Accessibility links

Amerika səfirliyi Gürcüstanın İctimai İşlər İnstitutunun magistr proqramına tələbə qəbulu elan edir


Proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir.

ABŞ səfirliyi Gürcüstanın İctimai İşlər İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədlər arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulu aparılacağını bildirir.
Proqram üzrə dərslər ABŞ, Avropa Birliyi, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılır. Bu proqram ABŞ-ın Dövlət Departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilir. Proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir.
Amerikanın Azərbaycandakı səfirliyinin məlumatına görə, bu proqramda iştirak üçün Azərbaycandan beş nəfər tələbə seçiləcək. Proqram 2012-ci ilin sentyabrından 2014-cü ilin mayınadək davam edəcək.
GİPA-da təhsil aldıqları dövrdə tələbələrin kompüter, radio və video avadanlıqlardan, İnternet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr Brosse Street Journal jurnalının həm çap, həm də Internet versiyasını buraxacaq və GİPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaq.
Dil imtahanından və müsabiqədən keçmək üçün namizədlərdən ingilis dili biliyi tələb olunur.
ABŞ-ın Bakıdakı səfirliyi tələbələrin Gürcüstanda olan zaman tədris haqlarını və yaşayışlarını maliyyələşdirəcək.
Sənədlərin qəbulu mayın 31-də başa çatır.

XS
SM
MD
LG