Accessibility links

Amerika dövlət katibi Azərbaycana səfər edəcək


Xanım Klintonun səfəri Danimarka, Norveç, İsveç, Ermənistan, Gürcüstan və Azərbaycana regional səfəri çərçivəsində baş tutacaq.

ABŞ Dövlət katibi Hilari Klinton iyunun 6-da Bakıya gələcək və ölkə rəhbərliyi, habelə vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirəcək.

Xanım Klintonun səfəri Danimarka, Norveç, İsveç, Ermənistan, Gürcüstan və Azərbaycana regional səfəri çərçivəsində baş tutacaq. Cənubi Qafqaz ölkələrinə səfər iyunun 4-7-nə nəzərdə tutulur. “Bütün bu ölkələrdə xanım Klinton regional təhlükəsizlik, iqtisadi inkişaf, terrorizmə qarşı mübarizə məsələlərini müzakirə edəcək”, deyə Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland bildirib.
Ermənistanda,Gürcüstanda və Azərbaycanda xanım Klinton bu ölkələrin prezidentləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcək. Klinton ilk olaraq Ermənistana, daha sonra Gürcüstana, son olaraq isə Azərbaycana gələcək.O, Bakıdan Türkiyəyə yola düşəcək. Burada terrorizmə qarşı mübarizə üzrə qlobal forum, habelə Türkiyə hakimiyyəti ilə Suriya və İran məsələləri ilə bağlı ikitərəfli məsləhətləşmələr keçiriləcək.

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq bildirib ki, dövlət katibinin regiona səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli də müzakirə ediləcək.

Cənab Sterlinq həmçinin deyib ki, xanım Klintonun Ermənistana, Gürcüstana və Azərbaycana səfəri zamanı bütün sahələr üzrə əməkdaşlıq, o cümlədən energetika və regional məsələlər müzakirə olunacaq.


XS
SM
MD
LG