Accessibility links

ABŞ-da məscid könülləri xeyriyyə proqramı həyata keçirir [Video]


Vaşinqton yaxınlığındakı Virciniya ştatının Fols Çörç şəhərindəki Darul Hicrə Məscidi könüllü proqram həyata keçirir. Məscid üzvlərini xəstəxanaya yatırılan və ABŞ-da heç bir qohumu və ya tanışı olmayan xəstələri ziyarət etməyə göndərir. Proqramı Corc Vaşinqton Universitetinin fələstinli tələbəsi Eliya Həmmad idarə edir.

İnsan yeni ölkədə heç bir dostu və ya qohumu olmadan yaşayanda ən kiçicik sızıltı da ona böyük bir ağrı kimi hiss edilir. Eliya Həmmad da bunu yaşayanlardandır.

"Bu, şəxsi təcrübədir. Mən bu ölkədə əsasən ailəm yanımda olmadan yaşamışam. Böyrəyimdə daş var idi və əməliyyat günü mən dəstəyə ehtiyac hiss etdim. Ailələri Amerikada olmayan belə çox insan var" - Eliya Həmmad bildirir.

Beləliklə, hospitalda xəstələri ziyarət ideyası Həmmadın ağlına o zaman gəlib. O, Virciniya ştatının Fols Çörç şəhərindəki Darul Hicrə məscidi ilə əlaqə saxlayıb. Həmin zaman məscid də yerli icma üçün ailə dəstək proqramına başlamaq istəyirmiş.

Darul Hicrə Həmmadı xəstə ziyarəti proqramının rəhbəri təyin edir. 2009-cu ildən başlayan proqrama indiyədək 30-dan çox könüllü cəlb olunub. Qraham Bardsli Virciniya Hospital Mərkəzinin dini məsələlər üzrə məsuludur: "Məsciddən olan ziyarətçilərin eynən mənimki kimi vəsiqələri var. Foto və tuberkulyoz analizindən keçdiklərinə dair məlumat. Xəstələrin mühafizəsi üçün bu, hər il həyata keçirilməlidir".

Suraya Hüseyn və Lyali Xəlf proqramda könüllü kimi çalışırlar.

Lyali Xələf: "Mən proqrama yanvarda qoşulmuşam. Gündəlik 3-4 xəstə ilə görüşürəm. Həftəyə təxminən 12-15 xəstəni ziyarət edirəm. "

Sürəyya Hüseyn: "Minimum həftədə bir dəfədir. Ancaq bəzən özüm gəlirəm, çünki uşaqlarım var, bəzən gecə vaxtı gəlirəm, gəlib onlarla söhbətləşirəm".

İmam Cöhri Əbdül Malik Darul Hicrə İslam Mərkəzinin direktorudur: "Bəzən xəstələri hospitalda ziyarət edən adamların xəstəyə nəsə verdiyini düşünürük. Bu, səninlə Allah arasındadır. Adam xəstədir, usağı var və sən də oradasan”.

Həmmad deyir ki, proqram üçün könüllülərin tapılması asan olmasa da, o və komandası bu savab işi davam etdirməyə həvəslidirlər.

XS
SM
MD
LG