Accessibility links

Amnesty İnternational: Eurovision mahnı müsabiqəsi ilə əlaqəli Azərbaycanda insan hüquqları pozulur


Amnesty İnternational: Eurovision mahnı müsabiqəsi ilə əlaqəli Azərbaycanda insan hüquqları pozulur

Amnesty İnternational: Eurovision mahnı müsabiqəsi ilə əlaqəli Azərbaycanda insan hüquqları pozulur

Təşkilat hesab edir ki, gözü sanki sadə azərbaycanlıların hüquqlarından daha çox neft dollarları və enerji təhlükəsizliyinə zillənən beynəlxalq ictimaiyyət basqıları görmədən gəzir.

Amnesty International beynəlxalq hüquq müdafiə təşkilatı Bakıda keçiriləcək Eurovision-2012 mahnı müsabiqəsi və onunla əlaqədar Azərbaycan vətəndaşlarının hüquqlarının pozulması ilə bağlı hesabat yayıb.
Sənəddə deyilir ki, Azərbaycan piar-kampaniyasına milyonlar xərcləyərək, ölkəni müasir və proqressiv göstərməyə çalışır. “Lakin 20 illik müstəqillik dövründə hökumət ölkə vətəndaşları üçün əsas azadlıqların əksəriyyətini reallaşdırmağa müvəffəq olmayıb, bir halda ki, prezident Əliyevin dövründə avtoritar idarəetmənin möhkəmlənməsinə beynəlxalq ictimaiyyət tərəfindən əksərən məhəl qoyulmayıb. “İstər siyasət, istər jurnalistika, satira və ya hətta sosial şəbəkələr vasitəsilə prezidenti və aparıcı hökumət nümayəndələrini tənqid edənlər çox vaxt cəzalandırılıblar. Gözü sanki sadə azərbaycanlıların hüquqlarından daha çox neft dollarları və enerji təhlükəsizliyinə zillənən beynəlxalq ictimaiyyət bu basqıları görmədən gəzir”.
Təşkilat bildirir ki, hökumət əleyhinə dinc etirazlar cinayət məsuliyyəti ilə yekunlaşıb və aksiyalarda iştirak edənləri həbsxanalara atıblar. “Polis dinc və rəsmi icazəsi olmayan nümayişlərin dağıdılması üçün hədsiz güc tətbiq edir. İnsan hüquqlarını müdafiə edənlərə qarşı hədə-qorxulardan, eyni zamanda demokratiya və insan hüquqları sahəsində vətəndaş cəmiyyəti fəallarına qarşı inzibati tədbirlərdən istifadə olunur. Jurnalistlər döyülüb, amansız davranışa və oğurlanmaya məruz qalıb. İnternet və sosial şəbəkələr də mühasirədədir. Blogerlər və gənc fəallar saxta ittihamlarla təqiblərə və həbs cəzalarına məruz qalıb. Hazırda hökumət İnternetdən istifadənin monitorinqi imkanlarına baxır”.
Hesabatda deyilir ki, Azərbaycan hakimiyyəti xalq etirazlarının əmələ gələn əlamətlərini yatırır. “Mart-aprel etirazlarından sonra 14 nəfər həbs olunub. Amnesty International əvvəlki kimi yaz aksiyalarından sonra həbsdə saxlanan 16 vicdan məhbusu olduğunu bəyan edir”.
Amnesty İnternational hesab edir ki, müstəqil və müxalif jurnalistlər etiraz aksiyaları zamanı zorakılığın artması ilə qarşılaşır və öz işlərini yerinə yetirmək iqtidarında deyillər. Bu günə qədər jurnalistlərə basqınların effektiv araşdırılması qeydə alınmayıb və heç kim məsuliyyətə cəlb olunmayıb:
- 26 mart 2011-ci ildə müxalif “Azadlıq” qəzetinin jurnalisti Seymur Həziyev, verilən məlumatlara görə, oğurlanıb və 6 nəfər maskalı şəxs tərəfindən döyülüb.
- 2 aprel 2011-ci ildə hökumət əleyhinə etiraz aksiyalarını işıqlandıran bir neçə jurnalist saxlanıb.
- 3 aprel 2011-ci ildə “Azadlıq” qəzetinin digər bir jurnalisti - Ramin Deko oğurlanıb və ölkə prezidenti haqqında tənqidi məqalələr yazmamaq barədə xəbərdarlıq olunub.
Hesabata görə, şəhər hakimiyyəti insanların rahatlığını və kommersiya təşkilatlarının fəaliyyətini pozmaq bəhanəsi ilə Bakının mərkəzində ictimai tədbirləri rəsmən qadağan edir. İcazəsiz aksiyaların iştirakçıları polis tərəfindən saxlanılır və inzibati qaydada həbs olunurlar. “Demokratik islahatlar və insan hüquqları sahəsində işləyən QHT-lər təzyiq və təqiblərlə qarşılaşır, onların qeydiyyatından çox vaxt imtina olunur və ya əsassız olaraq bağlanılır. Milli Demokratiya İnstitutunun və İnsan Hüquqları Evinin Bakı nümayəndəlikləri müvafiq olaraq martın 7-də və 10-da qeydiyyat tələblərinə riayət etmədikləri bəhanəsi ilə bağlanıb. Avqustun 11-də Sülh və Demokratiya İnstitutu Bakının mərkəzində insanların zorla köçürülməsinə və binaların sökülməsinə görə hökuməti tənqid etdiyi üçün bu QHT-nin ofisi sökülüb”.
Hesabatda bildirilir ki, Azərbaycanda işgəncə və amansız davranış narahatlıq üçün əsas olaraq qalır. 2011-ci ilin mart və aprel aylarında etiraz aksiyaları zamanı və aksiyalardan sonra saxlanılmış bir neçə fəal həbs zamanı, daha sonra polisdə saxlanılarkən amansız işgəncələrə məruz qalıb. “İndiyədək bu ittihamlardan heç birisi araşdırılmayıb”.
Rəsmi Bakı bir qayda olaraq beynəlxalq və yerli hüquq müdafiə təşkilatların tənqidi hesabatlarını təkzib edir. Azərbaycana konstitusiya ilə vətəndaşların hüquq və azadlıqlarına qarantiya verildiyi bildirlir. Dövlət rəsmləri tez-tez prezidentin demokratiyanın dərinləşdirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində imzaladığı sənədlərə istinad edir.
Prezident Administrasiyasının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov Trend Agentliyinə "Eurovision 2012" mahnı müsabiqəsi ilə bağlı evlərin sökülməsinə dair xəbərləri təkzib edib.
"57-ci "Eurovision" mahnı müsabiqəsi çərçivəsində Bakıda heç bir ev sökülməyib, nə hansısa insanların obyekti sökülməyib, nə də bununla bağlı köçürmə həyata keçirilməyib".
Cənab Həsənov bildirib ki, Bakı şəhərində həyata keçirilən söküntülər, infrastrukturların yeniləşdirilməsi, yeni yollar, su, qaz layihələrinin əksəriyyəti Bakı şəhərinin baş planına müvafiq şəkildə, qanunlar çərçivəsində, əvvəlcədən müəyyən olunmuş marşrutlar üzrə və həmin marşrutlara düşən evlərə görə insanlara kompensasiyaların ödənilməsi vasitəsilə həyata keçirilir. Bunun nə "Eurovision"a, nə də "Eurovision"un keçiriləcəyi yerin abadlaşdırılmasına aidiyyəti var. "Bunu etmək istəyənlər bu aksiyanı siyasiləşdirirlər, Azərbaycana "Eurovision" mahnı müsabiqəsindən istifadə edib təzyiq göstərmək istəyirlər, bəzi dairələr özlərinin bu və ya digər ambisiyalarını, o cümlədən Azərbaycan dövlətinə, onun enerji və digər sahələrdə həyata keçirdiyi siyasətə təzyiq, təsir vasitəsi kimi istifadə etmək sahəsindəki ambisiyalarını "Eurovision"a bağlamaq istəyirlər. Biz bunu birmənalı şəkildə pisləyirik. Biz Avropa musiqi müsabiqəsini layiqli səviyyədə keçirəcəyik və bunun da Azərbaycanda nə hansısa söküntüyə, nə Bakı şəhərinin abadlaşdırılmasına, nə də digər layihələrə heç bir aidiyyəti yoxdur", - deyə o qeyd edib.

Mövzuya uyğun

XS
SM
MD
LG