Accessibility links

Amerikana: Ramazanda qeyri-adi xeyriyyəçilik [Video]


“Bolluq” adlanan ənənəvi ərzaq yardımı mərasimində insanlar pulsuz ərzaq əldə edir

Müqəddəs Ramazan ayı boyu hər cümə axşamı yüzlərlə insan paytaxt Vaşinqton yaxınlığındakı Vircniya ştatında Herndon orta məktəbinə toplaşır. Bu insanların iyul ayında bura gəlməsinə səbəb təhsil deyil, qida əldə etməkdir.

Məktəbin zallarından biri hər cümə axşamı günləri bazara çevrilir. Ancaq burada ödəniş yoxdur. Hər şey tam pulsuzdur. “Bolluq” adlanan ənənəvi pulsuz ərzaq yardımı mərasimi Münasib və Təcili Müvəqqəti Yardım Fondu tərəfindən təşkil edilir. İNAM adı ilə tanınan bu təşkilat yerli müsəlman icmanın üzvləri tərəfindən yaradılıb. Səmayə Qariana qrupun “Bolluq” komitəsinə rəhbərlik edir: "Ramazan ayında İNAM sosial xidmətlər mərkəzi hamıya iş verir və hamıya xidmət edir. Ancaq biz İslam prinsiplərinə əməl edirik. Ona görə də Amerikadakı başqa icmalara da çatdırmaq istəyirik ki, biz oruc tutanda, bunu yalnız özümüz üçün etmirik."

Pulsuz ərzaq əldə edənlər kimi işçilər və könüllülər də müxtəlif dini icmalara mənsubdurlar. Hindistanlı Amit Ubala 3 ildir ki burada könüllülük edir. "Əminəm ki, hamı buradadır. Keçən il də başqa dini icma üzvləri var idi. Fikrimcə bu, birgə işdir. Bir dəfə başladılarsa, sonra davam edirlər. Çox istərdim ki, bu layihəyə daha çox insan ianə versin və bunu təkcə Ramazanda yox, həmişə davam etdirək. Ən azı ayda bir dəfə, ya da elə il boyu müxtəlif məkanlarda", deyə Amit Ubala bildirir.

“Bolluq”da yardımın bölüşdürülməsinə nəzarət yoxdur. Təchizatlar olduğu müddətdə sakinlər bitki yağı, düyü, şəkər tozu, təzə meyvələr və tərəvəzlər kimi bir çox şey götürə bilər.

"Mən bunu xoşlayıram, hər il olur. Bu, ailələrə kömək edir. Təkcə mənim üçün yox, hamı üçün yaxşıdır"

Könüllülər skautlar da daxil olmaqla cəmiyyətin bütün təbəqələrini təmsil edir.

Yerli Müsəlman Cəmiyyətinin Adams Mərkəzindən skaut Mana deyir ki, Ramazanda oruc tutmaq burada köməyi dayandırmaq üçün bəhanə ola bilməz: "Yorğunluq bəhanə ola bilməz. Əlimizdən gələni etmək üçün buradayıq və fikrimcə Ramazan bunun üçün ən əla vaxtdır".

10 il əvvəl yük maşınının arxasında başlayan “Bolluq” layihəsi indi hər həftə 500-dən çox insana xidmət edir və layihənin gələcəkdə də davam edəcəyi aydın görünür.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG