Accessibility links

Amnesty International: Azərbaycan toplaşma azadlığına hörmət etməlidir!


Amnesty International: Azərbaycan toplaşma azadlığına hörmət etməlidir!

Amnesty International: Azərbaycan toplaşma azadlığına hörmət etməlidir!

“Dinc piketçilərə qarşı bu basqılar Azərbaycan hökumətinin fikir ayrılığını susdurmaq cəhdlərinə son nümunədir,” deyə Amnesty International-ın Avropa və Orta Asiya Proqramının direktoru Halya Qovan bildirib.

Bu gün Amnesty International Azərbaycan rəsmilərini toplaşma azadlığına hörmət etməyə çağırıb. Hüquq müdafiəçisi olan qurumun son çağırışı Bakıda müxalifət tərəfdarlarının piket keçirmə cəhdinin polis tərəfindən dağıdılmasından sonraya təsadüf edir. Təşkilat bildirir ki, yerli media orqanlarının bildirdiyinə görə, sərbəst nümayiş keçirmək hüququ tələb edən 80-ə yaxın adam polis tərəfindən saxlanılıb. Polislər onları yolda tutaraq mikroavtobuslara doldurmuş və ərazidən kənarlaşdırmışlar. “Dinc piketçilərə qarşı bu basqılar Azərbaycan hökumətinin fikir ayrılığını susdurmaq cəhdlərinə son nümunədir,” deyə Amnesty International-ın Avropa və Orta Asiya Proqramının direktoru Halya Qovan bildirib. Onun sözlərinə görə söz və toplaşma azadlığı tələb edən insanların həbs olunması ölkədə bu hüquqlara hörmət edilmədiyini göstərir. Daxili işlər nazirliyinin mətbuat xidməti isə qanunsuz aksiya zamanı 20 nəfərin saxlanıldığını bildirib.

Beynəlxalq İnsan Haqları Cəmiyyəti Milli Komitəsinin sədri Səadət Bənənyarlı deyir ki, iki gün öncə icazəsiz piket zamanı həbs olunanların hamısı hazırda sərbəst buraxılıb: “30-a yaxın insan 8 saylı Səbayıl rayon Polis İdarəsinə aparılmışdı və hadisələrin gedişindən gördük ki, sərbəst toplaşma hüququndan istifadə etmək üçün insanlara imkan verilməyib. Sonda aparılan danışıqların nəticəsi olaraq bu insanlar kiçik cərimələrlə azadlığa buraxıldı və hal hazırda həbsdə olan insan yoxdur”.

Bilge Cankorel, ATƏT-in Bakı ofisinin rəhbəri

Bilge Cankorel, ATƏT-in Bakı ofisinin rəhbəri

ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel Amerikanın Səsinə bildirib ki, Azərbaycanın sərbəst toplaşma barədə qanunu ATƏT-in iştirakı ilə hazırlanıb. Məsələnin qanunun tətbiqi ilə bağlı olduğunu dilə gətirən cənab Cankorel bunun üçün yeni işlər aparılmalı olduğunu və bu istiqamətdə səylərin davam etdiyini bildirib.

Onun dediyinə görə, ATƏT seçki kampaniyalarına xalq və siyasi partiyaların daha aktiv qatıla bilməsini istəyir. “Kütləvi aksiyalar siyasi partiyaların xalqla münasibət qurması üçün vacibdir. Azərbaycanın “Sərbəst toplaşmaq azadlığı haqqında” qanununa ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu rəy verib və bu, gözəl bir qanundur. Bu qanunun tətbiqi üçün çalışmaq lazımdır. Bu istiqamətdə işlərimizi davam etdiririk”- deyə o qeyd edib.

Amnesty International-ın bugünkü bəyanatında aprelin 26-da Azadlıq Blokunun keçirdiyi nümayiş zamanı 7 jurnalistin də saxlanıldığını bildirir. İnsan haqları müdafiəçisi olan Səadət Bənənyarlı bunu belə izah edir ki, bəzi jurnalistlərin üzərində mətbuata məxsus ayırıcı geyimlər olmadığından bəzən jurnalistlər də saxlanılanlar arasında olur. Ancaq o, bütün hallarda belə hadisənin təəssüfedici olduğunu deyir: “Adi vətəndaş, hər hansı partiyasının üzvü olub-olmamasından asılı olmayaraq sərbəst toplamşaa cəhd göstərir və bu hüquq pozulursa, bu, pislənnməlidir”.

Amnesty International oxşar hadisənin 2 həftə öncə digər müxalifət partiyası olan Musavatın da təşkil etdiyi piketdə baş verdiyini bildirir. Qeyd edək ki, bəzi müxalifət partiyaları icazə verilməyəcəyi təqdirdə belə aksiyaları davam etdirəcəklərini bəyan ediblər.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG