Accessibility links

Amerika səfirliyi və Azərbaycan Prezident Administrasiyası WikiLeaks saytının məlumatlarını pisləyir


Amerika səfirliyi və Azərbaycan Prezident Administrasiyası WikiLeaks saytının məlumatlarını pisləyir
Amerika səfirliyi və Azərbaycan Prezident Administrasiyası WikiLeaks saytının məlumatlarını pisləyir

Prezident Administrasiyasının şöbə müdirinin fikrincə, məlumatlar məqsədyönlü seçilir və məlumatların xüsusilə Asiya və Cənubi Qafqaz ölkələrini əhatə etməsi şübhələr yaradır

Amerikanın Azərbaycandakı müvəqqəti işlər vəkili və Azərbaycan Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov WikiLeaks saytının yaydığı məlumatları pisləyib.

“Birləşmiş Ştatlar məxfi məlumatın qanunsuz və ittihamlı yayımını kəskin formada pisləyir”. Bu bəyanatla ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq çıxış edib.

Sənəddə deyilir ki, bu məlumatlar insanların həyatını risk altına qoyur, Amerikanın dövlət təhlükəsizliyi üçün təhlükə yaradır və digər ölkələrlə müştərək problemləri həll etmək istiqamətində işləməyə mane olur. “Ölkələr arasında ümumi təhlükəsizliyimizin asılı olduğu sülh münasibətlərinə xələl gətirmək heç bir cəsarətli addımı nümayiş etdirmir. Biz, məxfi olması nəzərdə tutulan hər hansı məlumatın yayılmasına dərin təəssüf hiss keçiririk. ABŞ hökuməti tərkibində məxfi məlumatın olması fərz edilən sənədlərlə bağlı şərh verməyəcəyi və ya onların detallarını təsdiq etməyəcəyi halda, biz, diplomatik ictimaiyyətin məxfi sənədləri tərtib etmə və yazma təcrübəsindən danışa bilərik. Bu sənədlər hökumətlərin xarici əlaqələri ilə bağlı müzakirələrinə əsaslanan gündəlik daxili təhlil və səmimi qiymətləndirmələri əks etdirir.
Sənədlər əksər hallarda xarici siyasətin ilkin və tamamlanmamış ifadələrini özündə cəmləşdirir və onların özü-özlüyündə heç bir mövqeyi yoxdur yaxud da onlar ABŞ siyasətini əks etdirmir”, - deyə bəyanatda vurğulanır.

Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ANS televiziyasına bildirib ki,

qalmaqallı “WikiLeaks” saytının məlumatları məqsədyönlü şəkildə seçilir və məlumatların xüsusilə Asiya və Cənubi Qafqaz ölkələrini əhatə etməsi şübhələr yaradır. “Biz o məlumatların coğrafiyasına fikir verəndə görürük ki, məlumatlar planetin 70-80 faizini əks etdirir: Qafqaz, Orta Asiya, ərəb dövlətləri və s. Bunun özü müəyyən suallar doğurur. Əgər bu yekun mənbədən götürülübsə, o zaman niyə süni, məkrli, məqsədyönlü bir seçim edilib. Eyni zamanda, buranın özündə də müxtəlif ölkələr haqqında məlumat yoxdur. İkincisi də məlumatlar, xüsusilə də məxfi məlumatların primitiv təhlil üzərində olduğu görünür. Əsl səbəbləri müəyyən vaxtdan sonra görünəcək. Bu proseslər niyə baş verib? Burada çox suallar var. Burada süni primitiv, amma qərəzli məlumatlar görünür”, - deyə o bildirib.
Saytda dərc olunan məlumatların bəzi ölkələri üzə-üzə qoymaq məqsədi daşıdığını deyən Novruz Məmmədov, bu tip yazıların eyni zamanda, ölkə liderlərinin imicinə xələl gətirmək məqsədi daşıdığını bildirib. “Saytdakı Azərbaycan və Türkiyə arasında olan münasibətlərlə bağlı məlumatlar isə ATƏT-in sammitində iştirak edən Azərbaycan və Türkiyə prezidentləri arasında müzakirə olunub. Dövlət başçıları qərəzli məlumatların iki qardaş ölkə arasında münasibətlərə xələl gətirməyəcəyini bildirib”, - deyə o qeyd edib.

XS
SM
MD
LG