Accessibility links

Amerika konqresmenləri Azərbaycanda səfərdədir


Amerika konqresmenləri Azərbaycanda səfərdədir
Amerika konqresmenləri Azərbaycanda səfərdədir

Konqresmenlər ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində mövcud durum, enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, parlamentlərarası əlaqələr ətrafında fikir mübadiləsi aparıb.

Amerika Konqresinin nümayəndə heyəti Azərbaycanda səfərdədir. Nümayəndə heyətinə konqresmenlər Bill Shuster, Chris Murphy, Sean Duffy, Adam Kinzinger, Cedric Richmond, Jon Runyan daxildir.
Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupunun rəhbəri Bill Şhuster bildirib ki, konqresmenlər prezident İlham Əliyevlə görüşəcək, ikitərəfli münasibətlər və demokratik institutların inkişafı məsələlərini müzakirə edəcəklər.

Amerika Konqresmenlərinin Milli Məclisin Amerika Konqresi ilə işçi qrupunun üzvləri ilə görüşdə parlament sədrinin birinci müavini Ziyafət Əsgərov, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, işçi qrupunun rəhbəri Səməd Seyidov və digər deputatlar iştirak edib.

Azərbaycan və Amerika parlamentinin üzvləri ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində mövcud durum, enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, parlamentlərarası əlaqələr ətrafında fikir mübadiləsi aparıb.

Cənab Əsgərov bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri də, Amerikadır və münaqişənin həllini tapmaması təəccüb və təəssüf doğurur. “İşğalçı qoşunların Azərbaycan ərazilərini boşaltması barədə BMT-nin 4 qətnaməsi yerinə yetirilmir. Avropa Şurasının, Avropa Birliyinin, NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədləri var. Amerika hökuməti də daim Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir. Bütün bu sənədlər yerinə yetirilmir, münaqişə həllini tapmır. Biz strateji tərəfdaşımız və dünyanın super dövləti kimi Amerikanın münaqişənin həllində səylərini artırmasını istəyirik. Biz istəyirik ki, ABŞ Ermənistana işğalçı dövlət kimi yerində oturtsun”, - deyə Milli Məclisin sədrini birinci müavini qeyd edib.

Milli Məclis sədrinin birinci müavini Azərbaycanın enerji təhlükəsizliyi və terrorizmə qarşı mübarizdə Amerikanın mövqeyini dəstəklədiyini bildirib. O həmçinin Azərbaycan hərbçilərinin Kosovoda, İraqda və Əfqanıstanda Amerika qoşunları ilə birgə əməliyyatlarda iştirakını yada salıb. “İstəyirik ki, Amerika da Azərbaycanın haqq işini dəstəkləsin. Bizim ərazi iddiamız yoxdur. Amma, ərazilərimizin işğalı ilə də barışa bilmərik. Artıq 20 ildir Minsk qrupu münaqişənin həll ediləcəyini deyir. Reallıqda isə hər hansı irəliləyiş yoxdur. Liviya ilə bağlı BMT qərarı, elə həmin gün yerinə yetirilir. Amma, Azərbaycanla bağlı qətnamələrə dəstək yoxdur”, - deyə o bildirib.

Nümayəndələr Palatasının Azərbaycan üzrə işçi qrupunun rəhbəri Bill Şuster Azərbaycanın problemlərini başa düşdüyünü deyib. “Amma, Azərbaycanın problemləri ilə konqresmenlərin hamısı tanış deyil. Bu səbəbdən özümlə birgə, daha 5 konqresmen gətirmişəm ki, problemlərlə tanış olsunlar”.

Cənab Şuster Azərbaycanı Amerikanın çox önəmli və böyük tərəfdaşı olduğunu deyib. “Azərbaycan hərbçiləri Kosovoda, İraqda və Əfqanıstanda Amerika əsgərləri ilə çiyin-çiyinə dayanıb. Terrorizmə qarşı mübarizədə böyük işlər görüb. Azərbaycanın enerji təhlükəsizliyində rolu Avropada Rusiya inhisarçılığına qarşı böyük bir addımdır. Bu addımı Avropa və Amerika yüksək qiymətləndirir”.

O konqresdə Azadlığı Müdafiə Aktına 107-ci düzəlişin ləğvinə çalışdıqlarını diqqətə çatdırıb.

Konqresmen bu gün Azərbaycan prezidenti ilə və müdafiə nazirliyində görüş keçirdiklərini bildirib. “Müdafiə nazirliyində Amerikanın verdiyi avadanlıqlarla tanış olduq”.

Cənab Şuster Amerika mediasında Azərbaycanla bağlı tənqidi yazılara konqresmenlərin nəzarət edə bilmədiyini diqqətə çatdırıb. “Amerikada media azaddır. Amerika mediası Amerika rəsmiləri barədə də tənqidi yazılar dərc edir”.

O, Dağlıq Qarabağla bağlı Azərbaycanın narahatlığının başa düşülən olduğunu deyib. Biz münaqişənin həllində Minsk qrupunun səylərini dəstəkləyirik. “Amerikada Azərbaycan və Ermənistan haqqında fərqli fikirlər var. Erməni diasporu çox fəaldır. Onların mövqeyini dəstəkləyənlər var. Azərbaycanla işçi qrupu spiker Nensi Pelosinin dəstəklədiyi bir çox qanun layihələrinin qəbulunun qarşısını ala bilib. Həmin qanunlar qəbul edilsə idi, Amerika ilə Azərbaycan münasibətlərinə ciddi zərər vura bilərdi”, - deyə o qeyd edib.

XS
SM
MD
LG