Accessibility links

Müsahibə zamanı İran üzrə ekspert İsrailin İrana hücum planı barədə ABŞ-ın mövqeyinə, İranda yaşayan azərbaycanlıların bu problemin həllində nə kimi rol oynaya biləcəyinə, Azərbaycan-İsrail əlaqələrinə toxunub.

"Hazırki vəziyyət nə qədər çox davam etsə, bu, regiona və digər dövlətlərə daha baha başa gələcək" Bu sözləri İranın nüvə proqramına dair söhbət zamanı Corctaun Universitetinin professoru Pol Sullivan Amerikanın Səsinə deyib. İran üzrə ekspert İsrailin İrana hücum planı barədə ABŞ-ın mövqeyinə, İranda yaşayan azərbaycanlıların bu problemin həllində nə kimi rol oynaya biləcəyinə, Azərbaycan-İsrail əlaqələrinə toxunub. Müsahibəni təqdim edirik.

Sual: Cənab Sullivan bu yaxınlarda Foreign Policy jurnalında məqalə dərc edilmişdi. Məqalədə Azərbaycanın İsrailə hava bazalarından istifadəyə icazə verdiyi deyilir. Bunu necə şərh edərdiniz?

Cavab: İsrail-Azərbaycan əlaqələri çoxdan möcvuddur. Sovet İttifaqının dağılmasından sonra İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. Tərəflər arasında tutarlı ticarət əlaqələri var. Buraya neft də daxildir. Bu, cərəyan edən proseslərin vacib aspektidir. İsraillilər isə Azərbaycana müəyyən təhlükəsizlik məsələlərində kömək edir və təlimlər keçir. Bundan başqa, Azərbaycanda Makkabi pivələri satılır. Əvəzində isə İsrail Azərbaycandan dondurma idxal edir. Çox maraqlı ticarətdir.

Hava bazası məsələsinə gəldikdə, onu deyə bilərəm ki, Azərbaycan bu iddianı rədd edir. İsrailin isə səssizliyini qoruyub-saxlaması məsələni daha da maraqlı edir. Ümumilikdə iki ölkə arasında əlaqələr ən azı son 14 ildə çox müntəzəm və intensiv olub.

Sual: Məqalədə deyilir ki, ABŞ bu razılığa etiraz edib. Bu məsələdə ABŞ-ın mövqeyi necədir?

Cavab: Baxır biz kim haqda danışırıq. Fikrimcə, bu şəhərdə (Vaşinqtonda) bir çox insan İrana qarşı hər hansı bir hücumun potensial iqtisadi, siyasi, sosial, mədəni və diplomatik təsirindən narahatdır. Bu, çox çətin situasiyadır. İsrailin İranın nüvə obyektlərini vurmasının yalnız bir hücumla məhdudlaşmaması ideyası məntiqidir, ancaq bu, davam edə bilər. Bu bölgə böyük neft və başqa obyektlərə, o cümlədən ticarət və nəqliyyat qovşaqlarına ev sahibliyi edir.

Dünya iqtisadiyyatı çox kövrəkdir. Neftin qiyməti 250-300 dollara çatıb. İqtisadi tənəzzülü yenicə geridə qoymaq istədiyimiz bir vaxt bu, hamıya ağır zərbə ola bilər. Hazırda İrana qarşı hər hansı hücumu həyata keçirmək üçün nəzərdən keçirməli bir çox məsələ var.

Ancaq, diplomatik həll şansı da hələ ki, tam ölməyib. Aprel ayının 13-də görüşlər olacaq. Ehtimal ki, səhnə arxasında da böyük işlər aparılır.

Çox insan görür ki, bu, tarixin ən təhlükəli dövrlərindən biridir. Yalnız iqtisadi baxımdan deyil, həm də ABŞ-ın müsəlman dünyası ilə əlaqələri baxımından. Söhbət 1.6 milyard insandan gedir. Buraya Azərbaycan, Mərkəzi Asiya, Yaxın Şərq, Rusiya, Çin, İndoneziya və s. ölkələrdəki bir çox insan aiddir. Əgər bir dəfə də hücum olsa, bu, necə başa düşüləcək. Bizim həqiqətən də müsəlman dünyası ilə gərginliyin artmasına ehtiyacımız yoxdur. ABŞ gərginliyi azaltmağa və həll yolunun tapılmasına çalışmalıdır. Aydındır ki, bunun bir hissəsi İranın nüvə obyektlərinin qapısını BMT nüvə agentliyinin müfəttişlərinə açmasından ibarətdir. Onlar hazırki vəziyyətin reallığını anlamalıdırlar.

İrana qarşı hücum Azərbaycana da, Türkiyəyə də, ümumiyyətlə hamıya baha başa gələcək. İranın neftini idxal edənlər kimlərdir – Çin, Hindistan, Yaponiya və bir çox Avropa ölkələri. Neft qiymətləri 250-300 dollara qalxır. Bu, Çin iqtisadiyyatına necə təsir edir? Bu, Çinin stabilliyinə necə təsir edir? Bunlar hamısı nəzərdən keçirilməlidir.

Sual: Şiə müsəlman ölkələri və eləcə də qonşu olmalarına baxmayaraq son illər İranla Azərbaycan arasında gərginlik artmaqdadır. Bunun kökündə duran başlıca səbəblər nədir?

Cavab: Bu, əsasən Azərbaycanın İsraillə yaxın əlaqələri, həmçinin ABŞ-la əlaqələrini yaxşılaşdırması ilə bağlıdır. İran Ermənistana müəyyən təchizatlar ixrac edir və Ermənistan isə öz növbəsində İranı nüvə enerjisi ilə təmin edir. Bu, daha maraqlı faktdır. Ermənistanın Yerevan yaxınlığıda Atom Elektrik Stansiyası var. Bu barədə heç kəs danışmır. Azərbaycanın İranı narahat edən müttəfiqləri var. İranlılar özlərini mühasirədə hiss edirlər. Onların sərhədlərinə nəzər salın. Əlbəttə orada İraq da var. İraqın cənubu əsasən İranın peykindədir və Tehran oradan narahat deyil. Ancaq onlar kürd İraqından narahatdırlar.

Sual: Bildiyiniz kimi İran əhalisinin üçdə birindən çoxu azərbaycanlıdır. Bunun nə kimi təsirləri ola bilər. ABŞ İranla problemin həllində orada yaşayan azərbaycanlılarla işləməyi nəzərdən keçirirmi və ya keçirməlidirmi?

Cavab: Mənim fikrimcə orada yaşayan azərbaycanlıların böyük əksəriyyəti ilk növbədə özlərini iranlı, daha sonra azərbaycanlı hesab edirlər. Düzdür, əksini düşünənlər də çoxdur. Düşünürəm ki, ən yaxşı seçim nüvə gərginliyini aradan qaldırmaqdan ibarətdir. Daha sonra bu məsələdən danışmaq olar. Bu kimi konspirasiyalar üçün İrana əlavə bəhanə vermək lazım deyil. Bu problem təcili həll edilməlidir. Hazırki vəziyyət nə qədər çox davam etsə, bu, regiona və digər dövlətlərə daha baha başa gələcək.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG