Accessibility links

Ukraynada müharibə cinayətləri [Video]


Amnesty International rusiyapərəst üsyançılarla əldə olunmuş atəşkəsə baxmayaraq, Ukraynada müharibə cinayətlərinin davam etdiyinə dair dəlillərin mövcud olduğunu bildirir

İnsan haqları qrupu Amnesty International rusiyapərəst üsyançılarla əldə olunmuş atəşkəsə baxmayaraq, Ukraynada müharibə cinayətlərinin davam etdiyinə dair dəlillərin mövcud olduğunu bildirir. Tədqiqatçılar münaqişənin hər iki tərəfində 30-dan çox məhbusla müsahibə aparıblar və onların bir nəfərdən başqa hamısı işgəncəyə məruz qaldıqlarını bildiriblər.

Onlar hətta üzlərində qançır izləri ilə hakim qarşısına çıxarılırdı, amma hakimlər istintaqa başlamırdı

Məhbuslar sümükləri sınanadək döyüldüklərini, onlara elektrik şokla işgəncə verildiyini, bıçaqlandıqlarını, tavandan asıldıqlarını, günlərlə yuxudan məhrum edildiklərini və aldadıcı edamlara məruz qaldıqlarını bildiriblər.

Amnesty International Debaltsevo yaxınlığında fəaliyyət göstərən ukraynapərəst milis olan Qərb Sektoru tərəfindən əsir alınan separatçı döyüşçüdən müsahibə alıb.

“Onlar məni Slavyanska apardılar və yerdə bir çuxurun yanına oturtdular. Sonra başıma torba keçirib, başımın üstündən atəş açdılar. Güllə torbanın içindən keçdi. Ondan sonra məni çuxura atdılar, passportumu cırıb onu da yanıma çuxura atdılar. Sonra məni diri-diri basdırmağa başladılar. Üstümü torpaqla bütöv örtdülər. Mən nəfəs ala bilmirdim. Sonra isə huşumu itirdim.”

Bu ağır sınaqdan sonra keçmiş məhbus Ukrayna hökümətinin rəsmi həbsxanasına köçürülüb.

“Onlar məni döyürdülər, məndən etiraf istəyirdilər və dinc əhalinin öldürülməsi, qarət və quldurluqda iştirak etdiyim deyilən sənədləri imzalamağımı tələb edirdilər.”

Amnesty International təşkilatının əməkdaşı Coan Mariner deyir ki, hər iki tərəfdə bu cür insan haqları pozuntularına yol verənlərin müxtəlif səbəbləri var.

“Onlardan silahların gizlədildiyi yerlər, komandirlər və kəşfiyyat xarakteri daşıyan digər məlumatlar barədə ifadələr alınıb. Qərb Sektoru tərəfindən saxlanılan məhbuslar isə kredit kartlarının parollarını açıqlamaq üçün döyüldüklərini və bank hesablarının boşaldıldıqlarını deyirlər. Digərləri isə sadəcə qisas məqsədi ilə döyülüblər.”

“Ukrayna rəsmilərinin məhbuslara qarşı işgəncələri araşdırmağa könülsüz olduğu görünür”, deyə Mariner bildirir.

“Onlar hətta üzlərində qançır izləri ilə hakim qarşısına çıxarılırdı, amma hakimlər istintaqa başlamırdı.”

Amnesty International bildirir ki, rusiyapərəst separatçılar azı 8 Kiyev tərəfdarı döyüşçünü yerindəcə güllələyib. Nə separatçı qruplar, nə də Ukrayna höküməti bu ittihamları cavablandırmayıb.

Amnesty Birləşmiş Millətlər Təşkilatını müharibə məhbusları üçün bütün həbsxanaları yoxlamaq üçün Ukraynaya təcili missiyanın göndərilməsinə çağırır.

XS
SM
MD
LG