Accessibility links

Amerikana: Silikon Vadisi [Video]


Amerikana proqramında Google, Facebook, Yahoo, Apple və başqa şirkətlərin baş ofislərinə səyahət

Dünyanın texnologiya mərkəzi kimi tanınan Silikon Vadisi ən nəhəng texnologiya korporasiyaları ilə yanaşı, yüzlərlə start-up şirkətlərə də ev sahibliyi edir. Başqa sözlə desək, XXI əsr hər gün burada yenidən doğulur.

Silikon Vadisinin adı əslində müasir texnologiyalarla əlaqəli deyil. Kaliforniya ştatının San Fransisko körfəzinin cənub hissəsini əhatə edən bu məkana Silikon Vadisi adının verilməsi bir zaman orada kütləvi silikon mikrosxemlerin istehsalı ilə bağlıdır.

Hazırda Silikon Vadisi dünyanın ən nəhəng texnologiya korporasiyaları ilə yanaşı, yüzlərlə start-up şirkətlərə də ev sahibliyi edir. Başqa sözlə desək, XXI əsr hər gün burada yenidən doğulur.

Bu gün Amerikana proqramında hazırda istifadə etdiyiniz bəzi texnologiya şirkətlərinin baş ofisləri və eləcə də, Silikon Vadisindəki tarixi Kompyuter Muzeyini yaxından görmək imkanı əldə edirsiniz. Etiraf edim ki, bunlar arasında məni ən çox valeh edən Google oldu.

Google-un baş ofisini sadələşdirilmiş dildə belə təsvir edə bilərəm; indiyədək gooogle.com-da nə axtarmısınızsa, elə burada da o qədər şey tapa bilərsiniz və bunların hamısı həm bizim kimi müştərilər, həm də orada çalışan işçilər üçündür. Əbəs deyil ki, Google bu gün dünyada işçilərə ən yaxşı mühit yaradan şirkətlər arasında birincidir. Niyə? Təsəvvür edin ki, işdə günorta yeməyindən sonra mürgüləmək istəyirsiniz. Deyəsən, ürəyinizi oxudum. Bəli, Google-də buna təkcə icazə verilmir, hətta bu, təşviq olunur. İş vaxtı hovuzda əylənmək, yoxsa voleybol oynamaq istəyirsiniz? Problem deyil, kefinizə baxın! Kitabxana, pulsuz yeməkxana, boulinq, bilyard, tennis… siyahını siz davam etdirin. Əlbəttə, şirkət bizdən bir qədər fərqli düşünür. Google iddia edir ki, əməkdaşlar iş zamanı istədiklərini etdikdə, iş şəraitləri yaxşı olduqda, onlar daha produktiv, məhsuldar olurlar.

Google şirkətinin baş qərargahının ərazisi o qədər genişdir ki, şirkət işçilərini velosipedlərlə də təmin edib. Google-un rənglərinə boyanmış velosipedlərdən istifadə edərək işçilər ərazidəki müxtəlif binalara gedə bilirlər.

Burada insanı heyrətləndirən başqa bir şey rənglərdir, rəngarənglikdir. Sizi əmin edirəm ki, orada qara rəngdə demək olar heç nə tapa bilməzsiniz.

Zarafatla deyirlər ki, işçilər Google-u yalnız öz şirkətlərini yaratmaq üçün tərk edir. Həqiqətən də belə atmosferi qoyub getmək çətin olsa da, səfərimizə davam edirik.

Yahoo şirkətinin rəqabətdə nə üçün Google-a uduzduğunu aydınlaşdırmaq o qədər də çox vaxt almadı. Gizlədə bilmərəm, illik 5 milyard dollar gəliri olan Yahoo-nun ofisi məni təəccübləndirmədi. Bəlkə də, Google-dan sonra ora getdiyim üçün belə oldu.

Növbəti ünvan Facebookdur. Bu arada bildirim ki, getdiyimiz ünvanlar arasındakı məsafə təxminən 10-15 dəqiqədir.

Daha öncə Google haqda dediklərimin bir çoxunu Facebook-a da şamil etmək olar. Şirkət 2013-cü ildə ən yaxşı iş mühitinə görə birinci olub. Facebookda olarkən ən qəribə hiss Facebookda check-in etməkdi. Reallıqla virtuallığının vəhdəti…

Oxşar hissi Twitterdə də yaşamaq olur. Ancaq San Fransisko şəhərinin mərkəzində yerləşən Twitter baş qərargahı həm həcm, həm də quruluş baxımdan Facebook-dan xeyli fərqlənir.

Az qala unutmuşdum, çox guman ki bizi iPhone və ya iPad-dən izləyirsiniz. Dünyada milyonlarla insanın istifadə etdiyi Apple cihazları da elə Silikon Vadisində ərsəyə gəlir.

741.8 milyard dollar qiyməti olan Apple şirkəti dünyanın ən dəyərli korporasiyasıdır. Şirkət yalnız 2015-ci ildə 44.5 milyard dollar gəlir əldə edib.

Yeri gəlmişkən mütəxəssislər deyir ki, Silikon Vadisini bu qədər yaradıcı və uğurlu edən iki əsas amil var: il uzunu gözəl hava və qonşuluqdakı Stanford Universiteti. Xatırladım ki, Amerikananın Stanford Universiteti və gözəl havası olan San Fransisko haqda buraxılışlarını da veb saytımızdan izləyə bilərsiniz.

Sonda Silikon Vadisinə getsəniz, bütün bu texnologiyaların tarixini özündə əks etdirən Kompyuter Tarixi Muzeyinə baş çəkməyinizi məsləhət görərdim.

Muzeydə Kompyuter necə elektro-texnikaya çevrilib? İlk kompyuter necə olub? və bu kimi başqa suallara cavab tapa biləcəksiniz.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG