Accessibility links

Teatrın təqdimatı zamanı Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşasının premyerası keçirilib

ABŞ-da Azərbaycan Nyu-York Asossiasiyasının nəzdində ilk Azərbaycan teatrı yaradılıb. Dekabrın 4-də teatrın təqdimatı zamanı Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşasının premyerası keçirilib.

Azərbaycan Nyu-York Assosiasiyasının məsul katibi və həftə sonu Azərbaycan dili məktəbinin müəllimi Münəvvər Vahabova Amerikanın səsinə müsahibədə deyib ki, Nyu-Yorkda Azərbaycan teatrının yaradılması icma üzvlərinin uzun zamandır gerçəkləşmək istədiyi arzu idi.

Teatrın ilk tamaşasının səhnələşdirilməsi üçün ANA cəmiyyəti Diasporla İş üzrə Dövlət Komitəsinin köməyi ilə Azərbaycanın Əməkdar Artisti, “Qızıl Dərviş” mükafatı laureatı, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru Firudin Məhərrəmovu ABŞ-a dəvət etmişdir.

Tamaşanın bədii tərtibatı Nyu-Yorkda yaradılmış “Soydaş” rəqs ansamblının rəhbəri, Azərbaycan Respublikasının əməkdar artisti Telman Cəlilova məxsusdur. Münəvvər Vahabovanın sözlərinə görə, Amerikada ilk Azərbaycan teatrının yaradılması fikri ilə ilk dəfə Telman Cəlilov çıxış etmişdir. Tamaşa Azərbaycan icması üzvlərindən ibarət həvəskar aktyorlar qrupunun 26 məşqindən sonra səhnəyə qoymuşdur. “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşasının Amerikanın digər şəhərlərində də göstərilməsi nəzərdə tutulub.


  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG