Accessibility links

Amnesty İnternational: Hakimiyyət tənqid istəmirsə təzyiqlərə son qoymalı, həbsdəkiləri azad etməlidir


Amnesty İnternational-Baku2015

Amnesty İnternational-Baku2015

Azərbaycan Avropa Oyunları haqda müsbət iz buraxmaq istəyirsə ədalətsiz olaraq həbs edilənləri, hökuməti tənqid edənləri dərhal və şərtsiz azadlığa buraxmalıdır. Bu barədə Amnesty International təşkilatının bəyanatında deyilir.

Oyunlar ərəfəsində insan hüquqlarının pozulması jurnalistlər, hüquqşünaslar, gənc fəallar və müxalifətçi siyasətçilərdən yan keçməyib. Onlar təqib edilib, qorxudulub, uydurma ittihamlarla həbs olunublar.

“Hakimiyyət Oyunlar ətrafında tənqidsiz mühit yaratmağa kobud cəhdlər edib, xarici jurnalistlərin və hüquq-müdafiə təşkilatlarının bir hissəsi ölkəyə buraxılmayıb”, - Amnesty International-ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev bildirib.

“Lakin beynəlxalq KİV hər şeyi işıqlandıraraq bütün dünyaya göstərdi ki, ölkədə biabırçılıqlar var, lakin bunu ört-basdır etməyə çalışırlar”.

Oyunların açılış mərasimindən iki gün öncə -iyunun 10-da Amnesty International missiyasının öz yeni hesabatının açıqlamaq üçün ölkəyə girişi qadağan edildi. Növbəti gün bəlli oldu ki,The Guardian, Radio France International və Almaniyanın ARD kanalının jurnalistləri də ölkəyə buraxılmayıblar.

Azərbaycanda insan hüquqlarının pozulmasının KİV-də geniş işıqlandırılmasına baxmayaraq, bu dəyərlərə əməl olunmasına məsul olan orqan Beynəlxalq Olimpiya Komitəsi susdu.

Avropa Olimpiya komitələri və Oyunlarda iştirak edən milli komitələrin əksəriyyəti repressiyaları pisləmədi.

Yalnız Almaniya və İsveç Olimpiya komitələri Azərbaycanda insan hüquqlarının hakimiyyət tərəfindən pozulduğunu açıq bəyan etdilər.

Bu həftə iki mühüm hökumətlərarası orqan Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti pisləyib. İkinci gün AŞPA qətnamə qəbul edərək həbsdə olan fəalların buraxılmasını tələb edib.

Sonra BMT İnsan Hüquqları Şurası 24 Avropa dövləti və ABŞ-ın adından bəyanatla çıxış edərək Azərbaycanda hüquq və azadlıqların məhdudlaşdırılmasından narazılığını ifadə edib, repressiyalara son qoyulmasına çağırıb.

Əgər hakimiyyət gələcəkdə tənqid eşitmək istəmirsə müstəqil QHT-lərə təzyiqlərə son qoymalı, ifadə azadlığını təmin etməli, saxta ittihamlarla həbs olunan tənqidçiləri dərhal və qeyd-şərtsiz azad etməlidir.

XS
SM
MD
LG