Accessibility links

Amerikadakı diaspor təşkilatları ABŞ-ın Ermənistana və Dağlıq Qarabağa yardımı ilə bağlı məktub kampaniyası keçirir


Amerikadakı diaspor təşkilatları ABŞ-ın Ermənistana və Dağlıq Qarabağa yardımı ilə bağlı məktub kampaniyası keçirir

Amerikadakı diaspor təşkilatları ABŞ-ın Ermənistana və Dağlıq Qarabağa yardımı ilə bağlı məktub kampaniyası keçirir

Amerikada Azərbaycan diaspor təşkilatları ABŞ-ı xarici yardımı xüsusi maraqlar əsasında ayırmamağa, Dağlıq Qarabağa yardımı Azərbaycan icmasına da şamil etməyə və Ermənistana yardımı azaltmağa çağırır.

ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində 2012-ci il üçün Xarici Əlaqələrin Sanksiyalaşdırılması Aktı üzrə iyulun 20-də dinləmələr keçiriləcək. Bu sənəd ABŞ Dövlət Departamentinin bir sıra proqramları, Sülh Korpusu və təhlükəsizlik sahəsində yardımın səviyyəsini və yardımın ayrılması üçün başlıca siyasət prinsiplərini müəyyən edir.

Amerikada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları ABŞ-ın Ermənistana və Dağlıq Qarabağa yardımı ilə bağlı məktub kampaniyası keçirir. Konqres üzvlərinə ünvanlanan məktublarda deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin qurbanları üçün nəzərdə tutulmuş hər hansı bir yardım yerlərindən didərgin düşmüş azərbaycanlılara da şamil edilməli, Ermənistana verilən yardım isə xüsusi maraqlar deyil, ABŞ-ın xarici siyasət prioritetləri nəzərə alınaraq ayrlmalıdır.

Məktubda deyilir ki, Konqres 1992-ci ildən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində humanitar ehtiyacları nəzərə alaraq fondlar ayırmağa başlayıb. “Lakin 2005-ci ildən Amerikada ermənilərin maraqlarını təmsil edən qrupların təzyiqləri nəticəsində Dövlət, Xarici Əməliyyatlar və Əlaqədar Proqramlara Təxsisatlar haqda qanuna dəyişiklik edilərək, bu yardım yalnız Dağlıq Qarabağın erməni icmasına ayrılmağa başladı”-deyə məktubda qeyd edilir. Məktubda münaqişə nəticəsində regiondan çıxarılan 600 min azərbaycanlının bu yardımı ala bilmədiyi vurğulanır.

Məktubda konqresmenlərin nəzərinə çatdırılır ki, ABŞ-ın vasitəçiliyi ilə münaqişə siyasi həllini tapmadığı halda Birləşmiş Ştatların etnik lobbinin təsiri altında konfliktin tərəflərindən birinə yardım ayırması nəinki Konqresin ilkin məqsədinə xidmət etmir, eyni zamanda ABŞ-ın xarici siyasətinə zərər vurur.

Amerika Azərbaycan Cəmiyyəti, Azərbaycan-Amerika Şurası və Pax Turcica təşkilatlarının hazırladığı məktubda deyilir ki, son altı ildə Dağlıq Qarabağın erməni icması üçün ayrılan maliyyənin həcmi 3 milyon dollardan 8 milyona çatdırılıb.

ABŞ-ın Ermənistana yardımı ilə bağlı Ermənistanın Azərbaycan torpaqlarının beşdə birini işğal altında saxlaması və BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrini pozması göstərilir.

Məktubda habelə qeyd edilir ki, iqtisadiyyatın bərpası prosesinin ləng getdiyi və ABŞ-ın milli borcunun 14 trilyon dollar olduğu bir zamanda Birləşmiş Ştatların Ermənistana və Dağlıq Qarabağa yardımı artırması əsassız görünür.

ABŞ senatorları və konqresmenləri diaspor üzvlərinin məktub kampaniyasına cavablar göndərməyə başlayıb. Merilend ştatından demokrat senator Barbara Mikulski, Texas ştatındaın respublikaçı senator Key Beyli Haçison, Nyu-York ştatından demokrat senator Çarlz Şumer, Texas ştatından respublikaçı konqresmen Ron Pol ABŞ-ın xarici yardımı, o cümlədən Ermənistana yardımı ilə bağlı məsələni onların nəzərinə çatdırdıqlarına görə Amerikadakı Azərbaycan icmasının üzvlərinə təşəkkürlərini bildiriblər.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG