Accessibility links

Demokratiya və insan hüquqları sahəsində dialoqu həyata keçirəcək Amerika-Azərbaycan qrupu necə olmalıdır? [Müxtəlif baxışlar]


Viktoriya Nuland
Viktoriya Nuland

ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland fevralın 17-də Bakıda keçirdiyi danışıqlarda insan haqları, demokratiya ilə bağlı dialoq aparmaq üçün Amerika-Azərbaycan qrupunun yaradılması barədə razılığa gəldiyini bildirib

ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb
ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb

“Biz razılığa gəldik ki, ABŞ-la Azərbaycan arasında vətəndaş cəmiyyəti və demokratiya sahəsində dialoq qurmaqla insan haqları, azad media və demokratiya sahəsindəki işimizi daha da gücləndirək. Yaradılacaq ABŞ və Azərbaycan ikitərəfli qurumu Azərbaycanın Avropa Şurası baş katibi Yanqlandla birgə həyata keçirdiyi fəaliyyətlərə paralel olaraq öz fəaliyyətini həyata keçirəcək. Biz öz tərəfimizdən, eyni zamanda baş katib Yanqlandla əlaqələndirmə işi aparacağıq ki, göstərilən parallel səylər bir-birinə dəstək və faydalı olsun,” deyə o, qeyd edib.

Yaradılacaq qurum hansı halda faydalı ola bilər? Amerikanın Səsi bu sualla bağlı müxtəlif fiikirləri öyrənib.

Səyavuş Novruzov
Səyavuş Novruzov

“Demokratiya, insan haqları, vətəndaş cəmiyyəti ilə dialoq yaratmaq məqəsid ilə Amerika-Azərbaycan birgə komissiyası yaradılacaqsa, bu qurum ilk öncə Amerikada fəaliyyət göstərən bəzi təşkilatların Azərbaycan əleyhinə yaydıqları məlumatların düzgün və ya yalan olduğunu müəyyən etməlidir”. Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Səyavuş Novruzov Amerika dövlət katibinin köməkçisi Viktoriya Nulandın dediklərini Amerikanın Səsinə belə şərh edib.

Onun sözlərinə görə, ABŞ-da fəaliyyət göstərən müxtəlif təşkilatlara (məsələn, Human Rights Watch, Freedom House və b.) Azərbaycanda insan hüquqları ilə bağlı düzgün olmayan məlumatlar çatdırırlar.

Amerika-Azərbaycan birgə komissiyası yaradılacaqsa, bu qurum ilk öncə Amerikada fəaliyyət göstərən bəzi təşkilatların Azərbaycan əleyhinə yaydıqları məlumatların düzgün və ya yalan olduğunu müəyyən etməlidir.

Səyavuş Novruzov

“Bu təşkilatların rəhbərliyində isə kifayət qədər erməni mənşəli insanlar çalışır. Həmin insanlar erməni lobbisinin maliyyə dəstəyi ilə Azərbaycan haqqında düzgün olamayan rəy formalaşdırmağa çalışır. Ermənilər lobbiləri vasitəsi ilə o cümlədən, Konqresdə və Senatda Azərbaycan əleyhinə fikir yaratmaq istəyirlər. Bu isə Amerikanın dövlət siyasətinə zidd olan hallardır. Komissiya bunların qarşısını almağa, Azərbaycan haqqında həqiqətlərin diqqətə çatdırımasına çalışmalıdır”, o qedy edib.

Asim Mollazadə
Asim Mollazadə

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Amerikanın Səsinə bildirib ki, artıq belə bir işçi qrupu yaradılıb.

“Bu işçi qrupuna Azərbaycanın dövlət, parlamnet təmsilçiləri, QHT və insan hüquqları təşkilatlarının nümayəndələri daxildir. Mənə elə gəlir ki, işlər bu qaydada davam etdirilməlidir. Avropa Şurası və Avropa Parlament ilə də əməkdaşlıq aparılır. ABŞ-la da birgə qrupun fəaliyyətini normal hesab edirəm”, o qeyd edib.

O Viktoriya Nulandın dediyi kimi, vətəndaş cəmiyyəti, demokratiya, insan hüquqları, azad media sahəsində dialoqun həyata keçirləcəyinə inanır.

Bu qrupun Amerika-Azərbaycan münasibətlərinin inkişafına xidmət edəcəyinə inanıram.

Asim Mollazadə

“Bu qrupun Amerika-Azərbaycan münasibətlərinin inkişafına xidmət edəcəyinə inanıram. Təhlükəsizlik sahəsində əməkdaşlıq çox güclüdür, enerji sahəsində əməkdaşlıq var. Demokratiya və insan hüquqları sahəsində də əməkdaşlığa ehtiyac var və bunu həyata keçirmək mümkündür”, Mollazadə bildirib.

Ərəstun Oruclu
Ərəstun Oruclu

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun fikrincə, bu işçi qrup yalnız o halda səmərəli işlər görüb ortaya nəticə çıxara bilər ki, onun tərkibində vətəndaş cəmiyyəti ideyalarının və təcrübəsinin real daşıyıcıları geniş təmsil olunsun.

“Bu səbəbdən də işçi qrupun təşkilində təkcə Azərbaycan hakimiyyətinin rəyi nəzərə alınmamalıdır”.

Onun firkincə, hakimiyyətin istər müxalifətlə, istərsə də vətəndaş cəmiyyətilə dialoq praktikası daim imitasiyadan ibarət olub və bu gün də belədir.

Ümid edirəm, ABŞ tərəfi belə bir “dialoqa” imza atmayacaq, çünki həmin halda bu, nəinki Azərbaycanda demokratiyanın inkişafına xidmət etməyəcək, əksinə, bu prosesi bir qədər də nüfuzdan salacaq və ləngidəcək.

Ərəstun Oruclu

“Ölkədə illər ərzində qondarma müxalifət partiyaları, hakimiyyətin nəzarətində olan “qeyri-hökumət təşkilatları” yaradılıb. Əgər dialoq belə qurumlarla aparılacaqsa, onda bunu başlamağa heç bir ehtiyac da yoxdur. Ümid edirəm, ABŞ tərəfi belə bir “dialoqa” imza atmayacaq, çünki həmin halda bu, nəinki Azərbaycanda demokratiyanın inkişafına xidmət etməyəcək, əksinə, bu prosesi bir qədər də nüfuzdan salacaq və ləngidəcək”.

O fikrini izah etmək məqsədi ilə deyib ki, vaxtilə belə bir “dialoq” Avropa Şurasının təşəbbüsü ilə aparılırdı.

“Amma məhz yuxarıda göstərdiyim səbəbdən sonda bu təkcə nəticə hasil olmamasına və dialoq prosesinin gözdən düşməsinə deyil, həm də cəmiyyətdə Avropa Şurasının özünə etimadsızlığın yaranmasına gətirib çıxardı. Ümid edirəm, ABŞ Avropa Şurasının bu təcrübəsini nəzərə alacaq”, Oruclu qeyd edib.

XS
SM
MD
LG