Accessibility links

Amerika səfiri Qarabağ, aclıq aksiyası və enerjidən danışıb


Amerika səfiri Qarabağ, aclıq aksiyası və enerjidən danışıb

Amerika səfiri Qarabağ, aclıq aksiyası və enerjidən danışıb

Azərbaycanın yüksək vəzifəli nümayəndə heyəti Amerikada enerji infrastrukturunun təhlükəsizliyini öyrənir. Səfir hər hansı şəxsin öz fikrini ifadə etməsi ilə bağlı tutulmasına təəssüfünü bildirib.

“ABŞ heç zaman BMT-də keçiriləcək səsvermə ilə bağlı şərh vermir”. Bu barədə Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza bu gün BMT-də Azərbaycanın Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü ilə bağlı səsvermə ilə bağlı sualın cavabında bildirib.

“Amma, mən ABŞ-ın Azərbaycandakı səfiri olaraq Azərbaycanın bütün istiqamətlərdə uğurunun şahidi olmaq istəyirəm. Bir daha qeyd edirəm ki, mənim dediklərimin ABŞ-ın səsvermədə necə iştirak edəcəyi ilə bağlı heç bir əlaqəsi yoxdur”, - deyə o qeyd edib.

Cənab Brayza ATƏT-in Minsk qrupunun həmsədrlərinin gələn həftə Azərbaycana səfər edəcəyini bildirib. “Baza prinsipləri, Kazanda qeyd olunan və tərəfləri, xüsusən də Azərbaycanı narahat edən məsələlər müzakirə mövzusu olacaq. Prosesə təkan verilməsi və canlandırılması yolları araşdırılacaq. Dövlət katibi Klintonun prezident Əliyevlə telefon danışığından sonra dövlət katibinin müavini Uilyam Börnsin regiona səfəri ABŞ-ın ən yüksək səviyyədə Minsk prosesinin canlandırılmasına və fəallaşdırılmasına öz sadiqliyini nümayiş etdirir”.

O, Amerikanın Səsi radiosunun “Azərbaycanın münaqişənin nizamlanmasında razılaşdırılmamış prinsiplərə toxunmadan Böyük Sülh Sazişinə başlamağa hazır olması ilə bağlı bəyanatını Amerika dəstəkləyirmi?”, - sualının cavabında deyib: “Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşlərimizdə qeyd etdiyimiz kimi, bizim mövqeyimiz ondan ibrətdir ki, baza prinsipləri ilə bağlı razılaşdırmanı yekunlaşdırıb dərhal ümumi Böyük Sülh Sazişinin işlənməsinə keçmək lazımdır. Aydın olduğu kimi münaqişənin hərbi yolla həlli yolu yoxdur. Bununla yanaşı, status-kvo da qəbul olunmazdır. Bu səbəbdən də danışıqları sürətləndirmək lazımdır”.

Səfir bu ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün mümkünlüyü ilə bağlı sualın cavabında bildirib ki, bu barədə həmsədrlərə sual yönəltmək lazımdır. “Amma, mən Azərbaycan tərəfdən hər üç həmsədrlə istənilən formatda işləməyə güclü sadiqlik müşahidə edirəm”.

Səfir Brayza Amerikanın Səsinin müxalifət fəallarının siyasi məhbuslara azadlıq tələbi ilə keçirdiyi aclıq aksiyası barədə sualının cavabında deyib ki, ABŞ nümayişçilərin tutulması ilə bağlı öz təəssüfünü bildirib. “Biz hər hansı şəxsin öz fikrini ifadə etməsi ilə bağlı tutulmasına öz təəssüfümüzü bildirmişik. Bu işlə bağlı həbs edilən hər bir şəxsin ədalətli məhkəmə ilə təmin edilməsi lazımdır. Məhkəmə prosesinin ədalətli olması çox mühüm və vacibdir. Mən dünən bir şad xəbər eşitdim. Çünki, ən azı bir nəfərlə bağlı Apelyasiya məhkəməsi əvvəlki məhkəmə qərarı ilə müqayisədə müsbət qərar qəbul edib”.

O, Xəzərdəki enerji infrastrukturlarının təhlükəsizliyi barədə suala cavabda qeyd edib ki, Azərbaycan tərəfindən yüksək rütbəli nümayəndə heyəti ABŞ-a səfər edib. “Azərbaycan nümayəndə heyəti Amerika heyəti ilə birgə mühüm enerji infrastrukturu sahəsində gözlənilə bilən mühüm risklərin qiymətləndirilməsi ilə bağlı birgə işləyir, qarşılıqlı təcrübə mübadiləsi aparılır. Nümayəndə heyəti dünyada ən böyük dəniz platformalarından birinə səfər edib. Meksika körfəzində baş vermiş neft sızmasına qarşı cavab tədbirlərinin həyata keçirildiyi komanda mərkəzində olub. Nümayəndələr həmçinin infrastruktura mümkün risklərin qiymətləndirilməsini həyata keçirən milli laboratoriyaya da səfər edib. Son olaraq, Vaşinqtonda Amerika hökumətinin üzvləri ilə birgə Xəzər dənizindəki infrastrukturla bağlı risklərin nəzərə alınması üçün addımların atılması ilə bağlı birgə fəaliyyət proqramı üzərində işləyiblər”, - deyə Amerikanın Azərbaycandakı səfiri vurğulayıb.

XS
SM
MD
LG