Accessibility links

Xəbər verdiyimiz kimi insan haqlarını müdafiə edən Amnesty International təşkilatı 2012-ci il Eurovision mahnı müsabiqəsinə ev sahibliyi edəcək Azərbaycanda repressiyalar barədə İnteraktiv Brifinq və Twitter kampaniyası keçirir. Twitter kampaniyası başa çatsa da, təşkilatın Azərbaycanda kampaniya koordinatoru Max Tucker (Maks Taker) bildirib ki, İnteraktiv Brifinq kampaniyası Eurovision mahnı müsabiqəsinədək davam edəcək. Amnesty International habelə bu kampaniyada Avropanın sadə insanları ilə yanaşı Eurovision müsabiqəsinin keçmiş iştirakçıların da iştirak etdiyini bildirmişdi.

Sizə bu kampaniyada Eurovision-un hansı iştirakçılarının iştirak etdiyini təqdim edirik:

NORVEÇ - 2010-cu ildə Norveçi Eurovision-da təmsil edən Didrik Solli-Tangen ictimai asayişi pozmaqda təqsirli bilinərək 1.5 il müddətinə azadlıqdan məhrum edilən müharibə veteranı və 3 uşaq atası 39 yaşlı dinc nümayişçi Babək Həsənovun azadlığa buraxılmasına çağırır.

İSLANDİYA -"1989-cu ildə İslandiyanı Eurovision mahnı müsabiqəsində təmsil etmiş Daniel Agust Haraldsson Azərbaycan hökumətini Məhəmməd Məcidlini azad etməyə və öz fikirlərini azad şəkildə ifadə etməyə çalışan insanların həbsini dayandırmağa çağırır. 38 yaşlı tarixçi "ictimai asayişi pozmaqda" təqsirli bilinərək 2 il müddətinə həbs edilib."

POLŞA - "Keçən il (2011) Eurovisionda Polşa təmsilçisi olmuş Magdalena Tul Azərbaycanı dissidentləri susdurmaq üçün Sover dövründən qalmış üsullardan istifadəyə son qoymağa və Rüfət Hacıbəylini azadlığa buraxmağa çağırır. 26 yaşlı gənc fəal Rüfət Hacıbəyli "ictimai asayişi pozmaq" maddəsi ilə 1 il yarım müddətinə azadlıqdan məhrum edilib".

ALMANİYA - Alman hip-hop qrupu Die Fantastischen Vier-in üzvü repperi Tomas D azərbaycanlıların istədiklərini deyə və oxuya bilməsi üçün şərait olmasına çağırır. O, 2011-ci il 2 aprel aksiyasında roluna görə 3 il müddətinə həbs edilən 29 yaşlı yazıçı Əhəd Əhmədlini azadlığa buraxılmasını dəstəkləyir.

BOLQARISTAN - "Bolqarıstanda dünyaya gəlmiş, lakin hazırda Londonda fəaliyyət göstərən Ladytron qrupunun üzvü Mira Aroyo repressiyalara son qoyulmasına, Zülfüqar Eyvazov və digər vicdan məhbuslarının azadlığa buraxılmasına çağırır. Siyasi baxışlarına görə həbs edilən 53 yaşlı Zülfüqar Eyvazov 1.5 il müddətinə azadlıqdan məhrum edilib."

FİNLANDİYA - 2011-ci ildə Eurovision mahnı müsabiqəsində Finlandiyanı təmsil etmiş Axel Ehnstrom Tural Abbaslını azadlıqda görmək istəyir. Qanunsuz nümayişin təşkilində təqsirli bilinən 29 yaşlı Tural Abbaslı 2.5 il müddətinə azadlıqdan məhrum edilib.

BÖYÜK BRİTANİYA - 1967-ci ildə Eurovision müsabiqəsinin qalibi olmuş Britaniyalı Sandie Show Xədicə İsmayılovanı şantaj edənlərin ədalət qarşısında cavab verməsinə çağırır.

UKRAYNA - 2010-cu il Ukraynanın Eurovision təmsilçisi Alyoşka SSRİ dağılandan sonra Ukrayna və Azərbaycanın inkişaf fərqini ifadə edir və Elnur Məcidlinin azadlığına çağırır. 22 yaşlı tələbə olan Elnur "ictimai asayişi pozmaqda" təqsirli bilinib və 2 il müddətinə azadlıqdan məhrum edilib.

AZƏRBAYCAN - Rok ifaçısı Cirttan Azərbaycanı Eurovision kimi tədbirlərin keçirmək haqqını qazanmağa və Ülvi Quliyevi sərbəst buraxmağa çağırır. 27 yaşlı Ülvi "polisə zorakı müqavimətdə" təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

HOLLANDİYA - 2001-ci ildə Eurovision təmsilçisi Michelle Courtens Arif Hacılıya şəxsi məktub göndərir və onun azadlığa qovuşmasını istədiyini deyir. 50 yaşlı cənab Hacılı da oxşar ittihamla 2 il yarım müddətinə həbs edilib.

DANİMARKA - Keçən il Eurovision iştirakçısı olmuş "A Friend in London" qrupu Azərbaycanda fikirlərini sərbəst ifadə etmək istəyən insanların həbsinə son qoyulmasına və Vidadi İsgəndərlinin azad olunmasına çağırıb. 49 yaşlı insan haqları müdafiəçisi "seçkilərə müdaxilə"də ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib.

DANİMARKA - Ölkənin digər bir Eurovision təmsilçisi (2002) Malene Mortensen Şahin Həsənlinin azadlığa qovuşmasına çağırır. "44 yaşlı biznesmen qanunsuz sursat saxlamada ittiham olunur. Polis onun cibindən güllə tapdığını iddia edir. Cibindən güllə çıxmış pencəyi polislər ona vermişdi."

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG