Accessibility links

ABŞ azərbaycanlıları xarici yardımla bağlı məktub kampaniyasının təsirli olduğunu deyir


ABŞ azərbaycanlıları xarici yardımla bağlı məktub kampaniyasının təsirli olduğunu deyir

ABŞ azərbaycanlıları xarici yardımla bağlı məktub kampaniyasının təsirli olduğunu deyir

İyulun 27-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində 2012-ci il üçün Xarici Əlaqələrin Sanksiyalaşdırılması Aktı üzrə müzakirələr keçirilib. Alt komitə ABŞ Dövlət Departamentinin bir sıra proqramları, habelə xarici yardımları nəzərdə tutan bu qanun layihəsini müzakirə üçün Təxsisatlar komitəsinə təqdim edib. Avqustun 3-də komitə tam tərkibdə ABŞ-ın xarici yardımlarının həcmi ilə bağlı müzakirələrdən sonra sənədi səsverməyə qoyacaq.

Amerikada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları, Azərbayca-türk icmasının üzvləri bu sənəddə ABŞ-ın Ermənistana və Dağlıq Qarabağa yardımı ilə bağlı müddəalarına münasibətini bildirərək, məktub kampaniyası keçirib.

İyulun 27-də alt komitədə qəbul edilmiş sənəddə Ermənistana yardımın azaldılaraq 60 milyon dollardan 40 milyon dollara çatdırılması və Dağlıq Qarabağa birbaşa yardım deyil, tərəflər arasında etibarın yaradılması və münaqişənin sülh yolu ilə həllinə yönəlmiş layihələr üçün maliyyə ayrılması haqda qərar çıxarılıb.

Amerika azərbaycanlılarının Konqres üzvlərinə ünvanlandığı məktublarda deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin qurbanları üçün nəzərdə tutulmuş hər hansı bir yardım yerlərindən didərgin düşmüş azərbaycanlılara da şamil edilməli, Ermənistana verilən yardım isə xüsusi maraqlar deyil, ABŞ-ın xarici siyasət prioritetləri nəzərə alınaraq ayrılmalıdır.

ABŞ-da azərbaycanlıların şəbəkəsi USAN-nın həmtəsisçisi Bədir Məmmədli məktub kampaniyasının təsirli olduğu deyir. O bildirib ki, məsələ ilə bağlı ABŞ qanunvericilərinə minlərlə məktublar göndərilib, Amerika mətbuatında onlarla məqalə dərc edilib, USAN və ABŞ-da fəaliyyət göstərən digər diaspor təşkilatlarının nümayəndələri alt komitəyə yazılı şəkildə rəylər göndərib.

“Sözsüz ki, bir sıra faktorlarla yanaşı məktub kampaniyasının da təsiri az olmadı. Biz bunu konqresmenlərdən gələn cavablardan hiss edirik. Onlar bizə yazırdı ki, əgər belə bir məsələ qaldırılsa, sizin fikirlərinizi diqqət mərkəzində saxlayacayıq. Fəxrlə qeyd etmək istəyirəm ki, ABŞ azərbaycanlıları şəbəkəsinin bu işdə rolu az olmadı. Düzdür, burada başqa faktorlar da var. Məsələn, Amerikadakı bugünkü iqtisadi durumu qeyd etmək olar. Amma yenə də qeyd etmək istəyirəm ki, məktub kampaniyası, konqresmenlərlə getdikdə artan sıx əlaqələr buna öz təsirini göstərməyə bilməzdi”-deyə Bədir Məmmədli AzeriDiaspor saytı üçün bildirib.

Bədir Məmmədli ilə müsahibənin tam mətni ilə AzeriDiaspor saytında tanış ola bilərsiniz.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG