Accessibility links

Amerika səfiri Qəbələ və Göyçay rayonlarına səfər edib


Amerika səfiri Qəbələ və Göyçay rayonlarına səfər edib

Amerika səfiri Qəbələ və Göyçay rayonlarına səfər edib

Səfir Qəbələ və Göyçayda görüşlər keçirib, ABŞ-ın Sülh Korpusunun təşkil etdiyi gənc liderlər düşərgələrində olub, Göyçay nar emalı zavoduna baş çəkib.

Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza iyulun 23-də Qəbələ rayonunun Nic kəndindəki Udin icmasına baş çəkib və yenilənmiş Udin Kilsəsində olub. Səfir həmçinin kilsə ərazisində icma üzvləri ilə nahar edib. Bu barədə Amerikanın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.
Səfir Brayza Cənubi Qafqaz regionunun zəngin mədəni irsini saxlamaq üçün Udin kilsəsinin bərpası və qorunub-saxlanması layihələrinin vacibliyini qeyd edib: “Mədəni və dini abidələrin qorunub saxlanması siyasi, mədəni və dini fərqləri də üstələyən böyük bəşəri əhəmiyyətə malikdir. Sizin kilsənin, mədəniyyətinizin və dilinizin qorunub saxlanması müxtəliflik və tolerantlığa gözəl bir nümunədir. Bu yaxınlarda Bakıdakı erməni kilsəsində oldum və səmimi olaraq inanıram ki, gün gələcək və insanlar o kilsədə Sizin burda ibadət etdiyiniz kimi ibadət edə biləcəklər. Yerli rəsmilərin və vətəndaşların Allah evlərinə göstərdiyi ehtiramı görməyə çox şadam”.
Səfir eyni zamanda Qəbələ və Göyçay rayonlarına üçgünlük səfəri çərçivəsində ABŞ-ın Sülh Korpusunun təşkil etdiyi gənc liderlər düşərgələrinin iştirakçıları ilə söhbət edib, icra başçıları ilə görüşüb, Göyçay rayonunda nar emalı müəssisəsinə baş çəkib.
Amerika səfiri iyulun 24-də Qəbələdə Dünyamızda Aparıcı Xanımlar (DAX) düşərgəsini açıb. Beş günlük yay düşərgəsində Azərbaycanın 24 rayonundan 13-17 yaşlı 48 qız iştirak edir.
Düşərgə komanda işi, könüllü fəaliyyət və vərdişlərinin inkişaf etdirilməsi, səhiyyə və fitnes, gender məsələləri və icmanın inkişafı kimi liderlər üçün mühüm ictimai məsələləri diqqət mərkəzində saxlayır.
Səfir Brayza bildirib ki, qadınlar ictimaiyyətdə mühüm lider rolu oynayır. “Qızların biliyinin, vərdişlərinin və töhfələrinin Azərbaycanın uğurunda çox mühüm rolu var. Hər bir ölkə kimi, Azərbaycanın da qadın liderlərə ehtiyacı var. Mən inanıram ki, öz xanımlarının istedad və enerjisindən istifadə edərsə, Azərbaycanın parlaq gələcəyi olacaq”.
ABŞ-ın Sülh Korpusunun Könüllüləri və onların azərbaycanlı həmkarları tərəfindən təşkil edilmiş və Bakıdakı ABŞ Səfirliyi tərəfindən maliyyələşdirilən DAX düşərgəsi iyulun 29-dək davam edəcək.

XS
SM
MD
LG