Accessibility links

Noyabrın 5-də ABŞ-ın Ohayo ştatının Deyton şəhərində İctimai məktəblərin Təhsil şurasına seçkilərdə azərbaycanlı Adil Bağırov qələbə çalaraq, Amerikada rəsmi vəzifəyə seçilən ilk azərbaycanlı oldu. Adil Bağırov şuraya üzv olmaq üçün namizədliyini irəli sürmüş beş nəfər arasında 6728-dən çox səs toplayaraq qələbə çalıb. Deyton şəhər İctimai məktəblərin təhsil şurasının yeddi üzvü var. Təhsil şurasına seçkilər hər dörd ildən bir seçilir. Təhsil şurasının üzvü kimi Adil Bağırov 14 min şagirdin təhsil aldığı 30 məktəb və bu təhsil ocaqlarına ayrılmış 500 milyondan artıq büdcənin icrasına nəzarət edəcək.

Adil Bağırov Amerikada uzun müddətdir diaspor fəaliyyətləri aparır, o, ABŞ azərbaycanlılarının şəbəkəsi USAN-nın həmtəsisçisi və Amerikada “Qarabağ fondu”nun direktorudur. Adil Bağırov həm də ABŞ-da rəsmi vəzifəyə seçilmiş ilk azərbaycanlıdır.

ABŞ-da yaşayan azərbaycanlılar bundan əvvəllər də seçki proseseində iştirak edib. Onlar arasında Birləşmiş Ştatlarda iki əsas siyasi partiya olan Respublikaçılar və Demokrat partiyasının üzvləri var.

ABŞ-ın Kanzas ştatında anadan olmuş əslən İran azərbaycanlısı Söhrab Sübhani ABŞ seçkilərində üç dəfə namizəd kimi iştirak edib. Uşaqlıq illərini Tehranda keçirən Sübhani 1979-cu ildə İranda islam inqilabından sonra ailəsilə birlikdə Amerikaya qayıdıb. O, 1996-cı və 2000-ci illərdə yaşadığı Merilend ştatında Respublikaçılar partiyasından namizədliyini ABŞ Senata irəli sürmüşdü.

Vaşinqtonda Corc Taun universitetini bitirmiş və sonradan universitetin professoru olmuş Söhrab Sübhani ABŞ-da biznesmen, Yaxın Şərq üzrə ekspert kimi tanınır. O, 2012-ci ildə Merilend ştatının seçki komissiyasına 77 min imza toplayıb təqdim etdikdən sonra demokrat senator Ben Kardinin yerinə seçilmək üçün ABŞ Senatına seçkilərə müstəqil namizəd kimi qatılıb. Söhrab Sübhani seçki kampaniyasına böyük maliyyə vəsaiti xərcləyib və müvəffəq seçki təşviqatı apardıqdan sonra səslərin 17 faizindən çoxunu almasına baxmayaraq, qələbə əldə edə bilməyib. Söhrab Sübhani Xəzər Holdinq qrupunun direktorudur. O, 20 ildən artıqdir Amerika enerji şirkətlərinə qlobal enerji təhlükəsizliyi məsələləri üzrə məsləhətlər verir.

ABŞ-da daha bir azərbaycanlı biznesmen Pol Murad hazırda yaşadığı Nevada ştatında Demokrat partiyasından qubernatorun müavini seçilmək üçün namizədliyini irəli sürmüş və ilkin seçkilərdə üçüncü olmuşdu. Pol Murad 20 ilə yaxındır biznes sahəsində çalışır, Las Veqasda tanınmış sahibkar və icma liderdir.

Pol Murad Bakıda anadan olub, beş yaşında atasını itirdikdən sonra isə anası ilə Moskvaya köçüb. O, Birləşmiş Ştatlara16 yaşında mühacirət edib. Amerikanın Səsinə müsahibədə Pol Murad kampaniya zamanı ona dəstək vermiş Azərbaycan-türk icmasına təşəkkürünü bildirib.

ABŞ hərbi dəniz qüvvələrinin ehtiyatda olan zabiti Con Nəimi Əmiral da Amerika Birləşmiş Ştatlarında seçkili rəsmi olmaq üçün siyasi kampaniya aparan azərbaycanlılardan biridir. O, 2009-cu və 2012-ci illərdə yaşadığı Virciniya ştatında seçkilərdə namizədliyini irəli sürüb. 2009-cu ildə Virciniya ştatı Konqresinin Nümayəndələr Palatasına seçilmək üçün Respublikaçılar partiyasından namizədliyini irəli sürən Con Nəimi Əmiral kiçik fərqlə rəqibinə məğlub olmuşdu.

2011-ci il ildə Virciniya o zamankı qubernatoru Bob Makdonnel Con Nəimi Əmiralı statın İnsan Hüquqları Şurasının üzvü təyin edib. 2012-ci ildə isə o, Virciniya ştatının Norfokl şəhər şurasına seçilmək üçün mübarizəyə qoşulmuşdu. 34 yaşlı Con Nəimi Əmiral 2001-ci il 11 sentyabr Vaşinqtonda və Nyu-Yorkda terror hücumlarından sonra yeni vətəni olan Amerikanı qorumaq üçün ABŞ hərbi dəniz qüvvələrinə yazılıb. Onun göstərdiyi əla xidmət hərbi dəniz qüvvələrinin komandanlığı tərəfindən yüksək qiymətləndirilib və o bir neçə il ərzində hərbi dəniz qüvvələrinin kapitanı rütbəsi alıb. Con Nəimi Əmiral ABŞ hərbi dəniz qüvvələrinin ilk azərbaycanlı zabitidir.

ABŞ azərbaycanlılarının yaşadıqları ölkədə siyasi seçki prosesində iştirak edərək, bu yolda atdıqları ilk addımlar cəmiyyətə tam inteqrasiya prosesinin bir hissəsi olmaqla yanaşı, həm də Amerikada azərbaycanlıların ikinci nəsli üçün bir presedent və nümunə yaradır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG