Accessibility links

Amnesty International Təbrizli hüquq müdafiəçisinin azadlığını tələb edir


Səid Şirzad

Səid Şirzad

Uşaq haqları müdafiəçisi Səid Şirzad 4 aydır nəzarətdə saxlanılır

Amnesty International 4 aydır Tehranın Evin həbsxanasında nəzarətdə saxlanılan təbrizli hüquq müdafiəçisi və uşaq haqları fəalı Səid Şirzad haqqında bəyanat yayaraq onu vicdan məhbusu adlandırıb və qeyd-şərtsiz azad edilməsini tələb edib.

Beynəlxalq qurumun bəyanatında yazılanlara görə, Səid Şirzad ötən iyun ayının 2-də Təbrizdəki iş yerində İranın təhlükəsizlik qüvvələri tərəfindən tutulub və daha sonra Tehranın Evin həbsxanasına göndərilib.

Hüquq müdafiəçisi Səid Şirzad siyasi məhbuslar və onların ailələri ilə təmas qurmaq, habelə Birləşmiş Millətlər Təşkilatının İranda insan haqları üzrə xüsusi nümayəndəsinin ofisi ilə əməkdaşlıq etməkdə günahlandırılıb. O, bir vicdan məhbusudur və sadəcə insan haqları üzrə apardığı dinc fəaliyyətlər üzündən nəzarət altına alınıb.

Təbrizli fəalın insan haqlarına dair dinc fəaliyyətləri səbəbilə həbs edildiyini vurğulayan Amnesty International onun vəkillə təmin olunmadığını önə çəkib.

“Hüquq müdafiəçisi Səid Şirzad siyasi məhbuslar və onların ailələri ilə təmas qurmaq, habelə Birləşmiş Millətlər Təşkilatının İranda insan haqları üzrə xüsusi nümayəndəsinin ofisi ilə əməkdaşlıq etməkdə günahlandırılıb. O, bir vicdan məhbusudur və sadəcə insan haqları üzrə apardığı dinc fəaliyyətlər səbəbilə nəzarət altına alınıb,” deyə sənəddə qeyd edilib.

Təcili tədbir görülməsinə çağıran bəyanatda təbrizli fəal küçələrdə yaşayan və işləyən uşaqları müdafiə cəmiyyətinin fəal üzvü kimi təqdim edilib.

Səid Şirzad keçmişdə də həbs və mühakiməyə məruz qalıb. O, 2012-ci ilin avqustunda İran Azərbaycanının Qaradağ bölgəsində baş verən faciəvi zəlzələdən sonra əhaliyə yardım aparmaq məqsədi ilə bölgəyə getdiyi zaman bir neçə digər fəalla bərabər həbs edilərək 19 gün nəzarətdə saxlanmışdı.

Hüquq müdafiəçisi daha sonra mühakimə edilərək bir il şərti həbsə məhkum olub.

Amnesty International insan haqları fəallarını Səid Şirzadın durumu ilə bağlı İran rəsmilərinə məktub yazaraq onun dərhal və qeyd-şərtsiz azadlığını tələb etməyə çağırır.

XS
SM
MD
LG