Accessibility links

Konsulluq xidmətləri üçün alınan vəsait xaricdəki nümayəndəliklərin işinin səmərəliliyinin artırılmasına və viza verilməsi üçün əlavə işçilərin qəbuluna sərf olunacaq.

Aprelin 13-dən etibarən turistlər, tələbələr, jurnalistlər və biznesmenlər üçün ABŞ vizalarının dəyəri artır. İndi Amerikaya getmək istəyənlər bir illik viza üçün 140 dollar deyil, 160 dollar ödəməli olacaq.
Sonuncu dəfə vizanın dəyəri 2010-cu il iyunun əvvəllərində 131 dollardan 140 dollara qədər artırılıb. ABŞ Dövlət Departamentinin məlumatında vizaların bahalaşması viza alınması üzrə ərizələrə baxılması ilə bağlı daim artmaqda olan xərcləri dəyişmək zərurəti ilə izah olunur, belə ki, əvvəlki rüsumun həcmi artıq bütün xərcləri ödəmir.
“Konsulluq xidmətləri üçün alınan vəsait xaricdəki nümayəndəliklərimizin işinin səmərəliliyinin artırılmasına və viza verilməsi üçün əlavə işçilərin qəbuluna sərf olunacaq”, deyə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin məlumatında qeyd edilir.
Bütün növ vizaların qiyməti bahalaşır. Belə ki, ən məşhur B1/B2 tipli vizalar (bir illik turist vizası), biznes-vizalar, tələbələr üçün bütün vizalar, habelə mübadilə proqramlarının iştirakçılarına verilən vizalar (F, M və J tipli) aprelin 13-dən etibarən 140 dollar deyil, 160 dollar olacaq.
H, L tipli (müvəqqəti iş və ya staj üçün), O tipli (ABŞ-a dəvət olunmuş böyük bacarıqlı insanlar üçün), P (idmançılar, artistlər), Q (mədəni mübadilə çərçivəsində gələnlər) və R (dini fəaliyyətlə məşğul olanlar üçün) tipli vizalar ərizəçilərə 150 dollar yerinə 190 dollara başa gələcək.
Eyni zamanda, ABŞ dövlət departamenti bəzi vizaların qiymətini ucuzlaşdırıb. Belə ki, bəy/gəlin üçün viza dəyəri xeyli - 350 dollardan 240 dollara qədər azalıb. Bundan başqa, bir çox mühacirət vizalarının dəyəri də xeyli azalıb.

XS
SM
MD
LG