavabında deyib ki, ABŞ-ın NATO çərçivəsində Avropada raketdən müdafiə fəaliyyətlərinin hazırki vəziyyəti barədə söhbət apardıq. “Əsas səylərimiz NATO müttəfiqlərimizin raketdən müdafiə bacarıqlarının artırılmasına yönəldilib. Həmçinin Rusiya hökuməti ilə NATO tərəfindən koordinasiya olunacaq ayrıca raketdən müdafiə sistemi ilə bağlı müzakirələr aparırıq. Raketdən müdafiə ilə bağlı müzakirələrin hazrki vəziyyəti bundan ibarətdir. Ola bilsin ki, gələcəkdə, biz Qəbələ RLS-lə bağlı müzakirələrimizi davam etdirdik”, - deyə o qeyd edib.

Araz Əzimov isə deyib ki, Qəbələ RLS-in Rusiya tərəfindən istifadəsi ilə bağlı müqavilənin müddəti gələn il başa çatır və onun gələcək fəaliyyəti ilə bağlı müzakirələr davam etdirilir.

“Bu stansiyanın əhəmiyyəti çox böyükdür. Həm Azərbaycan ərazisində yerləşdiyinə görə, həm də Rusiyanın təhlükəsizliyinin təminatında roluna görə, bu stansiyanın əhəmiyyəti böyükdür. Digər tərəfdən, Rusiya NATO və Amerika ilə raketdən müdafiə sistemləri barədə əməkdaşlıqla bağlı müzakirələr edir. Bu gün danışıqlarla bağlı bizə faydalı məlumatlar verildi. Bu müzakirələrin davam etdirilməsini özümüz üçün faydalı hesab edirik”, - deyə xarici işlər nazirinin müavini bildirib.

XS
SM
MD
LG