Accessibility links

Amerikalı azərbaycanlılar Konqres və qubernator seçkilərində səs veriblər


Amerikalı azərbaycanlılar Konqres və qubernator seçkilərində səs veriblər

Amerikalı azərbaycanlılar Konqres və qubernator seçkilərində səs veriblər

Amerikalı seçicililər bu seçkilərin nəticələrinin ABŞ-ı uğurlu gələcəyə aparacağına ümid edirlər

Bu gün amerikalı azərbaycanlılar Konqres və qubernator seçkilərində səs verirlər. 2008-ci il prezident seçkilərində olduğu kimi, 2010-cu il Konqres seçkilərində də yüksək seçici fəallığı müşahidə edilir. Amerikalı azərbaycanlılar da istisna deyil. İsmail Şaxtaxtinski Vaşınqtonda hüquqşünasdır. O, Virciniya Ştatından konqresmen Cim Morana səs verib.

“Amerikada bu dəqiqə ən birinci problem iqtisadi problemdir, iqtisadiyyatın inkişafıdır, işsizliyin azalması, bu böhranın aradan götürülməsidir. Corc Buşun prezidentliyi dövründə Respublikaçılar ölkəni böhrana uğradıblar. Bir onu nəzərə alaraq, bir də ki, azərbaycanlı amerikalı olduğuma görə Azərbaycanda demokratiyanın inkişaf etməsi və Azərbaycanın demokratik ölkə olması üçün Amerikada Demokratlar daha çox işlər görüblər. Əlbəttə, hər iki partiyanın tərkibində pis və ya yaxşı namizədlər var. Lakin Demokrat partiyasından olan namizədlər daha uyğun bir istiqamət tutub. Ola bilsin ki, Respublikaçılar Azərbaycan-Ermənistan mövzusunda daha çox fəallıq göstərsinlər. Lakin bu gün Azərbaycanın birinci probleminin demokratiyanın olmaması üzündən mən Azərbaycanda demokratiyaya daha çox diqqət yetirən Demokratlar partiyasını dəstəkləyirəm.

Zəhra Bağırova Virciniya Ştatının sakinidir. O, Sprinqfild şəhərində Vakovya Bankının filialında müdir vəzifəsində çalışır. Zəhra da seçkilərdə Demokratlara üstünlük verdiyini deyir.

Amerikalı azərbaycanlılar Konqres və qubernator seçkilərində səs veriblər

Amerikalı azərbaycanlılar Konqres və qubernator seçkilərində səs veriblər

“Mən Demokratlardan Cim Morana səs vermişəm. Mən səs verməzdən əvvəl ilk növbədə namizədlərin siyasi platformaları ilə yaxından tanış oldum. Mənim üçün ən vacib məsələlərdən biri hal-hazırkı iqtisadi vəziyyət, iş yerlərinin çoxalması və əlbəttə ki, təhsil idi. İkincisi, də mən azərbaycanlı amerikalı olduğum üçün namizədlərin xarici siyasətləri ilə maraqlandım. Onların Azərbaycanda demokratik qüvvələrə dəstək vermələri mənim üçün ən mühüm məsələlərdən biri idi.

Azər Məmmədov Vaşınqton ştatında yaşayır. O, hava yolları şirkətinin uçuşlar sektorunda ekipaj üzvüdür.

“Bir vətəndaş olaraq Vaşınqton ştatında Demokrat partiyasından namizəd Patti Murraya səs verdim. Namizəd seçməkdə mənim əsas niyyətim onun iqtisadi islahatları və eyni zamanda insan haqlarına olan dəstəyi idi.”

Azər Məmmədov namizədlərlə əlaqə saxladığını və onlarla Azərbaycanla bağlı məsələləri müzakirə etdiyini deyir.

Mən namizədə səs verməzdən əvvəl onunla bilavasitə yazışmışam. Onun dünyada insan haqları məsələsində mövqeyini öyrəndim və nəticədə ona səs vermək qərarına gəldim. Mən əminəm ki, Patti Murray seçildikdə nəinki ABŞ-ın beynəlxalq arenasında, iqtisadiyyat və insan haqları sahələrində də işlər görəcək. Seçkidən öncə həm Demokrat, həm də Respublikaçı namizədlərlə yazışdım və Azərbaycanda demokratiyanın taleyi haqda onların fikirlərini öyrəndim. Patti Murray mənim məktubuma cavab verdi və dedi ki, o, Azərbaycanda demokratiyanı dəstəkləyir.

ABŞ-da keçirilən seçkilərdə səs verən azərbaycanlı-amerikalılar sırasında Republikaçılar Partiyasına üstünlük verən vətəndaşlar da var. Onlardan biri vaxtikən özü Respublikaçılar Partiyasından namizəd olmuş Nəimi Əmirəldir. O, bu dəfəki seçkilərdə Respublikaçı namizədlərə, konkret olaraq öz yaşadığı dairədə Konqres üzvlüyü üçün E. Skott Riggel-ə səs verdiyini söylədi. Cənab Əmirəl qeyd etdi ki, Respublikaçıların kiçik hökumət istəyi vergilərin artmasının qarşısını almağa və hazırda büdcə kəsiri ilə üzləşən Amerikanın iqtisadi böhrandan çıxarmağa yönəlib. Bundan əlavə, o, Respublikaçıların xarici siyasət və ailə dəyərləri barədə baxışlarını bölüşdüyünü bildirdi.

Bugünkü seçkilər Amerikanın siyasi landşaftını müəyyən edəcək. Amerikalı seçicililər bu seçkilərin nəticələrinin ABŞ-ı uğurlu gələcəyə aparacağına ümid edirlər.

XS
SM
MD
LG