Accessibility links

Amerikana: Assateague - Vəhşi atlar qoruğu [Video]


Atlantik okeanın sahilindəki Assateague adası canlı təbiət həvəskarlarının ən sevdiyi yerlərdən biridir

Assetik adası (Assateague Island) iki hissədən - okean və körfəz sahillərindən ibarətdir. Assetik Dövlət Parkı kimi fəaliyyət göstərən bu uzunsov adaya giriş hər maşın üçün 15 dollardır. Bu sahillərdə müxtəlif əyləncələrə rast gəlmək olar. Əsasən çimərliyi ilə tanınan okean sahilindən fərqli olaraq körfəz hissədə balıqçılıq, qayıq, kayak-kanoy sürmə kimi digər əyləncələrdən zövq almaq mümkündür. Burada hətta ABŞ-da nadir olan çimərlik kempinginə də qoşula bilərsən.

“Biz istirahət parkı olaraq həm yerli əhaliyə, həm turistlərə xidmət edirik. Burada kemping var. Həm çimərlik, həm də körfəz tərəfdə kemping edə bilərsiniz. Ovçuluqla məşğul ola, şəlaləni ziyarət edə bilərsiniz. 60 kilometr uzunluğunda çimərlik sizin xidmətinizdədir. Yay vaxtı burada çox şey edə bilərsiniz” - deyə sonradan rast gəldiyimiz park bələdçisi bildirir.

Assetikin ziyarətçilərini ən sevimli yerlərindən biri də körfəz hissədəki göl ərazisidir. Kimisi balıq tutur, kimisi suda gəzir, kimisi də xərcəng tutur və ya başqa qeyri-adi əyləncələrlə məşğuldur.

Assetik adasında maraqlı sürprizlərlə də qarşılaşa bilərsən. Hər an hər cür heyvanla rastlaşmaq ehtimalınız var.

Ancaq artıq vurğuladığım kimi mustanqlar yəni vəhşi atlar Assetikin ən populyar sakinləridir. Ada böyük olduğundan onları tapmaq bir qədər vaxt ala bilər...

...20 dəqiqəlik axtarışdan sonra sevinirik. Çünki bir mustanqa, bir də ondan da vacibinə: atlara nəzarət edən bələdçiyə rast gəldik.

Deyvidlə mustanqların axtarışına çıxırıq və elə yölüstü söhbət edirik. O deyir ki, son hesablamalara görə burada 101 at qeydə alınıb. Atların hamısını adları ilə tanıyan Deyvid yay aylarında 2 milyondan çox insanın buranı ziyarət etdiyini deyir: “Ən çox maraq vəhşi atlaradır. Mən də buradayam ki, insanların qaydalara və atlarla aralarındakı məsafəyə riayət etməsini nəzarətdə saxlayım. Vəhşi heyvanlardır. Onlar dişləyir və vururlar”.

Şəxsən mənə maraqlı idi, görəsən bu atlar buraya haradan gəlib? Yəqin sizi də düşündürdü, at hara, ada hara? Bu haqda çox rəvayətlər var. Deyilənə görə, əsrlər əvvəl Amerikaya Avropadan üz tutan gəmilər batanda, göyərtədəki atlar üzərək burada sahilə çıxıblar. Ancaq bələdçi Deyvid ayrı tarixcədən danışır.

- Biz düşünürük ki, bu atlar bura Avropadan gəlib. Bəzi fermerlər bu atları Avropadan müxtəlif işlər üçün gətirirdi. Ancaq daha sonra fermerlər vergidən yayınmaq üçün vergiyığan ərazini tərk edənədək atları adaya gətiririb burada saxlayırdılar. Ondan sonra isə bəzi atlar heç vaxt bir daha geri qayıtmamışdı və burada artaraq yaşamağa başlayıblar.

Maraqlı tarixdir, ancaq bu rəvayətlərdən hansına inanacağınız artıq sizdən asılıdır.

Belə məlum olur, buranın atları vəhşi olsa da, bir qədər utancaqdılar. Deyvid deyir ki, heç kəs ziyarətçilərə atlarla rastlaşacaqlarına dair təminat verə bilməz.

"Onlar hər yerdə - ağacları, qamışların arasında gizlənə bilərlər. İnsanlar Nyu-Yorkdan, Nyu-Cersidən 4 saat yol gəliblər ki, atları görsünlər, buranı mustanq görmədən məyus tərk ediblər. Bu atlar çox azad və sərbəstdir. Adada hara desən gedə bilərlər" - deyə bələdçi Deyvid bildirir.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG