Accessibility links

Azərbaycan-ABŞ əməkdaşlığının regionda sülh və təhlükəsizliyin təmin edilməsində rolu [Audio]


Azərbaycan-ABŞ əməkdaşlığının regionda sülh və təhlükəsizliyin təmin edilməsində rolu” mövzusunda beynəlxalq konfrans
Azərbaycan-ABŞ əməkdaşlığının regionda sülh və təhlükəsizliyin təmin edilməsində rolu” mövzusunda beynəlxalq konfrans

Beynəlxalq konfransda Amerikanın regionla və münaqişələrlə bağlı siyasətində dəyişiklik edilməsinin vacibliyi bildirilib

Oktyabrın 19-da Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi “Azərbaycan-ABŞ əməkdaşlığının regionda sülh və təhlükəsizliyin təmin edilməsində rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

"Amerika-Azərbaycan münasibətləri və Qarabağ" reportajı
please wait

No media source currently available

0:00 0:08:03 0:00
Direct link

Konfransda Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Amerikanın Azərbaycandakı səfirinin müavini Adam Sterlinq, Çapman Universiteti, Qlobal Təhsil Mərkəzinin direktoru Ceyms Koyl, Ankara Universiteti, Avropa Tədqiqatlar Mərkəzinin rəhbəri Çağrı Erhan, Ceymstaun Fondunun aparıcı elmi işçisi Vladimir Sokor, METU, Beynəlxalq Münasibətlər kafedrasının əməkdaşı Oktay Tanrısevər, Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva çıxış edib.

Məruzələr əsasən ABŞ-Azərbayacan strateji tərəfdaşlığının perspektivləri, regional təhlükəsizlik, nüvə təhlükəsizliyi təhdidləri, Qarabağ münaqişəsi: ədalətsizlik və enişli-yoxuşlu çıxış yolları, Qafqazda və regiondan kənarda dəyişən dinamika, Avro-atlantik perspektivlər və Dağlıq Qarabağ nizamlanmasında uğursuz danışıqları əhatə edib.

Məruzələrdə Azərbaycan-Amerika əməkdaşlığının əsas prioritetləri olan təhlükəsizlik və enerji təhlükəsizliyinin regionda stabillik və inkişaf üçün əsas olduğu qeyd edilib. Bununla yanaşı, regionda sülh və stabilliyə ciddi təhlükə yaradan münaqişələrin hələ də həllini tapmadığı önə çəkilib.

Çapman Universiteti, Qlobal Təhsil Mərkəzinin direktoru Ceyms Koylun fikrincə, Azərbaycan çox çətin qonşularla əhatə olunub. Bu Azərbaycanı balanslı siyasət aparmağa vadar edir.

Artıq regionda iki blok var. Bunlar Amerika-Gürcüstan -Azərbaycan və Rusiya-İran-Ermənistan blokudur. Regiondakı münaqişələr istənilən an alovlana bilər”.

Ekspertin fikrincə, Azərbaycan İran vasitəsi ilə Naxçıvana qaz verir, Bakı-Tbilisi-Ceyham əsas neft boru kəmərinin işlək fəaliyyətini saxlamalıdır, Xəzər dənizində enerji mənbələrinə nəzarət edir.

“Bu ölkə həmçinin qərbə inteqrasiyanın tərəfdarıdır və enerji resurslarını qərb bazlarına çıxarır. TANAP layihəsi bunu bir daha təsdiq edir. Bu kəmərlə Türkiyəyə ildə 6 milyard və Avropaya 10 milyard kub metr qaz ötürüləcək. NATO-nun üzvü olmamasına baxmayaraq Əfqanıstanda təhlükəsizliyə töhfə verir və NATO yüklərinin daşındığı əsas koridordur. Zbiqnev Bzejinski də nəqliyyat dəhlizi sahəsində və Mərkəzi Asiya enerji resurslarının daşınmasında Azərbaycanın üstün mövqeyini qeyd edib. Azərbaycan bu səbəblərdən Rusiya və İran, eyni ilə də qərb maraqları arasında balans yaratmağa üstünlük verir”, - deyə o qeyd edib.

Konfransda həmçinin Cin istiqamətində uçan qərb təyyarələrinin istiqamətinin Dubaydan Bakıya çevirməsinin vacibliyi qeyd edilib.

“Bakı koridoru qərb şirkətlərinin Çinə uçan təyyarələrinin yolunu qısaldar və milyonlarla ton yanacağa qənaət edilər”, Ceyms Koyl bildirib.

Çıxışların mərkəzi xəttini Cənubi Qafqazda həllini tapmayan münaqişələr təşkil edib. Ekspertlər Suriya, Cənubi Qafqaz da daxil olmaqla Aralıq dənizi hövzəsindən Əfqanıstan regionunadək çoxsaylı problemlərin həllini gözlədiyini önə çəkib. Problemlər həm dövlətlərarası, həm qlobal müstəvini, həm də BMT qərarlarına ikili münasibətləri əhatə edir.

“Rusiya lideri Putinin Amerikaya qarşı olması, Suriya məsələsində İranın Rusiyanın mövqeyini müdafiə etməsi, İranın gizli nüvə proqramı və İrana qarşı sanksiyalar, dünyanın əsas enerji dəhlizinin Cənubi Qafqazda keçməsi və bura beynəlxalq cəhdlər, Rusiya və İsrailin nüvə silahları böyük problemlər mənbəyidir. Bununla yanaşı, BMT-nin münaqişələrin həlli ilə bağlı qərarları yerinə yetirilmir”. – deyə Ankara Universitetinin Avropa Tədqiqatlar Mərkəzinin rəhbəri Çağrı Erhan qeyd edib.

Amerika səfirinin müavini Adam Sterlinq də regionda həllini tapmayan münaqişələri regional təhlükəsizliyə ən böyük təhdid sayır.

“Dağlıq Qarabağ problemi həllini tapmayıb. Amma, həlli kənardan da gətirmək mümkün deyil. ABŞ mövqeyində qalır və münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. Həmsədrlər işini davam etdirir və tərəfləri sülhə inandırmağa çalışır”, A.Sterlinq vurğulayıb.

Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanmasına tərəfdardır, lakin nizamlanma prosesindən razı deyil. Belə ki, BMT-nin 4 qətnaməsində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və işğalçı qoşunların qeyd-şərtsiz işğal ərazisini tərk etməsi təsbit olunmasına baxmayaraq bu nəzərə alınmır.

“Azərbaycan hələ də ümid edir ki, hər üç həmsədr dövlət BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnamələrinə əsasən çıxardıqları qərarlara əvvəl-axır hörmətlə yanaşacaq. Hər üç ölkənin işğalçı dövlətə təzyiq imkanları olsa da, təəssüf ki, heç biri mövcud təsir mexanizmlərindən istifadə etmir”, Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov qeyd edib.

Onun fikrincə, işğalçıya və işğala məruz qalan dövlətə münasibətdə balans siyasətinin geniş tətbiqi təəssüf doğurur.

“Ermənistanın işğalçılıq siyasəti, Azərbaycan ərazilərinin zəbt edilməsi əlavə müzakirəyə ehtiyacı olmayan faktdır. Axı, ABŞ-ın səfirinə “Siz Azərbaycanın ərazi bütövlüyünü tanıyırsınızmı?” və ya “Amerika səfiri Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyırmı?” kimi sualları hər dəfə vermək nə dərəcədə düzgündür! Çünki, bu, sübuta ehtiyacı olmayan faktdır. Narahatlıq doğuran məsələlərdən biri də regional təhlükəsizlik və ABŞ-ın Cənubi Qafqaz siyasətinin ABŞ-dakı bəzi kiçik qrupların təsirindən asılı olmasıdır. Bu qruplar ABŞ-ın regionda məqsədyönlü və səmərəli xarici siyasət yürütməsini risk altında qoymaqdadır”, o qeyd edib.

Prezident Administrasiyanın şöbə müdiri Elnur Aslanov deyib ki, Azərbaycan münaqişənin həllində ABŞ-ın daha fəal rolunu görmək istəyir.

“Biz ABŞ-ı etnik siyasətin girovu olmayaraq regionumuzda öz milli maraqlarına uyğun fəaliyyət göstərən görmək istəyirik. Biz təkid edirik ki, məsələ təcavüz və işğala gəldikdə ABŞ hər şeyi öz adı ilə çağırsın. Bizim ABŞ-ın bünövrəsini təşkil edən həqiqi dəyərlərə və prinsiplərə sadiqliyimiz Qafqazda ABŞ-a davamlı, möhkəm və uğurlu dayaq nöqtəsi gətirəcək”.

Ceymstaun Fondunun aparıcı elmi işçisi Vladimir Sokor ATƏT-in Minsk Qrupunun münaqişənin həllində rolunu kəskin tənqid edib.

Minsk Qrupu bundan sonra da indiki kimi fəaliyyət göstərəcəksə, heç kimə lazım deyil”, o qeyd edib.

O münaqişənin nizamlanmasında ABŞ-ın rolunun artırılmasının vacibliyini bildirib.

“Amerika prezidentinin yüksək səviyyəli xüsusi nümayəndəsinin təyin etməsi effektli ola bilər. Dnestryanı münaqişənin nizamlanmasında Almaniyanın təcrübəsi də faydalı olar”.

Ekspert Avropaya inteqrasiya edən Azərbaycanın Rusiya və İran tərəfindən risklərlə üzləşdiyini diqqətə çatdırıb. Buna baxmayaraq Dağlıq Qarabağ münaqişəsi hələ də ABŞ-ın Azərbaycan siyasətinin əsas prioritetləri sırasına daxil edilməyib.

“Amerika regionda etnik təmizləmələrin qarşısını almaq üçün Kosovo, Bosniya, hətta Xorvatiyada əməliyyatlar keçirib, lakin Dağlıq Qarabağda belə addım atmayıb. Bunu etməməsinin səbəbi Rusiyanı və güclü erməni lobbisini qıcıqlandırmamaqdır. ATƏT-in Minsk Qrupunda balans yaratmaq üçün ABŞ prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsinin təyin olunması vacibdir. Rusiya ATƏT-in Minsk Qrupunda ermənilərin Azərbaycan torpaqlarına iddialarının qarantı rolunda çıxış edir”, Sokor bildirib.

Konfransda həmçinin Azərbaycan vətəndaş cəmiyyətinin Ermənistan vətəndaş cəmiyyəti əlaqələr qurmağa hazır olduğu qeyd edilib.

“Bu sülhə inamı artırar”, Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.

Məruzələrdə Amerikanın Cənubi Qafqaz siyasətinə korrektələr etməsinin vacibliyi qeyd edilib. Amerikanın Azərbaycan və Gürcüstana siyasəti konstruktivdir, amma erməni diasporunun təkidi ilə Ermənistan siyasəti təsir mexanizminə malik deyil.

“Son iyirmi ildə ABŞ Ermənistanı düşdüyü ağır vəziyyətdən çıxarmaq məqsədilə 2 milyard dollardan çox vəsait ayırıb. Bu yardımın ABŞ-ın Ermənistandakı maraqlarına təsiri vardırmı? Əgər Qafesçiyan mədəniyyət mərkəzinin yaradılmasını istisna etsək, ABŞ Ermənistanda hansı təsir imkanlarına malikdir? Təəssüflər olsun ki, bu gün Ermənistan özünün dövlət müstəqilliyi elementlərini sürətlə itirməkdədir”, Fərhad Məmmədov qeyd edib.

Amerika-Azərbaycan əlaqələrinin perspektivlərinə nəzər salınarkən ilk öncə 2013-cü ildə Bakı-Vaşinqton təyyarə reysinin açılacağı qeyd edilib.

“2013-cü ildə Azərbaycandan Amerikaya təyyarə uçuşları başlayacaq. Bu Azərbaycanın Amerika üçün önəmli rolunun göstəricisidir”, Adam Sterlinq bildirib.

“Azərbaycanla Amerika əməkdaşlığı terrorizmə qarşı mübarizədə, enerji layihələrində, hərbi və təhlükəsizlik sahəsində, NATO yüklərinin Əfqanıstana daşınmasında, Suriyanın demokratiyaya keçidində, nüvə kampaniyasında mühüm rol oynayır. Suriya ilə bağlı Azərbaycanın BMT-də səsi çox önəmlidir. Azərbaycan Əfqanıstana maliyyə yardımını 2014-cü ildən sonra da davam etdirəcəyini bəyan edib”, A.Sterlinq deyib.

Forumda həmçinin “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin ləğvi tələb edilib. Çünki bu düzəliş ikitərəfli münasibətlərin dərinləşməsinə ciddi əngəllər yaradır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG