Accessibility links

Amerika və Fransa Rusiya, Azərbaycan və Ermənistanın imzaladığı humanitar bəyanatı alqışlayır


Amerika və Fransa Rusiya, Azərbaycan və Ermənistanın imzaladığı humanitar bəyanatı alqışlayır
Amerika və Fransa Rusiya, Azərbaycan və Ermənistanın imzaladığı humanitar bəyanatı alqışlayır

Amerika və Rusiya tərəfləri münaqişənin dinc yolla həllinə çağırıb. Onlar həmçinin atəşkəs rejiminin möhkəmləndirilməsini və qarşılıqlı etimadın artırılmasını istəyir

Amerika və Fransa Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 27-də Həştərxanda humanitar xarakterli birgə bəyannamə imzalamasını alqışlayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Filip Krouli dünən keçirdiyi brifinqdə bildirib ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə müharibə əsirlərinin dəyişdirilməsi və həlak olanların cəsədlərinin qaytarılmasına yönəlmiş 27 oktyabr 2010-cu il tarixində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin imzaladığı birgə bəyanatı dəstəkləyir. “Biz, tərəflər arasında etimadın yaradılması və 1994-cü ildə bağlanmış atəşkəsin gücləndirilməsi məqsədi daşıyan bu sənədin imzalanması istiqamətdə Rusiya prezidenti Medvedevin şəxsi səylərini yüksək qiymətləndiririk”, - deyə cənab Krouli qeyd edib.
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, bu bəyannamə ilə tərəflər münaqişənin dinc yolla həllinin və atəşkəs rejiminin etimad tədbirləri vasitəsilə möhkəmləndirilməsinin vacibliyini tanıyır. “İlk addım olaraq tərəflər saxlanan əsirlərin və cəsədlərin tez bir zamanda dəyişdirilməsinə başlamağı öhdələrinə götürüb.
Ermənistan və Azərbaycanda, o cümlədən bütün regionda sülhün, sabitliyin və inkişafın təmin olunması üçün münaqişəni məhz danışıqlar yolu ilə həll etmək vacibdir. Birləşmiş Ştatlar və Rusiya ilə birgə ATƏT-in Minsk qrupuna həmsədrlik edən Fransa Ermənistan və Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin dinc, ədalətli və uzunmüddətli həllinə nail olmaqda kömək etmək üçün öz vasitəçilik səylərini əsirgəməyəcək”, - deyə nazirlik bildirir.

Amma, prezidentlərin imzaladığı bəyannamə və həmsədr ölkələrin bu sənədi alqışlaması reallıqda özünü doğrultmayıb. Belə ki, bəyannamə imzalandıqdan sonra cəbhədə Azərbaycan Silahlı Qüvvələrinin bir əsgəri həlak olub, digəri isə yaralanıb. ANS-Press Agentliyinin məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Qazax rayonun Məzəm kəndi istiqamətində açdığı atəş nəticəsində Azərbaycan Ordusunun əsgəri Elman Mustafayev həlak olub.

Agentliyin digər məlumatında isə deyilir ki, cəbhənin Azərbaycanın Goranboy rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri Rəsul Hacızadə yaralanıb.

XS
SM
MD
LG