Accessibility links

Amerikanın Maliyyə nazirinin müavini Azərbaycanda İranla bağlı danışıqlar aparıb


Amerikanın Maliyyə nazirinin müavini Azərbaycanda İranla bağlı danışıqlar aparıb
Amerikanın Maliyyə nazirinin müavini Azərbaycanda İranla bağlı danışıqlar aparıb

Beynəlxalq maliyyə sistemini İranın sui - istifadəsindən müdafiə etmək yönümündə birgə fəaliyyət və BMT-nin Təhlükəsizlik Şurasının 1929 saylı qətnaməsinin mandatının icrası ilə bağlı məsləhətləşmələr olub

ABŞ-ın Terrorizm və Maliyyə Kəşfiyyatı üzrə Maliyyə nazirinin müavini Stüart Levi bu gün Azərbaycanda səfərdə olub. O prezident İlham Əliyev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, maliyyə naziri Samir Şərifov, xarici işlər naziri Elmar Məmmədyarov və Azərbaycanın özəl sektorunun liderləri ilə görüşüb.

Görüşlərdə beynəlxalq maliyyə sistemini İranın sui - istifadəsindən müdafiə etmək yönümündə birgə fəaliyyət və BMT-nin Təhlükəsizlik Şurasının 1929 saylı qətnaməsinin mandatının icrası ilə bağlı məsləhətləşmələr aparılıb.

Cənab Levi səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Bakıda çox məhsuldar gün keçirdiyini deyib. “Müzakirələrdə əsas diqqət beynəlxalq öhdəliklərə, o cümlədən nüvə və raket proqramlarını davam etdirməkdə olan İrana qarşı tətbiq edilən sanksiyaların son raunduna yönəldilmişdi”.

O deyib ki, sentyabrda Nyu-Yorkda görüş zamanı prezident Obama və prezident Əliyev tərəfindən qeyd edildiyi kimi, Azərbaycan Amerikanın mühüm və strateji tərəfdaşıdır. “Mənim səfərim iki millət arasında geniş və davamlı dialoqa əsaslanır. Səfərimin əsas diqqəti ABŞ-ın dünya boyunca tərəfdaşlarımızla İranın qeyri-qanuni fəaliyyəti və beynəlxalq maliyyə sistemindən sui-istifadə etməsinə dair məsələlərə cəlb edilməsini gücləndirməkdən ibarətdir”.

Maliyyə nazirinin müavini inanır ki, “bu müzakirələr ABŞ və Azərbaycanın maraqlarının bir araya gəldiyi sahədir. Azərbaycanın maliyyə sistemini İran tərəfindən törədilən təhlükələrdən müdafiə etmək, Azərbaycanın maliyyə sektorunun nüfuzunun qorunub saxlanmasına və nəticə etibarı ilə bura investisiyaların cəlb edilməsinə kömək edir”.

O deyib ki, İran davamlı olaraq ABŞ və beynəlxalq icmanın digər üzvləri tərəfindən prosesə cəlb edilməklə bağlı təkliflərə məntiqi şəkildə reaksiya verə bilməyib. “BMT-nin Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrinə rəğmən fəaliyyətinə davam edir. Prosesə cəlb olunmaqla bağlı təklif qüvvədə qaldıqca ABŞ və beynəlxalq icma İrana əlavə sanksiyalar tətbiq edilməyə məcbur edilib. Bu təzyiqin məqsədi İran liderlərinin beynəlxalq öhdəliklərin yerinə yetirilməsi ilə müşaiyyət ediləcək beynəlxalq icmaya inteqrasiya və gələcək təcridedilmə çətinlikləri arasında seçimini kəskinləşdirməkdən ibarətdir”.

Cənab Levi “Amerikanın səsi” radiosunun İranın nüvə proqramlarının və qanunsuz maliyyə əməliyyatlarının regional təhlükələri ilə bağlı sualının cavabında deyib: “Hazırda bu müzakirələrin başlanğıcıdır. Bu təkcə İranın qonşuları, region üçün deyil, qlobal təhlükə yaradır. Təhlükənin qarşısının alınması üçün hazırda beynəlxalq konsensus yaradılıb. BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsi tam həyata keçirilməlidir. Sanksiya təkcə fərdlərə, şirkətlərə, müəssisələrə aid edilmir. Bunun real təsiri qiymətləndirilməlidir. Ölkələr qanunsuz maliyyə əməliyyatlarının qarşısını almalıdır ki, nüvə proqramları həyat keçirilməsin”.

Nazir müavini İranın sanksiya tətbiq edilmiş şirkətlərinin siyahısının Azərbaycan hökumətə təqdim edilməsi ilə bağlı sualın cavabında, bu istiqamətdə ciddi müzakirələr aparıldığını deyib. “Müzakirələr bundan sonra da davam edəcək. Əsas məqsədimiz riskin mənbəyini vurğulamaqdır. Detallarına getmək istəməzdim. Burada xüsusi müzakirə edilən məsələlər var, ancaq biz, ümumi yanaşmalar tətbiq edirik. İranın qanunsuz və ya gizli maliyyə ötürmələrini gizlətməsi və digər məsələlərlə bağlı məsləhətləşmələr aparırıq, məlumatlar veririk”.

Cənab Levi Azərbaycanın İranla davamlı müştərək layihələrinin BMT-nin sanksiyasının tələblərinə uyğun olub - olmaması barədə suala cavabda deyib ki, Amerika hələ bu layihələrin uyğun olub-olmamasını müəyyənləşdirməyib.

Stüart Levi bu gün Azərbaycandan Türkiyəyə gedib.

XS
SM
MD
LG